AZE | RUS | ENG |

Azərbaycan Avropanın cənubunun qazla təminatında həlledici rola sahib olacaq

Azərbaycan Avropanın cənubunun qazla təminatında həlledici rola sahib olacaq
Tahir Mirkişili hesab edir ki, Cənub Qaz Dəhlizi layihəsi regionda əməkdaşlığın yeni bir formatını yaradır

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan dünya arenasında inkişafına şərait yaradacaq uğurlu layihədir. Layihə Xəzərdəki qaz ehtiyatlarının ilk dəfə birbaşa olaraq Avropa bazarlarına çıxışını təmin edəcək. Layihənin əsas məqsədi Avropaya qaz ixracının təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Prezident İlham Əliyev çıxışlarının birində "Cənub Qaz Dəhlizi”ni enerji təhlükəsizliyi layihəsi kimi qiymətləndirərək ölkə iqtisadiyyatının şaxələnməsinə kömək edən enerji strategiyasının elementlərindən biri olduğunu bildirib. Qeyd edək ki, ilk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizinin həm Azərbaycan, həm də layihədə iştirak edən digər ölkələr üçün əhəmiyyəti, növbəti mərhələdə vəd etdiyi mənfəətlər haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili ilə həmsöhbət olduq.
 
- Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini necə icah edərdiniz?
- Cənub Qaz Dəhlizi layihəsi hazırda dünyanın ən iri qaz ixracı layihələrindəndir. Eyni zamanda, nəzərə alsaq ki, bu layihənin başlanğıcı olan Xəzər dənizində yerləşən "Şahdəniz-2” dünyanın ən böyük qaz yataqlarından biridir. Bu, həm tarixi hadisə, həm də son dövrlərin ən geniş infrastruktur layihəsidir. Bu layihənin ölkəmizin enerji siyasətinin şaxələnməsinin ən bariz nümunəsi və ən son nailiyyətlərindən biri olması Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bununla Azərbaycan öz qazını birbaşa olaraq Avropa istehlakçılarına çatdırmaq imkanı əldə edir. Bu da gələcəkdə həm neft-qaz sektorunun, həm də bu sahədən əldə edəcəyimiz gəlirlərin hesabına qeyri-neft sektorunun inkişafına şərait yaradır. Həmçinin, bu sahədə uzunmüddətli sabitliyin əldə olunmasına kömək edir. Eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsi regionda əməkdaşlığın yeni bir formasıdır. Çünki bu layihə 7 ölkəni və 11 şirkəti birləşdirir. Bu layihə istehsalçı, tranzit və istehlakçıları sanki bir zəncirin həlqələri kimi bir yerə toplayır. Bu da dünyada az-az görünən əməkdaşlıq formalarındandır. Digər tərəfdən baxsaq, layihənin hər bir iştirakçısı Azərbaycanın yaxın strateji tərəfdaşıdır. Layihənin iştirakçısı olan ölkələrin Azərbaycanla iqtisadi-siyasi əlaqələri var. Bununla yanaşı, vurğulamaq lazımdır ki, layihənin həyata keçməsi ilə Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıq strateji mərhələyə yüksəlir. Bu da beynəlxalq aləmdə Azərbaycana olan inamın artmasına, dövlət müstəqilliyinin güclənməsinə səbəb olur. 
 
 - Azərbaycan bu layihədə hansı dividentləri qazanacaq?
- Bildiyiniz kimi, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,3-2,4 trilyon kubmetrə çatır. Eyni zamanda, "Şahdəniz-2” layihəsinin də ehtiyatları 1,4 trilyon kubmetr təşkil edir. İlkin olaraq qaz dəhlizi vasitəsilə 16 milyard kubmetr qazın ixracı nəzərdə tutulur ki, bunun 6 milyardı Türkiyə, 10 milyardı isə Avropa İttifaqı ölkələri üçün nəzərdə tutulub. Layihə elə planlaşdırılıb ki, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfədən çox artırmaq mümkündür. Çünki birinci mərhələ üçün 10 milyard kubmetr, sonuncu mərhələ üçün isə 30 milyard kub qaz ixracı nəzərdə tutulur. Bu da bütövlükdə Türkiyə və Avropa Birliyi üçün kifayət qədər həlledici təsirə malik olan həcmdir. Cənub Qaz Dəhlizi layihəsi əsasən Avropa İttifaqının cənub və cənub-şərq ölkələrini qazla təmin etmək üçün xüsusi əhəmiyyətə sahib olacaq. O zaman demək olar ki, Azərbaycanın qazı Avropanın cənub və cənub-şərq ölkələrinin qazla təmin olunmasında həlledici rola sahib olacaqdır. Çünki hazırda Avropa Birliyində qazla təminatın ən aşağı səviyyəsi bu ölkələrdədir. Nəzərə alsaq ki, Avropa Birliyində ümumilikdə qazla təminat təxminən 50 faiz həcmindədirsə, cənub və cənub-şərqi Avropa ölkələrində ümumiyyətlə yox səviyyəsində deyiləcək qədər aşağıdır. Məsələn, Bolqarıstanda bu rəqəm 2 faizdir, Monteneqroda ümumiyyətlə qaz təchizatı şəbəkəsi mövcud deyil. Hazırda cənub və cənub-şərqi Avropa ölkələrində qaza olan tələbat 30 milyard kubmetr ətrafındadır. 2025-ci ildə bu tələbat 44 milyarda çatacaq. Azərbaycan yataqlarının, qaz ixrac edən boru kəmərlərinin ixrac həcmi buna imkan verir ki, ölkəmiz bu layihədən kifayət qədər iqtisadi gəlir əldə etsin. Hesablamalara görə, Azərbaycanın layihədən əldə edəcəyi gəlirlərin həcmi 100 milyard dollardan çoxdur. Bizimlə yanaşı, tranzit ölkələri də bu layihədən kifayət qədər böyük vəsait əldə edəcəklər. Məsələn, Yunanıstan hökumətinin hesablamalarına görə, 2019-cu ildən etibarən növbəti 50 ildə TAP layihəsinin həyata keçirilməsi ilə ölkənin əldə edəcəyi gəlir 35 milyard avro həcmindədir. Bu da onu göstərir ki, layihə nəticəsində nəinki Azərbaycan, həm də digər ölkələr iqtisadi cəhətdən böyük dividentlər əldə edir. Layihənin unikallığı da ondan ibarətdir ki, burada həm ixrac edən ölkə, yəni Azərbaycan, həm də tranzit edən ölkələr - Türkiyə, Yunanıstan, Albaniya, Gürcüstan iqtisadi mənfəət qazanır. Həmçinin də Azərbaycan qazının rəqabət qabiliyyəti artır, alıcıların da yeni və rəqabət qabiliyyətli qazla təchiz olunmasına imkan yaranır. 

- Bəs Avropanın bu layihədən qazancı nədir?
- Avropa Birliyinin cənub və cənub-şərq hissəsi enerji ilə ən az təmin olunan və eyni zamanda enerjinin ən çirkli növündən istifadə edən bölgədir. Çünki burda əsasən kömürdən istifadə olunur və bu ölkələrə qaz kifayət qədər yüksək qiymətlə ixrac olunur. Məsələn, bu bölgənin qaz alış qiyməti orta hesabla 500 avrodur. Bu da Avropa İttifaqının cənub bölgəsinin inkişafı, eyni zamanda orada istehsal olunan məhsulun rəqabət qabiliyyəti üçün böyük maneələr yaradır. Bu baxımdan təbii ki, layihənin Avropa üçün də iqtisadi əhəmiyyət göz qabağındadır. Avropa Komissiyasının verdiyi qərara görə, ittifaqa daxil olan hər bir ölkə ən azı 3 mənbədən enerji idxal etmək imkanına sahib olmalıdır. Bu, Avropa İttifaqının enerji təhlükəsizliyinin əsas sütunudur. Bütün bunları nəzərə alaraq demək olar ki, Avropa İttifaqının Azərbaycan qazını alması Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Bu, eyni zamanda Avropa İttifaqı ilə ölkəmiz arasındakı əməkdaşlığın yeni strateji forma almasına səbəb olur. Layihə ümumilikdə Xəzər regionu ilə Avropa Birliyi arasındakı əməkdaşlığın daha sıx və möhkəm mərhələyə qədəm qoymasına şərait yaradır. Avropa İttifaqının Xəzərin karbohidrogen ehtiyatlarından birbaşa istifadə etmək imkanına sahib olması ittifaqının gələcəkdə iqtisadi-siyasi cəhətdən inkişafı üçün çox mühüm və həlledici rola malikdir. Avropa İttifaqının rəhbərləri də çıxışlarında və bəyanatlarında bunu dəfələrlə qeyd edirlər. Layihəni ən aktiv dəstəkləyən qurumlardan birinin məhz Avropa İttifaqının olması da təsadüfi deyil. Bu, layihənin həm də onların maraqlarına xidmət etməyinin ən bariz nümunəsidir.

- Layihənin vəd etdiyi iqtisadi mənfəət hansı illərdə nə qədər proqnozlaşdırılır?
- Hələ ki illərə doğru hesablanma yoxdur. Çünki indiki mərhələdə Azərbaycan ixrac olunan qazın 25 illik satışı ilə bağlı sənədlər imzalanıb. Yəni ixrac olunan qaz 25 illik satılıb. Təbii ki, burada tranzit və kreditlə bağlı müəyyən xərclər nəzərə alınmalıdır. Xəzərdə ölkəmizin "Şahdəniz-2” dən başqa "Abşeron” qaz yatağı var. Həmçinin, yeni qaz yataqları da kəşf oluna bilər. İxrac olunacaq qazın həcmindən asılı olaraq əldə etdiyimiz iqtisadi mənfəət də artan xətt üzrə dəyişəcək.
 
- Bəziləri iddia edir ki, bu layihə Azərbaycanın qaz ehtiyatları fonunda çox böyük maliyyə tutumludur və qazdan əldə edəcəyimiz gəlir layihənin maliyyələşdirilməsi üçün götürülən kreditlərin qaytarılmasına sərf olunacaq?
- Təbii ki, əldə edilən gəlirin bir hissəsi kreditlərin ödənilməsinə sərf oluna bilər. Amma bu ödənişdən sonra da Azərbaycanın kifayət qədər gəlir əldə etməsi proqnozlaşdırılır. Nəzərə alsaq ki, Azərbaycanın qaz ehtiyatları kifayət çoxdur. Yəni qeyd edilən rəqəmlər 2.3 - 2.5 trilyon kubmetrdirsə, proqnozlara görə 4.5 trilyon kubmetrdir. Bu həcm kifayət edir ki, boru xətlərini uzun illər ərzində yalnız və yalnız Azərbaycan qazı ilə doldurub Türkiyəyə və digər ölkələrə ixrac etmək mümkün olsun. Ona görə bu yanaşmalar heç bir iqtisadi hesablamalara söykənmir. Qeyd etdiyim rəqəmlər Azərbaycan qazının birbaşa Avropaya ixracında mühüm rol oyanacaqdır.

- Gələcəkdə Türkmənistan qazının bu kəmərlə nəqli perspektivlərinə necə baxırsınız?
- Nəzəri cəhətdən götürsək həm İran, həm türkmən qazının bu layihə ilə nəql imkanları var. Çünki bu günə kimi İran qaz ehtiyatlarına görə dünyada birinci ölkədir. Türkmənistan da aşkarlanmış qaz ehtiyatlarına görə əsas yerlərdən birini tutur. Amma ümumilikdə bu gün iqtisadi və texniki cəhətdən bu məsələ ilə bağlı perspektivlər var. Avropa İttifaqının bəyanatlarda da Transxəzər xəttinin çəkilməsi ilə bu işin reallaşacağı proqnozlaşdırılır. Ümumilikdə düşünürəm ki, qaz ixrac etmək üçün Azərbaycanın özünün kifayət qədər ehtiyatları var. Yəni başqa bir ölkənin qazı olmadan da ölkəmiz təkbaşına bunun öhdəsindən gəlmək gücünə sahibdir. Amma gələcəkdə başqa bir ölkə üçün belə bir şəraitin yaradılması mümkündür.
 
Günel Azadə
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000