AZE | RUS | ENG |

Azərbaycan Avropada mövqelərini möhkəmləndirir

Azərbaycan Avropada mövqelərini möhkəmləndirir
Qaz tədarükçüsü olmaqla yanaşı, erməni təxribatlarının qarşısını alır

Azərbaycanın Serbiyadakı səfirliyinin müşaviri Mahir Cəfərovun Trend-ə müsahibəsi

- Bu günlərdə Monteneqro Azərbaycanda diplomatik nümayəndəliyini açacağını bəyan etmişdir. Buna Sizin münasibətinizi bilmək istərdik.
- Bakı şəhərində nümayəndəliyin açılması ilə bağlı qərar ötən ilin dekabr ayında Monteneqronun Baş naziri Duşko Markoviçin sədrliyi ilə keçirilən hökumətin 103-cü sessiyasında qəbul edilmişdir. Avropa ölkəsi kimi, Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin açılmasının mühüm əhəmiyyətini vurğulamaqla yanaşı, qeyd etmək istəyirəm ki, bu hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi və Avropa məkanında ölkəmizin yüksək önəm daşıdığının bir daha təsdiqidir.

- Serbiyanın TAP layihəsinə qoşulması perspektivləri barəsində nə düşünürsünüz?
- Serbiya, Monteneqro və Bosniya və Herseqovina Avropa İttifaqına üzvlüyə namizəd ölkələr kimi, təşkilatın enerji mənbələrinin diversifikasiyası ilə bağlı qoyduğu tələblərin və götürülən öhdəliklərin yerinə yetirilməsinə məsuldurlar. Bu tələblər isə öz növbəsində qeyd edilən ölkələr üçün TAP vasitəsi ilə Azərbaycan qazını almaq perspektivlərini yaradır. 2020-ci ildə Azərbaycan qazının Yunanıstan və Bolqarıstana nəqli nəzərdə tutulur. Bununla yanaşı, Serbiya ilə Bolqarıstan arasında qaz boru xəttinin inşasına dair iki ölkə arasında Anlaşma Memorandumu da imzalanmışdır. Balkan ölkələri ilə Azərbaycan qazının nəqli üzrə Azərbaycan Hökumətinin və Xarici İşlər Nazirliyinin təlimatları əsas götürülərək fəal müzakirələr aparılır, Monteneqro, həmçinin Bosniya və Herseqovinada olduğu kimi, Serbiya tərəfinin də Azərbaycanla bu istiqamətdə əməkdaşlığa və danışıqlara başlayacağına ümid edirəm.

- Bölgədə yaşayan həmvətənlərimiz, xüsusi ilə gənclərimizlə Səfirlik arasında əlaqələr necə tənzimlənir?
- Səfirliyimiz Serbiyada, o cümlədən Qərbi Balkan regionunda yaşayan bütün azərbaycanlılarla əlaqələrin qurulması, onların Səfirlik tərəfindən həyata keçirilən tədbirlərə cəlb edilməsi və eyni zamanda Azərbaycanda baş verən hadisələrlə bağlı davamlı olaraq ətraflı məlumatların həmvətənlərimizə çatdırılmasını daima diqqət mərkəzində saxlayır. Onu da qeyd etmək lazımdır ki, bu ölkələrdə təhsil alan tələbələrimiz, çalışan, yaşayan həmvətənlərimizlə birbaşa, sıx təmaslar yaradılaraq, onların hər biri ilə fərdi şəkildə maraqlanırıq, təhsil, iş və yaşayış şəraiti ilə yerində tanış oluruq, mövcud imkanlar çərçivəsində öz dəstəyimizi göstəririk. Gördüyümüz və görəcəyimiz bütün işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər bir azərbaycanlıya qayğı və diqqət göstərilməsi ilə bağlı xaricdə fəaliyyət göstərən səfirlik və nümayəndəliklərimiz qarşısında qoyduğu vəzifə və tapşırıqlara əsaslanır.

- Son zamanlar ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ rejiminin Avropada fəaliyyətinin aktivləşməsinə dair məlumatlara daha tez-tez rast gəlinir. Təmsil etdiyiniz Səfirlik də Serbiyada belə təxribatlarla üzləşirmi?
- Çox təəssüf ki, bu cür təxribatlardan heç kim sığortalanmayıb və bu qondarma rejimin Avropa məkanında öz fəaliyyətini aktivləşdirdiyini müşahidə edirik. Serbiyada burada bir istisna təşkil etmir və mən bu yaxınlarda baş vermiş bir hadisəyə diqqətinizi cəlb etmək istəyirəm. 2018-ci ilin iyun ayında Nikola Tesla adına Belqrad hava limanındakı "Duty Free" mağazasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən istehsal olunan və bu rejimin adına uyğun olaraq dırnaqarası "artsakh" brendi ilə şərab, konyak, araq və digər spirtli içki məhsullarının "Armenian flavours" adlı ayrıca guşədə satışa çıxarıldığı Azərbaycanın Serbiyadaki Səfirliyi tərəfindən aşkar olunmuşdur. Serbiyanın müvafiq dövlət orqanlarına müraciət olunaraq, Azərbaycan Respublikası Hökumətinin işğal altında olan tarixi ərazilərinə Ermənistan tərəfindən qondarma adlar verilərək həmin ərazilərdə istehsal olunan məhsulların xarici ölkələrdə təqdim edilməsinə, onların satışa çıxarılmasına qətiyyətlə qarşı olduğu və bu kimi faktların onun ərazi bütövlüyü və suverenliyini təhdid etdiyi bildirilmişdir. 21 may 2018-ci il tarixində Azərbaycan Respublikası və Serbiya Respublikası Prezidentləri tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı"nda "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində istehsal olunan və ya Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən daxil olmuş resursları istifadə etməklə istehsal olunan məhsul və xidmətlərin Serbiya bazarında idxal-ixracına, satışı və realizə edilməsinə icazə verməyəcək, həmçinin yuxarıda göstərilən mənşə yerindən olan məhsul və xidmətlərin reklam və marketinqi ilə bağlı hər hansı fəaliyyətdən çəkinəcəklər" bəndinin qarşılıqlı qaydada təsbit olunduğu diqqətə çatdırılmışdır. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində, məhz qeyd etdiyimiz müddəalara əsaslanaraq sözügedən məhsulların Belqrad hava limanındakı "Duty Free" mağazasında və bütövlükdə Serbiyada satışı qadağan edilmiş, məhsullar satış rəflərindən birdəfəlik yığışdırılmışdır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.927
GEL 1 1 Gürcüstan larisi 0.6404
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2148
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6979
KWD 1 1 Küveyt dinarı 5.6001
TRY 1 1 Türkiyə lirəsi 0.3195