• çərşənbə, 17 Aprel, 00:03
  • Baku Bakı 14°C

Azərbaycan Avropa Oyunlarına öz damğasını vurub

01.07.15 10:35 1649
Azərbaycan Avropa Oyunlarına öz damğasını vurub
Azər Həsrət: “Bu yarışların ikincisini keçirmək istəyən ölkənin işinin xeyli çətin olacağını indidən proqnozlaşdırmaq olar”
Bütün dünyanın diqqət mərkəzində olan və 17 gün davam edən I Avropa Oyunları iyunun 28-də sona çatdı. Bununla da Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi ilə yadda qaldı. Bununla bağlı “Kaspi”nin suallarını Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət cavablandırır.
- Azər bəy, 17 gün davam edən elit idman tədbiri Sizdə hansı təəssüratlarla yadda qaldı?

- Təəssüratım çox yüksəkdir. İnanılmaz dərəcədə yaddaqalan bir idman bayramı oldu. İstər açılış, istər oyunların özləri, istərsə də qapanış tədbiri ilk Avropa Oyunlarına elə bir damğa vurdu ki, artıq bu oyunların ikincisini keçirmək istəyən ölkənin işinin xeyli çətin olacağını indidən proqnozlaşdırmaq olar. Azərbaycan çox yüksək səviyyəli bir model yaratmış oldu bu oyunlarla.
- Sözsüz ki, beynəlxalq əhəmiyyətli istənilən tədbirə ev sahibliyi etmək böyük məsuliyyət, təşkilatçılıq bacarığı tələb edir. Azərbaycan bu məsuliyyətin öhdəsindən necə gəldi?
- Açığı, oyunlardan öncə bizdə də bir qədər narahatlıq vardı ki, işimiz çətin olmayacaq ki? Amma oyunların təşkilati işlərinə başçılıq edən ölkənin birinci xanımı Mehriban Əliyeva və komandası, eyni zamanda bütün proseslərdə iştirak edən cənab Prezident İlham Əliyev, eləcə də gənclər və idman naziri Azad Rəhimov və komandası, çoxminli könüllülər ordusu və uyğun xidmətlər o qədər dəqiq və məsuliyyətli işlədilər ki, açığı, problem gözləyən bəzi dairələr bu oyunlardan sonra ciddi ruh düşkünlüyü yaşamalı oldular. İddia edə bilərəm ki, bu oyunların təşkili və həyata keçirilməsi heç bir qüsursuz, ən yüksək səviyyədə həyata keçirildi. Bu isə o deməkdir ki, işin məsuliyyətini üzərinə götürmüş birinci xanım özünün ən yaxşı təşkilatçı olduğunu bir daha sübut etdi. Hərçənd onun bunu sübut etməsinə ehtiyac olmasa da.
- I Avropa Oyunları kimi beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etmək geniş təbliğat aparmaq, ölkə reallıqlarını dünyaya nümayiş etdirmək üçün də yaxşı fürsətdir. Azərbaycan bu fürsətdən necə yararlandı?
- Doğrudan da belə böyük həcmli tədbirlər bir ölkənin dünyada yaxşı yöndən tanıdılması üçün gözəl fürsətdir. Azərbaycan sözün həqiqi mənasında bu fürsətdən yaxşı yararlana bildi. Biz dünyaya mesaj verdik ki, ordumuz da, iqtisadiyyatımız da, cəmiyyətimiz də ən yüksək səviyyədə olsa belə, dostluq və sülh yolunu üstün tutmağı bacarırıq. Biz bir növ gücümüzü nümayiş etdirdik, amma dinc yolla. Düzdür, az sayda da olsa bəzi dairələr bundan narahat oldular. Amma oyunların təmtərağı onların mənfur niyyətlərini elə kölgədə qoydu ki, artıq sonda susmalı oldular. Eyni zamanda, biz dünyaya və Avropaya göstərdik ki, güclüyük, amma gücümüzü dinc məqsədlərə yönəltməyə üstünlük veririk. İndi Avropa insanı, siyasi dairələri anlasın ki, özünün yüksək mədəniyyəti ilə, iqtisadi gücüylə, sabit dövlətçiliyi ilə fərqlənən bir Azərbaycan var qarşısında. Kimsə anlamaq istəməyəcəksə, öz işləridir.
- Sizcə, beynəlxalq idman tədbiri Azərbaycana və Avropaya nə verdi?
- Azərbaycana əlbəttə ki, özünü bir daha yaxşı tərəfdən tanıtmaq imkanı verdi. Digər tərəfdən, Azərbaycan ictimai rəyində sağlam həyat tərzinin populyarlaşdırılmasına səbəb oldu. Məndə olan məlumatlara görə, artıq ölkənin müxtəlif yerlərində yeniyetmələr və gənclərin idman təşkilatlarına müraciətləri məhz bu günlər ərzində 2 dəfə artıb. Bu o deməkdir ki, yetişməkdə olan nəsil pis vərdişlərə qurban getməyəcək, idman və sağlamlıq yolunu tutacaq. Daha bir faydalı məsələ də odur ki, Azərbaycan çox nəhəng bir idman ifrastrukturuna sahib oldu. Oyunlar bitdi, amma həmin infrastruktur gələcək tədbirlər üçün istifadəyə yararlı şəkildə Azərbaycana qaldı. Təbii ki, ölkədə ümumi ictimai rəyin bir daha yoxlanılmasını da bura əlavə edə bilərik. Bu oyunlar göstərdi ki, Azərbaycan xalqı və hakimiyyəti birdir, kimlərinsə arzu etdiyi xaos üçün burda əsaslar yoxdur. Avropaya gəlincə, onlar təbiidir ki, hər şeydən öncə yeni müstəqil dövlət olan Azərbaycanı daha yaxından tanımaq imkanı qazandılar. Ölkəmiz haqqında geridə qalmış Şərq ölkəsi təsəvvüründə olanlar buraya gəldikdən sonra tamam başqa bir mühit gördülər. Üstəlik, bir çox Avropa telekanalları, qəzetləri ölkəmizdən gündəlik idman xəbərləri yaymaqla Avropa insanına xoş anlar bəxş etmiş oldular.
- Oyunlardan əvvəl və yarışlar müddətində xarici ölkələrdəki bəzi media qurumlarında Azərbaycan əleyhinə kampaniya xarakterli təbliğat aparmaq, idman tədbirinin əhəmiyyətini azaltmaq cəhdləri də oldu. Media eksperti kimi belə halları necə qiymətləndirirsiniz? Bu vəziyyət nədən qaynaqlanırdı?
- Belə hallar oldu. Özü də oyunlar başlamazdan öncə bir qədər intensiv şəkildə. Açılışdan sonra da bir neçə gün ərzində belə cəhdlər davam etdi. Amma sonra görəndə ki, qarayaxma kampaniyası əks effekt verir, o qüvvələr dayanmalı oldular. Yəni bu oyunlardan istifadə edib qara qüvvələri üzərimizə yönəltmək istəyənlərin planları ciddi şəkildə pozuldu. Nəticədə isə artıq oyunların qapanış günündə onlar ümumiyyətlə, susdular. Vəziyyətin nədən qaynaqlanmasına gəlincə, bilirsiniz ki, Azərbaycan gənc olsa da iddialı dövlətdir və bu da bir sıra dövlətləri, mərkəzləri qıcıqlandırır. Digər tərəfdən, həmin dairələr Azərbaycanla diktə dilində danışmaq istəyirlər. Amma unudurlar ki, bizim ölkəmiz, misal üçün, Ermənistan kimi vassal dövlət deyil. Onları qıcıqlandıran da məhz budur.
- I Avropa Oyunları müddətində biz onu da müşahidə etdik ki, “Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, “Meydan TV” kimi media qurumları Azərbaycana, həmçinin də idman yarışlarının gedişinə hər hansı mənəvi dəstək vermədilər. Əksinə, xarici dairələrin təsiri altına düşərək, sifarişli şəkildə Azərbaycan əleyhinə hazırlanan materialları ictimailəşdirdilər, qarayaxma kampaniyasının bir hissəsinə çevrildilər. Yerli medianın bu cür davranışı nə dərəcədə düzgündür və etik çərçivəyə, jurnalistika prinsiplərinə uyğundurmu?
- Bu suala geniş cavab da vermək olardı. Amma düşünürəm ki, o adını çəkdikləriniz buna layiq deyillər. Sadəcə, qısa deyim ki, onların hamısı birlikdə həmin günlərdə ala qarğa kimi görünürdülər. Bunlar xarabalıq bayquşları, gözəlliklər içində zibillik axtaranlardır ki, axtardıqlarını tapa bilmədikləri üçün indinin özündə belə, əsəblərindən əməllərini qarışdırmaqdadırlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər