• cümə axşamı, 25 aprel, 04:50
  • Baku Bakı 19°C

Azərbaycan Avropa İttifaqı üçün əvəzolunmaz tərəfdaşdır

24.07.15 10:32 1218
Azərbaycan Avropa İttifaqı üçün əvəzolunmaz tərəfdaşdır
Donald Tuskun Bakıya səfəri göstərdi ki, qurum ölkəmizin böyük dəyərə malik olduğunu qəbul edir

Müstəqil Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin tarixi müstəqilliyin ilk illərinə - Avropa Komissiyasının Müstəqil Dövlətlər Birliyinə (MDB) göstərdiyi yardıma (TASİS proqramı) təsadüf etsə də, bu münasibətlərin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ildə Lüksemburqda ölkəmizlə Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) imzalanması, bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu ildə qüvvəyə minməsi tərəflər arasında əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə yanaşı, münasibətlərə yeni təkan verib. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunvericilik, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutub. Onun əsas məqsədlərindən biri də Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması olub. Aİ Şurasının Azərbaycanı Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında 2004-cü il tarixli qərarı isə ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım sayılır. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub. AQS ölkəmiz üçün siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı yaradıb.
Eyni zamanda, AQS Azərbaycan üçün Aİ-yə üzv ölkələrlə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və sair imkanlar açıb. Azərbaycan və Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini də enerji dialoqu təşkil edir. Bu çərçivədə 2006-cı ildə Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” tərəflər arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb. Bu Memorandumun imzalanmasından ötən müddətdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində əsas rol oynayan dövlətlərdən birinə çevrilib. Ən nəhayət, 2009-cu ildən Azərbaycanın Aİ-nin “Şərq tərəfdaşlığı” (ŞT) təşəbbüsündə iştirak etməsi münasibətlərin daha da inkişafı baxımından yeni addım olub.
Qısa arayışdan da göründüyü kimi, ölkəmiz Aİ ilə münasibətlərdə daim maraqlı olub, əməkdaşlığın davamlı xarakter alması, inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyib. Lakin əfsuslar ki, bir müddət bundan öncəyə qədər bütün bu reallıqlar Qərbin bəzi dairələri, xüsusən də ermənipərəst qüvvələrin təsiri altında olan siyasətçilər tərəfindən qısqanclıqla qarşılanıb, Azərbaycana qarşı gözdənsalma kampaniyasına başlanılıb. Xüsusilə də ölkəmizdə əlamətdar tədbirlər keçiriləndə, o cümlədən “Avroviziya-2012”, “Bakı-2015” I Avropa Oyunları müddətində xarici media qurumlarında Azərbaycan haqqında qeyri-obyektiv, qərəzli məlumatlar tirajlanıb. Ən acınacaqlısı isə budur ki, Avropanın nüfuzlu təşkilatlarının bəzi tanınmış simaları da bu çirkin kampaniyada yer alıblar. Təbii ki, bütün bunlar Azərbaycanla bəzi Qərb ölkələri, eləcə də Aİ arasındakı münasibətlərə “sərinlik” gətirib. Lakin Aİ Şurasının prezidenti Donald Tuskun bu günlərdə Azərbaycana səfəri göstərdi ki, qurum ölkəmizlə tərəfdaşlığın inkişaf etdirilməsində olduqca maraqlı və israrlıdır. Bu səfər həm də sübut etdi ki, ermənipərəst dairələrin yaratdığı yanlış rəyin əksinə olaraq, Aİ Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir, onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir.
Son prosesləri təhlil edərkən onu da qeyd etmək olar ki, Aİ Azərbaycanın güclü iqtisadi potensiala malik olduğunu, qarşılıqlı ticarət əlaqələrinin inkişafından Avropanın yüksək dividend əldə edəcəyini görür. Aİ Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və rəsmi Bakının müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir. Bunu cənab D.Tuskun Bakıda olarkən Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də təsdiq edir. D.Tusk Azərbaycanı enerji sahəsində Aİ-nin etibarlı və strateji tərəfdaşı kimi təqdim edərək, bu tərəfdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib. Qeyd edib ki, Avropa Enerji Birliyinin məqsədlərindən biri də qazdan təhdid kimi istifadə olunması imkanının istisna edilməsidir. Onun sözlərinə görə, Ukraynada baş verən münaqişə bunu göstərir ki, bu cür təhdidlər hələ də mümkündür. Buna görə də D.Tusk Aİ-nin öz təchizatının şaxələndirilməsinə sadiq olduğunu, bu məsələdə Azərbaycanı əsas tərəfdaş kimi gördüyünü bəyan edib: “Bu gün biz ümumi strateji marağımıza xidmət edən “Cənub” qaz dəhlizi layihəsinin inkişaf etdirilməsi və rəqiblərimizin nə etməsindən asılı olmayaraq onun vaxtında tamamlanmasını təmin etməklə bağlı həmrəyik. Avropa üçün bu, təchizatın şaxələndirilməsi, Azərbaycan üçün isə tələbatın şaxələndirilməsi məsələsidir. Azərbaycanın regionda Avropa İttifaqının ən əsas kommersiya tərəfdaşlarından biri olmaq potensialı var. Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşıdır və onun önəmli sərmayədarlarından biridir”.
D.Tuskun Bakıya səfəri və burada keçirilən konfransda səsləndirdiyi fikirlərdən bir daha aydın olub ki, Aİ Azərbaycanın gücünü etiraf edir, onunla təzyiq, təhdid və ya bu kimi başqa vasitələrlə davranmağın heç bir nəticə verməyəcəyini başa düşür. Eyni zamanda, Aİ Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, bu ölkənin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər