• cümə, 29 Mart, 01:44
  • Baku Bakı 7°C

Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilib

08.06.17 16:30 1415
Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilib
Bakıda 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib.
Əvvəlki illərdə olduğu kimi, bu biznes foruma da maraq böyük olub. İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun və Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən çox iş adamı iştirak edib.
Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes forumda müxtəlif sahələrə - kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühit texnologiyalarına dair panel iclaslar, iş adamları arasında ikitərəfli görüşlər keçirilib, maraqlı çıxışlar edilib.
İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev salamlama çıxışında artıq ənənəvi olaraq keçirilən biznes forumdan keçən müddətdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində, eləcə də Azərbaycanın sosial-iqtisadi həyatında bir sıra mühüm yeniliklərin baş verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Hazırda Strateji Tərəfdaşlıq Sazişi hazırlanır və artıq bununla bağlı Avropa İttifaqı Parlamenti tərəfindən Avropa Komissiyasına mandat verilib, bu istiqamətdə 3 işçi qrupu fəaliyyət göstərir.
İqtisadiyyat naziri vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2016-cı ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 35%, 2017-ci ilin 4 ayında isə 38% təşkil edib. Son 10 ildə Avropa İttifaqı Azərbaycanda əsas kapitala təqribən 20 mlrd. ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 1300-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qorunması sazişləri, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri ilə Azərbaycan arasında ticarət palataları mövcuddur. Son 5 ildə Avropa İttifaqına üzv ölkələrlə 123 biznes forum və digər tədbirlər keçirilib.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır, ölkəmiz Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan "Şahdəniz 2” üzrə işlərin 93%, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə 85%, TANAP üzrə 72%, TAP üzrə 42% yerinə yetirilib.
Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində 1992-ci ildən Azərbaycana 582 mln. avro məbləğində yardım göstərilib.
Nazir Şahin Mustafayev qeyd edib ki, hazırda dünya iqtisadiyyatında gedən neqativ proseslərdən qaynaqlanan xarici mənfi təsirlərinin qarşısının alınması və dayanıqlı inkişafın təmin olunması məqsədilə mövcud çağırışların tələblərinə uyğun iqtisadi islahatlar davam edir. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Stateji Yol Xəritələri və müxtəlif proqramlar qəbul edilib. Azərbaycan iqtisadiyyatı, son zamanlar həyata keçirilən kompleks islahatları diqqətə çatdıran İqtisadiyyat naziri qeyri-neft sektorunun inkişafının, biznes mühitinin yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının, tranzit imkanlarından səmərəli istifadənin, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinin, qeyri-neft ixracının artırılmasının, ixracın diversifikasiyasının prioritetliyini vurğulayıb. Bildirilib ki, iqtisadi sahədə aparılan islahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyaların sayı kəskin azaldılıb, inzibati proseduralar sadələşdirilib, elektron xidmətlər, sahibkarlığın inkişafına dəstək mexanizmləri genişləndirilib və s. Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına indiyədək 800 mln. dollar investisiya qoyulub. İniyədək sahibkarlara 154 investisiya təşviqi sənədi verilib ki, bu layihələr üzrə iqtisadiyyata 1,5 mlrd. manat investisiya qoyuluşuna imkan yaradır. Bu ilin 4 ayında ölkədən keçmiş tranzit yüklərin həcmi 23% artıb. Qeyri-neft ixracının genişləndirilməsi prioritet istiqamətlərdəndir və artıq Azərbaycanın Rusiya, Çin və BƏƏ-yə ticarət nümayəndələri təyin olunub. Avropa İttifaqı ölkələrinə də Azərbaycanın ticarət nümayəndələrinin təyin olunması nəzərdə tutulur.
Nazir Şahin Mustafayev qeyd edib ki, həyata keçirilən iqtisadi islahatlar artıq real nəticələrini verir. Belə ki, 2017-ci ilin 4 ayında qeyri-neft sənayesi 2,8%, kənd təsərrüfatı 3,2%, ticarət dövriyyəsi 11,5%, ixrac təqribən 41%, qeyri-neft ixracı isə 23% artıb. Bu dövrdə valyuta ehtiyatları 1,3 mlrd. ABŞ dollar artıb və 39 mlrd. ABŞ dolları təşkil edir. 1 aprel 2017-ci il tarixinə valyuta ehtiyatları xarici borcdan 3,2 dəfə çoxdur. Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatı”nda (2016-2017) 138 ölkə arasında 37-ci, MDB ölkələri arasında isə bir neçə ildir ki, 1-ci yerdədir.
İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqaməti insan kapitalının inkişafıdır və görülən bütün işlər Azərbaycan vətəndaşına xidmət edir. Diqqətə çatdırılıb ki, Azərbaycandakı siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılmış əlverişli biznes və investisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, zəngin mədəniyyətimiz, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş olması Azərbaycanı investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib.
Avropa İttifaqı ölkələri ilə əməkdaşlığa gəlincə, nazir Şahin Mustafayev bildirib ki, Avropa İttifaqı ölkələri sənaye parklarına investisiya qoya bilər və bunun üçün sənaye parklarında əlverişli şərait yaradılıb. Bundan başqa, sənaye, kənd təsərrüfatı, İKT, turizm, təhsil, səhiyyə sahələrində Avropa İttifaqı ilə əməkdaşlıq imkanları genişdir.
Avropa Komissiyasının qonşuluq siyasəti və Avropa İttifaqının genişləndirilməsi ilə bağlı danışıqlar üzrə Baş Direktorluğunun Şərq Tərəfdaşlığı departamentinin direktoru Lourens Meredit, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Malena Mard, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışlarında Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikirlərini bildiriblər.
Sonra Azərbaycan-Avropa İttifaqı biznes forumu "Azərbaycanda iqtisadi islahatlar”, "Kənd təsərrüfatı və qida”, "Ətraf mühit texnologiyaları”, "Nəqliyyat və logistika”, "İKT və elektron ticarət” mövzularında panel iclasları ilə davam etdirilib.
banner

Oxşar Xəbərlər