• cümə axşamı, 25 aprel, 16:13
  • Baku Bakı 23°C

Azərbaycan Avrointeqrasiya xəttini ardıcıl həyata keçirir

13.11.14 09:33 1420
Azərbaycan Avrointeqrasiya xəttini ardıcıl həyata keçirir
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana səfəri zamanı bu ölkənin Milli Televiziyasına müsahibə verib. Müsahibə ölkəmizin hazırkı inkişaf səviyyəsi, Azərbaycan – Macarıstan və Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərinin müxtəlif aspektlərinin təhlili baxımından mühüm əhəmiyyətə malikdir.
Jurnalistin sualına cavab olaraq prezident İlham Əliyev ilk növbədə ölkəmizin nail olduğu uğurlar və onların əldə olunması yolları barədə danışıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın hazırkı uğurlarının kökündə düşünülmüş strategiya və aparılan uğurlu islahatlar durur: «Biz çoxsaylı iqtisadi islahatlar həyata keçirmişik və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi».
Həmçinin dövlət başçısı bildirib ki, Azərbaycanın maliyyə vəziyyəti hazırda sabitdir, xarici borc ümumi daxili məhsulun təqribən 8 faizini təşkil edir.
Dövlət başçısının macar televiziyasına müsahibəsində qeyd etdiyi kimi, məhz bütün bunlar ölkənin hazırkı sürətli inkişafını təmin etməklə yanaşı, əhalinin sosial rifahına da müsbət təsir göstərən amillərdir. Belə ki, məlum olduğu kimi, hazırda işsizliyin və yoxsulluğun çox aşağı səviyyəyə - təqribən 5 faizə qədər azaldılmasına nail olunub ki, bu da Avropanın özü üçün cəlbedici göstərici hesab oluna bilər. Ölkə iqtisadiyyatının dinamikliyi və sabitliyi isə ölkəmizə gözəl perspektiv vəd edir. Həmçinin beynəlxalq və Avropa bazarlarına çıxarılan enerji ehtiyatları ölkənin gələcəkdə daha da inkişafına əlavə imkanlar yaradacaq.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi digər faktlar isə ölkəmizin Cənubi Qafqaz regionunun ən əhəmiyyətli və güclü dövləti olduğunu ortaya qoyub. Belə ki, prezident bildirib ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni təşkil edir.
Qeyd edək ki, 75% kifayət qədər böyük göstərici olmaqla Avropa ölkələrinin ölkəmizə marağının əsas amillərindəndir.
Prezident İlham Əliyevin müsahibəsində ən diqqətçəkən məqamlardan biri ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin müxtəlif aspektləri üzrə apardığı təhlil hesab olunmalıdır. Belə ki, prezident bu münasibətlərə ciddi önəm verdiyini və Azərbaycanın Avropa İttifaqı standartlarına çatmaq istiqamətində səylər göstərdiyini dilə gətirib.
Dövlət başçısı Aİ ilə münasibətlər prizmasından ittifaqa daxil olan ölkələrlə ikitərəfli münasibətlərin də xüsusi əhəmiyyət daşıdığına diqqət çəkib. Qeyd etmək lazımdır ki, bu istiqamətdə xeyli nailiyyətlər var və Azərbaycan Aİ-ə üzvü ölkələrlə yaxın münasibətlərə malikdir. Bu isə özlüyündə ümumilikdə Aİ ilə əlaqələrin ruhuna müsbət təsir göstərə bilər. Macarıstan kimi Aİ üzvü ilə yaxınlaşma da Aİ ilə effektiv əməkdaşlıq üçün daha bir körpü ola bilər.
Eyni zamanda prezident Aİ ilə Azərbaycanın münasibətlərində praqmatik yanaşmanın da olmasının altını cızaraq mühüm mesaj vermiş olub. Bu mesajda konkret əməkdaşlıq istiqamətləri də göstərilib: strateji maraqlar, enerji təhlükəsizliyi, siyasi və regional təhlükəsizlik.
Məlum olduğu kimi, ölkəmizlə hazırda Aİ ölkələri arasında enerji sahəsində xüsusilə ciddi əməkdaşlıq mövcuddur. Hətta bəzi Aİ ölkələri neftə olan ehtiyaclarının 40%-ni Azərbaycan vasitəsilə təmin edir. «Cənub» qaz dəhlizinin işə düşməsinin isə Aİ ilə enerji sahəsində daha dərin münasibətlərin formalaşmasına gətirib çıxaracağı şübhəsizdir.
Enerji ehtiyatları, onun istehsalını və nəqlini təmin edəcək nəhəng infrastruktur barədə prezident İlham Əliyev müsahibəsində xüsusilə əhəmiyyətli məqamlara toxunub: «Sentyabr ayında biz möhtəşəm “Cənub” qaz dəhlizi layihəsinə start verdik. Artıq işlər başlayıb. Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək. Biz elə bir paylayıcı sistem quracağıq ki, onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq. Eyni zamanda, bildiyimizə görə Avropa ölkələri arasında qaz kəmərlərini bir-birinə bağlayan layihələr də nəzərdən keçirilir. Düşünürəm ki, burada bizə sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi olmadan fiziki təhlükəsizliyi təmin etmək çətindir və bu məsələlər bir-birinə bağlıdır».
Məlumdur ki, Azərbaycanla Aİ arasında enerji təhlükəsizliyi istiqamətində əməkdaşlıq prioritet təşkil etməkdədir. Lakin Azərbaycan bu gün Aİ regionunda daha aktiv iştirak etmək strategiyasına start verib. Belə ki, ölkəmiz İttifaqın müxtəlif ölkələrinə böyük miqdarda investisiyalar yatırmaqdadır. Bu, hər iki tərəfin mənafeyinə xidmət edən praqmatik yanaşmanın reallaşdırılmasının əlaməti hesab oluna bilər. Lakin o da qeyd edilməlidir ki, Azərbaycanın istənilən ölkəyə sərmayə yatırarkən kifayət qədər ehtiyatla hərəkət etdiyi müşahidə olunur. Bunu prezidentin müsahibəsində yer alan fikirlər də təsdiqləyir: «Praktiki cəhətdən Azərbaycanın sərmayə ilə daxil olduğu istənilən ölkədə biz investisiya sahələri üzrə hökumət qurumları ilə məsləhətləşmələr aparırıq. Biz təbii ki, prioritet olmayan sahələrə investisiya yatıran tərəfdaş olmaq istəmirik. Biz bu layihələrə biznes və əlaqələrimizin gücləndirilməsi nöqteyi-nəzərindən baxırıq. Buna görə də bu sahələr turizm, otel biznesi, infrastruktur, ağır sənaye ola bilər».
O da qeyd edilməlidir ki, Azərbaycanla yanaşı, Aİ-yə üzv olan ölkələrin də ölkəmizə sərmayə yatırımına cəlb edilməsi vacibdir. Məhz Azərbaycan prezidentinin Macarıstana səfəri çərçivəsində bu ölkə kapitalının ölkəmizdə aparılan infrastruktur layihələrində və digər sahələrə cəlb edilməsi istiqamətində əldə olunmuş razılaşmalar mühüm əhəmiyyətə malikdir. Prezidentin səfərinin nəticəsi olaraq məlum olub ki, macar şirkətləri ölkəmizdə körpülərin tikilməsi, su təchizatı və paylanılması sahəsində, kənd təsərrüfatı, İKT və s. sahələrdə böyük investisiyalar yatıracaqlar.
Bu isə ölkə iqtisadiyyatının daha da sürətli inkişafına təkan verəcək.
Bundan başqa prezident müsahibəsində qeyd edib ki, turizm, dərman preparatlarının istehsalı, əczaçılıq sahələri kimi bir çox digər sahələrdə də investisiy imkanları mövcuddur. Azərbaycanda infrastruktur və inşaat ilə bağlı icra olunan bir çox layihələr var. Bu layihələrə tərəfdaşlıq üçün Avropadan bir çox şirkətlər Azərbaycana dəvət olunur. Azərbaycan dost ölkələrdən olan şirkətlərlə ortaq işbirliyi qurmaq niyyətindədir.
Göründüyü kimi, Azərbaycan atdığı bütün addımlarla Avrointeqrasiya xəttini ardıcıl olaraq həyata keçirir. Xüsusilə ölkə iqtisadiyyatının Aİ-yə üzv olan ölkələrin iqtisadiyyatları ilə yaxınlaşmasında, qarşılıqlı əlaqələrin qurulmasında mühüm addımlar atılır.
Bütün bunları prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərdə, eyni zamanda bu ölkənin Milli Televiziyasına verdiyi müsahibəsində dilə gətirdiyi fikirlərində bir daha müşahidə etmək mümkündür.
Son olaraq qeyd etmək lazımdır ki, təhlil etməyə çalışdığımız prezidentin Macarıstan Milli Televiziyasına müsahibəsinin ümumi ruhu ondan ibarətdir ki, Azərbaycan üçün Aİ və Aİ-yə üzv ölkələrlə münasibətlər mühüm önəm kəsb etməklə yanaşı, bu münasibətlərin etimada, qarşılıqlı maraqlardan doğan praqmatik yanaşmaya söykənməsi də vacib məqamdır.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər