• çərşənbə axşamı, 19 mart, 06:57
  • Baku Bakı 8°C

Azərbaycan Avrasiyanın nəqliyyat qovşağına çevrilir - Fotolar

10.08.18 19:03 2589
Azərbaycan Avrasiyanın nəqliyyat qovşağına çevrilir - Fotolar
Nəqliyyat sisteminin inkişafı Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat sferası cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə, sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Ona görə də Azərbaycan müstəqillik qazandıqdan sonra nəqliyyat sektorunda zəruri dəyişikliklərə start verilib. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə gətirilməsindən sonrakı müddətdə isə nəqliyyat sahəsində strukturların və idarəetmə institutlarının əsaslı yeniləşdirilməsi həyata keçirilib. Nəqliyyat-yol kompleksinin tərkib hissələri olan dəmir yolu, su, avtomobil, hava, dəniz nəqliyyatı sektorlarında mühüm tədbirlər görülüb.
Tarixi İpək Yolunun bərpası
Bununla yanaşı, Azərbaycan beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin təşəbbüskarı olub, bu kimi layihələrin gerçəkliyə çevrilməsində mühüm rol oynayıb. Bu isə Azərbaycanın tranzit ölkə kimi də beynəlxalq aləmdə əhəmiyyətini artırıb. Misal üçün, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb. Hazırda da Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən "İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır.
Avropa və Asiyanı birləşdirən dəmir yolu
2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də ümummilli lider Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirərək, ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində böyük layihələrin təşəbbüskarı və dəstəkçisi olub. 2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu buna əyani sübutdur. Bu layihə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. 2007-ci il fevralın 7-də Tbilisidə Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub.
2008-ci ilin iyulunda Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri Türkiyə ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Region ölkələrinin Azərbaycan üzərindən dünya bazarlarına çıxışı
Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycanın, Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsini yaradır ki, bu da iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Digər məsələ bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.
Xəzər dənizində ən böyük liman
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla, yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, "Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır. 14 may 2018-ci il tarixində Azərbaycan Prezidentinin iştirakı ilə açılışı həyata keçirilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci fazada yükaşırma potensialı illik 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü Ro-Ro və Ro-Pax tipli gəmilərə xidmət göstərir. Daha bir körpü Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı qurumlardan olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaydığı son məlumata görə, 2018-ci ilin birinci yarımilində yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86 faizi tranzit yüklərin payına düşüb.
Logistika və ticarətin inkişafı
Bütün bunlarla yanaşı, "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında da fəal rol oynayır. Bununla ölkə hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək. Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm İranla quru sərhədi var və bu coğrafi yerləşmə üçtərəfli regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Azərbaycan İran tərəfinə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üçün 500 milyon dollar dəyərində kreditin ayrılmasını nəzərdə tutub. Rəşt-Astara dəmir yolunun yekunlaşması və istismara verilməsi regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək. Gələcəkdə Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası da nəzərdə tutulur. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır. Bundan Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları istifadə edəcəklər.
İqtisadi inkişafa və böyük hədəflərə doğru
Sonda qeyd edək ki, son illər ərzində Azərbaycanın müxtəlif bölgələrində yeni beynəlxalq aeroportlar istifadəyə verilib, yollar salınıb. Bunlarla yanaşı, ölkəmiz regional layihələrin icrasında da aparıcı rol oynamağa başlayıb. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasətin tərkib hissəsidir. Belə siyasət nəticəsində Azərbaycanda həm daxili nəqliyyat infrastrukturu inkişaf edir, həm də ölkəmiz Avrasiyanın nəqliyyat qovşağına çevrilir.
Alpər TURAN

banner

Oxşar Xəbərlər