• cümə, 19 Aprel, 05:11
  • Baku Bakı 18°C

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

23.05.14 08:46 1390
Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Mayın 21-də Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı ölkəmiz üçün uğurlu hesab edilir. Çünki Azərbaycan prezidenti İlham Əliyevin də çıxış etdiyi iclasın sonunda yekun bəyannamə qəbul olunub və orada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi maddə də yer alıb.
Qeyd edək ki, sənədi imzalayanlar Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmamasından, onun beynəlxalq və regional təhlükəsizliyə zidd məqam olaraq qalmasından narahatlıqlarını ifadə ediblər. Fikirlərini bizimlə bölüşən politoloqlar bu məqamın Azərbaycan adına növbəti uğur olduğunu bildirirlər.
Politoloq Mübariz Əhmədoğlu qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Avropa olsa da, ərazimizin böyük bir qismi Asiya ərazisinə düşür. Ona görə də biz Asiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq: “Bilirsiniz ki, bu tədbirlərin yaradılmasına təşəbbüs Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Bizə müraciət olunan zaman təklifi böyük məmnuniyyətlə qəbul etdik. Çünki nəticə etibarı ilə Asiyada təhlükəsizliyin təmin olunması ilə əlaqəli alyans yaranır. Nazarbayev təklifi irəli sürməklə istəyirdi ki, Asiya qitəsində də Avropanın ATƏT-inə bənzər bir təşkilat yaransın. Bu isə gələcəkdə Asiya üçün böyük faydalar verə bilər. Xatırladım ki, sözügedən qurumun adı əvvəllər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi idi. Sonradan müşavirə sözü təşkilat sözü ilə əvəzləndi. Asiyada belə təşkilatın reallaşdırılmasında Azərbaycan da maraqlıdır”.
M.Əhmədoğlu qeyd etdi ki, ölkəmizin bu tədbirə qoşulmasının əsas səbəblərindən biri, dövlətimizin Qazaxıstanla olan yaxın əlaqələridir: “Hər kəsə məlumdur ki, Azərbaycanın Qazaxıstanla münasibətləri çox yaxşıdır. Bu iki dövlət hər zaman biri-birinin mövqeyini dəstəkləyir, maraqlarını müdafiə edir. Bir məsələni xatırladım. Gömrük İttifaqı ilə bağlı telekörpü təşkil olunmuşdu və ona Moskva, Minsk, Astana və İrəvan qatılmışdı. Bu zaman orada iştirak edən Qazaxıstan deputatları, məmurları Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini müdafiə etdilər. Kənardan elə görünürdü ki, onlar Azərbaycanı təmsil edən şəxslərdir. Ona görə də bu təşəbbüsü dəstəklədik. Toplantının Çində keçirilməyi isə bir başqa önəmli məqamdır. Çünki Azərbaycanın Çinlə münasibətləri artan istiqamətdə gedir. Təbii ki, əlaqələrin indiki səviyyəyə çatması prezident İlham Əliyevin zəhmətinin nəticəsidir”.
Müsahibimizin qənaətinə görə, Çinin Azərbaycana münasibəti digər dövlətlərə nisbətən fərqli olmalıdır. Çünki onlar Azərbaycana qərbə açılan qapı kimi baxırlar: “Ölkəmizin belə strateji mövqedə yerləşməsi böyük siyasi resurs hesab olunur. Əminəm ki, biz bundan uğurla istifadə edəcəyik. Bu yolda Şanxay sammiti də böyük əhəmiyyət daşıyır. Orada ölkəmizlə bağlı çox aydın mövqe ortaya qoyuldu. Bildirildi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması həm regionda, həm Avropada, həm də Asiyada böyük narahatlıq yaradır və inkişaf üçün təhlükə törədir. Buna görə də münaqişə mütləq şəkildə həllini tapmalıdır. Aydındır ki, avropalılarla ermənilərin xüsusi münasibətləri var. Yəni onlar ermənilərin atdığı addımlara göz yumurlar. Bu sənəddə isə bizim ərazi bütövlüyümüzə dəstək verilir, separatizm halları pislənir”.
Politoloq Fikrət Sadıqov da bildirdi ki, bu sammitdə Azərbaycan dövlət başçısının iştirakı və çıxış etməsi ölkəmizin o regionla əlaqəsinin bundan sonra daha da sıx olacağının, əlaqələrin müxtəlif sahələr üzrə inkişaf edəcəyinin göstəricisidir: “O ölkə ilə münasibətlər yaxşılaşdırılır. Əgər belə olmasaydı, müxtəlif sənədlər imzalanmazdı. Bilirsiniz ki, hətta deklarasiya qəbul olunub. Orada regional təhlükəsizlik və stabillik məsələləri müzakirə olunub, bu mövzu ətrafında müxtəlif bəyanatlar səslənib. Belə məqamlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bütün dünya bilir ki, ölkəmiz işğala məruz qalıb və hələ də bunun əziyyətini çəkir. Ona görə də orada separatçılığa, terrorçuluğa, ekstremizmə qarşı olan çıxışları yüksək qiymətləndirirəm və səsləndirilən bəyanatların ölkəmizin xeyrinə olduğunu düşünürəm”.
F.Sadıqov hesab edir ki, Azərbaycanla Asiya regionunu birləşdirən tellər çoxdur: “Həm iqtisadi, həm də digər münasibətlər, xüsusilə enerji layihələri ölkəmizi Çinlə daha da yaxın edir. Göründüyü kimi, Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Xatırladım ki, Çin rəhbərliyi ilə bu mövzuda düşüncələrimiz eynidir. Hətta buna görə onlar Azərbaycana öz minnətdarlıqlarını bildiriblər. Çünki dövlətimiz onlardakı separatçı rejimi, Sintsyan-Uyğur vilayətində baş verənləri dəstəkləməyib. Ona görə də Dağlıq Qarabağ problemi ilə bağlı birmənalı fikirlər səsləndirdilər. Qeyd etdilər ki, Azərbaycanda separatçılıq var. Onlar Qarabağın Azərbaycana məxsus region olduğunu qəbul edirlər. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini istəyirlər. Çin dövlətinin bu cür davranışının nəticəsində bizi anlayan, dəstəkləyən ölkələrin sayı artmış oldu. Əsas məsələ budur ki, onlar ərazi bütövlüyümüzün bərpa olunmalı olduğunu bəyan etdilər. Bu da, birmənalı şəkildə Azərbaycanın uğurudur”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər