• cümə axşamı, 28 mart, 13:13
  • Baku Bakı 16°C

Azərbaycan animasiya kinosunun neçə yaşı var? - Fotolar

30.03.17 11:30 3095
Azərbaycan animasiya kinosunun neçə yaşı var? - Fotolar
"Animasiya janr deyil. Animasiya kinematoqrafiyanın spesifik və müstəqil formasıdır...” Bu sözləri məşhur rus kinorejissoru Qriqori Roşal 1935-ci ildə animasiya işçilərinin ümumittifaq müşavirəsində demişdir.

"Animasiya sərhəd bilmir. Ona görə ki, bu sərhəd fantaziya sərhədi ilə üst-üstə düşür.” Bu aforizm animasiya filmlərinin nə qədər böyük imkanlara malik olduğunu göstərir.

İlk animasiya filmi 1908-ci ildə fransız karikaturaçı-rəssam Emil Kol tərəfindən yaradılmışdır. İlk kukla filmi isə 1912-ci ildə Rusiyada istehsal olunmuşdur. Filmin rejissor-operatoru Vyaçeslav Stareviçdir.
Amerika qurğusu ilə başlayan tarix
Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda tükənməz rəssam fantaziyası cansız əşyaları və canlı aləmi ekranda hərəkətə gətirir, heyvanları oxuyub-çalmağa, insan kimi dil açıb danışmağa məcbur edir. Animasiya filmləri xüsusilə uşaqların tərbiyəsində, onlarda təfəkkürün, romantik hisslərin inkişaf etməsində mühüm rol oynayır.

Azərbaycan animasiya kinosunun neçə yaşı var? Əlimizdə olan mənbələrin böyük əksəriyyətində bu suala cavablar müxtəlifdir. Dövri mətbuatda, Bakıda və Moskvada çap olunmuş kinoya aid albom və kitablarda 1969-cu il tarixi göstərilir: «Кино. Енсиклопедический словарь» (Москва. 1986), «Волшебники екрана» (Москва. 1974) kitablarında bu tarix 70-ci illərin əvvəllərinə gedib çıxır. "Azərbaycan Sovet Ensiklopediyası”nın VII cildində (Bakı. 1983) öz müəlliflərimizin yazdığı icmalda oxuyuruq: "Azərbaycanda ilk multiplikasiya (animasiya - A.K.) filmi 1936-cı ildə çəkilmişdir. Azərbaycan SSR-də müntəzəm multiplikasiya kinosunun istehsalına 1968-ci ildən başlanmışdır...”

Beləliklə, bütün mənbələrdə Azərbaycanda animasiya filmlərinin yaranma tarixi 1936-1970-ci illər arasında, yəni 34 il fərqlə göstərilib. Uzun illər apardığım axtarışlar, kino veteranları ilə söhbətlər, kinoya aid əldə etdiyim ədəbiyyat Azərbaycanda animasiya filmlərinin yaranma tarixini dəqiqləşdirməyə imkan vermişdir.

Ümumiyyətlə, animasiya kinosunun tarixi qəribə də olsa, əsrlərin dərinliyinə gedib çıxır, lap qədim dövrlərə. Azərbaycanda, qədim Qobustan qayalıqlarında çoxlu rəsmlər qorunub saxlanılır. Min illər bundan əvvəl rəssamlar müxtəlif xətlərlə rəsm etdikləri adamları, heyvanları, qayıqları hərəkətdə görməyi arzulamışlar. Onların 1000 il bundan əvvəlki arzuları bu gün nəinki həyata keçmiş, həm də günü-gündən inkişaf etməkdədir.

Azərbaycanda animasiya kinosunun tarixi XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1931-ci ildə lentə alınmış "Uçuş” adlı sənədli filmdə xəritə üzərində Bakıdan Moskvaya və digər şəhərlərə uçan təyyarənin hərəkət trayektoriyasını təsvir edən texniki animasiyadan istifadə olunmuşdur. O vaxtı bu çəkiliş eksperiment xarakteri daşıyırdı.

1933-cü ildə bir neçə sənədli filmdə texniki animasiyadan daha geniş şəkildə istifadə edilmişdir. Mənim arxivimdə bir soraq kitabçası var: «Репертуарный указател: Кинорепертуар.» Moskvanın «Кинофотоиздат» nəşriyyatı tərəfindən 1936-cı ildə buraxılıb. Bu kinorepertuar göstəricisi 1935-ci il oktyabrın 1-dək RSFSR ərazisində nümayiş etdirilən bütün sovet filmlərini əhatə edir. Həmin göstəricinin 24-cü səhifəsində "Cat” adlı təlimat sənədli filmi haqqında belə bir məlumat verilib: 3 hissəli, 868 metr. "Azərfilm”in istehsalı. 1933-cü il. Filmdə animasiyanı rəssam Basov çəkmişdir. 01.01.1938-ci ilə kimi nümayişinə icazə verilir. Protokol №5655.

"Cat” amerikan qurğusunun adıdır. Hələ 30-cu illərin əvvəllərində Abşeronda neft quyularının sıxılmış hava və ya qaz vasitəsilə vaxtaşırı istismarı zamanı bu qurğudan istifadə olunub. Onun fəaliyyətini əyani şəkildə göstərmək üçün kinematoqrafçılar bu filmdə texniki animasiyadan bütünlüklə istifadə etmişlər.

1933-cü ildə lentə alınmış "Lökbatan” və "Neft simfoniyası” sənədli filmlərində də texniki animasiyanın imkanlarından istifadə olunmuşdur.
İlk təşəbbüs uğurlu olmuşdur
"Abbasın bədbəxtliyi” bədii animasiya filmi isə 1935-ci ildə yaradılmışdır. Bu bir hissəli film komediya janrında fəhlə-neftçilərin məişətindən söhbət açmışdır. Rəssamlardan Qəzənfər Xalıqov, Məhəmməd Maqomayev (nəvə Müslüm Maqomayevin atası - A.K.), Cabir Zeynalov, Ənvər Mirzəyev, rejissor D. Dikaryov, ssenari müəllifi Aleksandr Popov, operator Qavril Yegiazarov, yazıların müəllifi Yuri Fidler, məsləhətçi-rəssam N.Xodatayev film üzərində işləmişlər.

Film ekranlara buraxılandan sonra tamaşaçılar tərəfindən maraqla qarşılandı. Filmi görənlərin dediklərinə görə, ilk təşəbbüs uğurlu olmuşdur.

Bundan sonra "Azərfilm” studiyasında "Dəniz səyyahı Sindibadın macəraları” səsli bədii animasiya çəkilməli idi. Lakin Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar bu iş yarımçıq qaldı. O cümlədən yazıçı Yusif Vəzir Çəmənzəminli həbs olunduğu üçün onun "Vur, toxmağım!” hekayəsi üzrə yazılmış ssenari də işıq üzü görmədi.

Texniki və qismən bədii animasiyadan müharibədən sonrakı illərdə də onlarla sənədli və elmi-kütləvi, eləcə də bədii filmlərin (məs: "Bir qalanın sirri” və s.) çəkilişində yeri gəldikcə istifadə olunmuşdur. Həmin rəsmləri rəssamlardan Mirzə Rəfiyev, Cabir Zeynalov, Ənvər Mirzəyev, Ağanağı Axundov, Nazim Məmmədov, Bəhmən Əliyev, quraşdırma çəkilişləri operatoru Aleksandr Milov yerinə yetirmişlər.

1965-ci ildə Azərbaycan televiziyasının "Ekran” studiyasında (sonralar "Azərbaycantelefilm” Yaradıcılıq Birliyi - A.K.) Azərbaycan televiziya tarixində ilk dəfə olaraq rejissor Rasim İsmayılov öz ssenarisi əsasında "Danışan işıqlar”, 1969-cu ildə isə "Qırmızılar, qaralar və başqaları” televiziya animasiya filmlərini çəkdi. Hər iki filmin operatoru Vaqif Behbudov idi.

Bundan sonra V.Behbudov onlarla televiziya bədii animasiya filmi, o cümlədən "İlham”, "Göyçək Fatma”, "Sağ ol, dostum”, "Başlanğıc”, "Qız qalası”, "Xeyirxah nağıl”, "Sehirli çıraq” və s. filmlər yaratmış, bu filmlər müxtəlif ümumittifaq və zona kinofestivallarında mükafat və diplomlara layiq yer tutmuşdur. Rejissor və operator Vaqif Behbudov isə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.
"Cırtdan”la başlayan ikinci dövr
1965-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası yeni binaya köçəndən üç il sonra burada animasiya filmləri sexi bərpa olundu. O vaxt kinostudiyaya SSRİ xalq artisti, rejissor və aktyor Adil İsgəndərov rəhbərlik edirdi. Direktor sexin istifadəyə verilməsinə və animasiya filmlərinin istehsalı prosesinə xüsusi diqqət yetirirdi. Rəssam Ağanağı Axundov Moskvada "Soyuzmultfilm” kinostudiyasında animasiya filmləri üzrə xüsusi kurs keçəndən sonra Bakıda da belə bir kursun təşkilinə və gənc kadrların hazırlanması işinə başladı.

Nəhayət, 1969-cu il fevralın 28-də "Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı animasiya filminin istehsalı başa çatdırıldı. Bu bir hissəli rəngli animasiya filminin ssenarisini kinodramaturq və şairə Alla Axundova yazmışdır. Filmin rejissoru Yalçın Əfəndiyev, quruluşçu rəssamı Elçin Aslanov, operatoru Aleksandr Milov, animator-rəssamları Bəhmən Əliyev, Lev Jdanov, Nazim Məmmədov, səs operatoru Ələkbər Həsənzadə idi. Filmə musiqini bəstəkar Oqtay Zülfüqarov yazmışdır.

Kinolent fantaziya formasının bütövlüyü, süjetin dinamikliyi ilə diqqəti cəlb edir. "Cırtdan” "Azərbaycanfilm” kinostudiyasında animasiya filmləri sexinin bərpasından sonra çəkilmiş ilk film oldu. Beləliklə, Azərbaycanda animasiya kinosu tarixində ikinci dövr başlandı. 1970-ci ildə C.Cabbarlı adına "Azərbayacnfilm” kinostudiyasında animatorlar bu janrda daha üç filmə ekran həyatı verdilər. Bunlardan ikisi – "Ayı və siçan” (rej. N.Məmmədov) və "Aslan və iki öküz” (rej. A.Axundov) hərəsi 0,5 hissəli, rəngli mikroanimasiya filmidir. İkinci film o vaxt Moskvada "Kaleydoskop - 71” Ümumittifaq kinoalmanaxının 1-ci nömrəsinə daxil edilmişdir. Üçüncü, "Fitnə” applikasiya filmi dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyni adlı nağıl-novellasının motivləri əsasında, orta əsr Azərbaycan miniatür sənəti üslubunda çəkilmişdir.

Hətta kinostudiyada 1972-ci ildə "Çaqqal oğlu çaqqal” adlı yeganə genişekranlı Azərbaycan animasiya filmi (rej. M.Rəfiyev) yaradılmışdır.

Azərbaycanda animasiya filmlərinin istehsalı qaydaya salınandan sonra istər kinostudiyada, istərsə də "Azərbaycantelefilm” Yaradıcılıq Birliyində uşaqlar və böyüklər üçün onlarla film, o cümlədən "Bulud niyə ağlayır?”, "Şah və xidmətçi”, "Dınqıl sazım, dınqıl”, "Arzunu yarat”, "Daş”, "Xoruz”, "Toplan və kölgəsi”, "Qız qalası əfsanəsi”, "Toral və Zəri”, "Cücələrim”, "Xeyir və Şər”, "Meşəyə insan gəlir”, "Cırtdan - "pəhləvan”, "Akvarium” və s. çəkilmiş, bu kinolentlər nəinki respublikamızda, həm də bir sıra xarici ölkə ekranlarında uğurla nümayiş etdirilmiş, respublika, ümumittifaq və beynəlxalq kinofestivallarda priz və diplomlara layiq görülmüşdür.

1988-ci ildən "Azərbaycanfilm” kinostudiyasının animasiya sexi "Animasiya, reklam və diafilm birliyi” kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə həmin birliyin bazasında "Azanfilm” İcarə Bədii Yaradıcılıq Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli qərarı ilə bu birlik əsasında "Azanfilm” Müstəqil Yaradıcılıq İstehsalat Birliyi təşkil olunmuşdur ("Azanfilm” - Azərbaycan animasiya filmi deməkdir. A.K.).

Bu vacib və əhəmiyyətli iş milli kinomuzun düşdüyü böhranlı və çətin dövrdə belə "Azanfilm” və Azərbaycan Rəssamlar İttifaqı nəzdindəki "Birlik” studiyalarında davam etdirilmişdir.

2002-ci ildən başlayaraq "Azanfilm” studiyasında filmlər kompüter qrafikasında, 2003-cü ildən isə həm də 3D formatında yaradılır. Bəzi filmlər isə həm kompüter qrafikasında, həm də 3D formatında qarışıq şəkildə çəkilmişdir.

Bu günə kimi ölkəmizdə 150-dən artıq animasiya filmi istehsal olunmuşdur. Son illərdə animatorladan Elçin Axundov, Firəngiz Qurbanova, Gülşən Quliyeva, Rauf Dadaşov, Firəngiz Quliyeva, Aleksandra Şirinova, Hüseyn Cahid İsmayılov, Lalə Məmmədova, Tamilla Əsgərova, Rafiz İsmayılov, Əbdül Axundov, Konstantin Qavriş, Cahid Əhədov, Zema Əhədova, Teymur Kərimov və digər sənətkarların yaratdıqları "Cavanşir” (2002), "Kitabi Dədə Qorqud. Basat və Təpəgöz” (2003), "Qarğa balası və özgə yuvası” (2005), "Mərhəmətin dadı” (2007), "Cəsur təyyarə” (2009), "Tırtılın arzusu” (2010), "İt sərgisi”(2010), "İlbizin evi” (2010) və s. animasiya filmləri kiçik və yaşlı tamaşaçıların xoşuna gəlir. Çünki bu və bundan əvvəl vətənpərvərlik ruhunda çəkilmiş digər filmlər əsasən balaca tamaşaçılara xeyirxahlıq, doğruçuluq və əməyə məhəbbət hissi aşılayır. Onların zövqlərinin formalaşmasında əhəmiyyətli rol oynayır.
Aydın Kazımzadə






banner

Oxşar Xəbərlər