• cümə axşamı, 25 aprel, 01:59
  • Baku Bakı 19°C

Azərbaycan alimlərinin öz poliklinikası olacaq

14.01.15 12:10 1062
Azərbaycan alimlərinin öz poliklinikası olacaq
Akif Əlizadə: “AMEA yataqxanasının yerində yaşayış binaları inşa olunub və alimlər üçün xoşagələn tədbirlər həyata keçiriləcək”
“Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında kadr hazırlığında gənclərə böyük önəm verilib, yüksəkixtisaslı gənc alim və mütəxəssislər yetişdirilib”.
APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu gün Azərbaycan gəncliyi tam fərqlidir və onlar üçün akademiyada olduqca aktiv və məqsədyönlü istiqamət seçilib. Onun sözlərinə görə, Azərbaycan elmində bir qədər qocalma prosesinin olmasına baxmayaraq, gənclik püxtələşmiş alimləri əvəz etməyə hazır olmasına ümid var: “Bu istiqamətdə də işlər görülür. Qeyd etməliyik ki, bir gənc kadrı hazırlamaq elə də asan iş deyil. Bir gənci, elmi kadrı formalaşdırmaq üçün 10-20 il zaman lazımdır”.
AMEA prezidenti qeyd edib ki, elmin sosial problemləri diqqət mərkəzində olub. Onun sözlərinə görə, artıq AMEA alimlərinin çoxdan arzuladığı akademiya poliklinikasının layihəsi hazırlanır: “Hazırlıq yanvar-fevral ayında yekunlaşsa, işləri də tez görmək mümkün olacaq”.
A.Əlizadə vurğulayıb ki, AMEA-nın hüquqi baxımından da problemləri həll olunmaqdadır: “Yeni nizamnamə artıq dövlət başçısı tərəfindən imzalanıb. Akademiya yeni hüquqi formatda fəaliyyət göstərməyə başlayıb. Bununla da akademiyanın gələcəyini yeni bir formatda planlaşdıra biləcəyik”.
AMEA prezidenti əlavə edib ki, bu il üçün sosial baxımından da mühüm işlər nəzərdə tutulub. Onun sözlərinə görə, AMEA yataqxanasının yerində yaşayış binaları inşa olunur: “Bu işlər də yekunlaşmaqdadır. Yaxınlarda bu istiqamətdə AMEA alimləri üçün xoşagələn tədbirlər həyata keçiriləcək. Bundan başqa, AMEA-nın məlumat bankı hazırlanıb. Biz həmçinin biznesmen-alim söhbətinin aparılmasına hazırıq. Bu yeni formadır və bizim təkliflər biznes tərəfindən qəbul olunur. AMEA 2014-cü ildən tədricən büdcədən kənar vəsait əldə etməyə çalışır. Bu da innovativ təkliflər paketini bizneslə əlaqələndirməyə imkan var. Biznes rəhbərləri, qurumlar, holdinqlərin akademiyaya nəzər-diqqəti artıb. Artıq onlar hiss ediblər ki, akademiya axtarışdadır və istehsalat üçün yeni təkliflər verməyə hazırdır. Büdcədən ayrılan vəsaitin elmə sərf edilməsinə gəlincə, biz gözləmirik ki, büdcədən ayrılan vəsait artsın. Akademiya, alim özü qazanmalıdır. Oturub kimdənsə hansısa işi gözləmək sovet düşüncəsi idi. Bu gün alimlər innovativ elm inkişaf etməsini istəyirlər”.
banner

Oxşar Xəbərlər