• cümə, 29 Mart, 18:04
  • Baku Bakı 14°C

Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək

02.10.13 14:34 1292
Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Azərbaycan Alimlərinin Qurultayının təsis edilməsi və Azərbaycan Alimlərinin I Qurultayının keçirilməsinə dair qərar qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında təsdiq edilib. İclasda qurultayın keçirilməsini təmin etmək məqsədilə işçi qrupu yaradılıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışında Azərbaycan xalqının siyasi, iqtisadi, sosial-mədəni sahələr üzrə fundamental dəyərlərinin qorunması və dövlət əhəmiyyətli milli maraqların təmin edilməsində elmin müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. O bildirib ki, elmin çoxspektrli sosial funksiyaları həyata keçirə bilməsi üçün müasir dövrün tələblərinə cavab verən təşkilati tədbirlərin və innovativ idarəetmə üsullarının tətbiqi zəruridir. AMEA prezidenti belə tədbirlərdən biri kimi ən böyük seçkili yığıncaq forması olan qurultayın xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. A.Əlizadə biliklər cəmiyyətinin formalaşdığı bir dövrdə ölkədə Azərbaycan Alimlərinin Qurultayının keçirilməsinin elmin strateji hədəflərinin reallaşdırılması baxımından məqsədəuyğunluğunu ifadə edib: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi, Azərbaycan alimlərinin daha mütəşəkkil təşkilatlanmasının təmin edilməsi, müxtəlif elmi və innovativ qurumların fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan elmi qarşısında prioritetlərin müəyyənləşdirilməsi, fundamental və tətbiqi tədqiqatların prioritetlərini ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək baxımından bu qurultayın təşkili vacibdir. Bu qurultaya hazırlaşmaq və respublika üzrə bütün idarələrin elmi nümayəndələrin iştirakını təşkil etmək lazımdır.
A.Əlizadə qeyd edib ki, qurultayın 2014-cü il Novruz bayramı ərəfəsində, martın I yarısında - ayın 15-nə kimi keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, 1-2 gün ərzində keçiriləcək qurultayın gündəliyi, qərar layihəsi əvvəldən hazırlanmalıdır. Qurultayda elmin problemləri, gələcək inkişafa dair məsələlər müzakirə ediləcək.
İclasda çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, bütün sahələrin bayramı olsa da, alimlərin, elm işçilərinin günü yoxdur. İ.Həbibbəyli qurultayın çağırıldığı günün Elm günü kimi təsis edilməsini təklif edib.
banner

Oxşar Xəbərlər