• cümə, 19 Aprel, 22:26
  • Baku Bakı 24°C

Azərbaycan ailə modeli: ənənələr və müasirlik

13.05.17 10:15 10980
Azərbaycan  ailə modeli: ənənələr və müasirlik
Müxtəlif peşəli, geniş dünyagörüşlü insanların, həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün də gənclərə nümunədir. Belə insanların məşhur ailələrin üzvləri olması isə onların həyatlarının, bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir örnək kimi qəbul edilməsinə səbəb olur. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə və həyat yoldaşı, Qafqazın müsəlman qadınları xeyriyyə cəmiyyətinin təşkilatçısı Həmidə xanım Cavanşir Məmmədquluzadə çətin zamanlarda bir-birlərinə həmdəm olmuşlar. Ailəsinə böyük hörməti olan Həmidə xanım, həm də mədəni, xeyirxah övladlar tərbiyə etmişdir. Mirzə Cəlil ən yaxşı əsərlərini bu alicənab qadınla yaşadığı dövrdə yazmışdır. O, Qarabağın Kəhrizli kəndində ilk qız məktəbi açdırmış, toxuculuq emalatxanası yaratmışd. Xalqımızın dahi bəstəkarı Üzeyir Hacıbəyovla bir yerdə işləmiş, onunla yoldaşlıq etmiş ədəbiyyat və incəsənət xadimləri yazır ki, o, məşqlərə tək gəlməzdi, həyat yoldaşı Məleykə xanımı da özü ilə gətirərdi. Məleykə xanım onun bütün yaradıcılığını izləyir, ərinin sevinci ilə yaşayırdı. Milli sahibkar Hacı Zeynalabdın Tağıyev həyat yoldaşı Sona xanımla birlikdə Azərbaycanda incəsənətin, mədəniyyətin inkişafına, qızların təhsil almasına öz əvəzsiz töhfələrini vermişdilər. Bu misallardan göründüyü kimi, hər bir dövrün özünəməxsus nümunəvi ailə modelləri mövcud olmuşdur. Və bu modellər daha böyük əhəmiyyətə o zaman malik olur ki, yaradılmış münasibətlər sistemi bir neçə nəsil davam etsin. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O qeyd edirdi ki, ".... Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Müasir dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə, istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır. Bəzi alimlər təsdiq edir ki, müasir əhalinin ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın təsiri altında birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır. Bəşəriyyətin diqqətində olan bu problemlə bağlı müxtəlif müzakirələr aparılır, çağırışlar edilir. Elə bu il ərzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin birinci Nazirlərin "İslam Əməkdaşlıq Təşkilatı dövlətlərində evlilik, ailə institutu və bu dəyərlərin qorunması”, "İslam dünyasında sosial siyasət və ailə: tələblər və ehtiyaclar” mövzusunda keçirilən konfranslar bu məsələlərin dünya ölkələri üçün nə qədər aktual olduğunu bir daha göstərdi.
Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. O, ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz.
Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublikamızda müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BƏT-in "Kişi və qadın işçilər — ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli, BMT-nin "Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, "Uşaq Hüquqları haqqında”, "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, "Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş Konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. "Ailə kəndli təsərrüfatı haqqında”, "Uşaq hüquqları haqqında”, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, "Uşaqların icbari dispanserizasiyası haqqında”, BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında» və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolların təsdiq edilməsi barədə, "Ərdə olan qadının vətəndaşlığı haqqında”, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, "Ahıllara sosial xidmət haqqında”, "Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında”,"Uşaqlı ailələrin sosial müdafiəsi haqqında” və digər Qanunlar qəbul edilmişdir.
Müstəqil dövlətimizin ali sənədinin- Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir. Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan, qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. O, 1995-ci ildə "Respublika Ailə-Sağlamlıq Mərkəzi”nin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə deyirdi : ".... bizim xalqımızın, millətimizin sağlamlığı üçün, həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu, bizim millətimizin, xalqımızın qədimlərdən qalmış ənənəsidir. Biz ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişaf etdiririk və inkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan üçün, cəmiyyət üçün zərərlidirsə biz onlardan xilas olmalıyıq, imtina etməliyik. Bax, bu adət-ənənələrdən biri də keçmişdən bizə miras qalmış, millətimizə xas olan adət-qohumların evlənməsi, ailə qurmasıdır. Siz, tibb işçiləri və alimləri bunun həm ailələr üçün, həm də ümumiyyətlə millətimizin gələcəyi üçün nə qədər zərərli olduğunu bilirsiniz. Amma nədənsə, bu sahədə ciddi tədbirlər görülmür. Belə bir adət-ənənələrin zərərli olduğu insanlara çatdırılmır, izah edilmir, bu sahədə lazımi profilaktik işlər, yəni izahat işləri aparılmır. Məhz bunların nəticəsində, - yəqin ki, siz bu sahədə tədqiqatlar aparmısınız, bilirsiniz, - çox adamlar anadangəlmə şikəst olur, yaxud əqli cəhətdən inkişaf etmir. Belələri yaşasalar da, fiziki cəhətdən çatışmazlıq onları həmişə incidir”. Bu bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir. Bu baxımdan, Ulu Öndərin imzaladığı "Əhalinin sağlamlığının qorunması haqqında” Qanunu xüsusilə qeyd etmək lazımdır. Məhz bu xidmətin və qayğının nəticəsidir ki, ildən-ilə ailələrin sayı çoxalaraq, hazırda iki milyonu ötmüşdür. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modeli kimi qiymətləndirilir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şərəflə davam etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini tutan Cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə islahatlar aparılmışdır. Xüsusilə, ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında, Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə, 2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdı. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları”, "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu addımlardandır. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrə dövlət başçımızın diqqəti sayəsində həmin ailələrin bir çox problemləri artıq həll olunmuşdur. Burada əsas məqsəd belə həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, eyni zamanda, onları sosial və iqtisadi həyatda iştiraka cəlb etməkdir.
Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf”, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi”, "Azərbaycan gəncliyi”, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramları, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və digər Sərəncamlar hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” və bir sıra digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Ölkəmizin bu sahədə uğurlarının davam etdirilməsi üçün yeni qanunvericilik aktlarının, milli fəaliyyət planlarının qəbul edilməsi vacibdir. Qeyd edim ki, ölkə başçısının Sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi, uşaqların bütün sahələrdə hüquqlarının müdafiəsi üçün hədəflər müəyyən edilmişdir. Onlardan ən vacibləri ailə institutunun gücləndirilməsi, qadın və uşaq hüquq və imkanlarının artırılması, reproduktiv sağlamlıq, məişət zorakılığı və s. göstərmək olar.
Qeyd etmək lazımdır ki, Аzərbаycаnın Respublikasının Birinci vitse-prezidenti, Hеydər Əliyev Fondunun Prеzidеnti Mеhribаn хаnım Əliyevа qаdınlаrın problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşır. Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev Fondu bu missiyanı şərəflə həyata keçirir. Artıq 10 ildən çox fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri reallaşdıraraq yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tikilən xəstəxanalar, məktəblər, internat evləri qadınların və uşaqların sağlamlığının müdafiəsinə, onların daha keyfiyyətli təhsil almasına şərait yaratmışdır. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Fondun maliyyə dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi respublikalarında, müsəlman ölkələrində bir sıra sosial, elm və mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında bu Fondun rolu danılmazdır. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilən genosid haqqında məlumatların dünyaya yayılmasında və təbliğ olunmasında Heydər Əliyev Fondunun və onun vitse- prezidenti Leyla xanım Əliyevanın rolu çox böyükdür. Artıq neçə illərdir ki, Azərbaycan həqiqətləri "Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünya dövlətləri tərəfindən tanınır. Ulu Öndərin əziz xatirəsinə ehtiram olaraq yaradılmış Fond onun arzu və ideyalarının yaşaması və gerçəkləşməsində mühüm yer tutur.
Görkəmli ictimai - siyasi xadim Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi ki: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələri tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər. Xüsusilə, savadlı, yüksək səviyyəsi və dünyagörüşü olan qadın həm də sağlam cəmiyyət, gələcək deməkdir. Ulu Öndər hər zaman qadınlarımızın, gənc qızlarımızın, xüsusilə də kəndlərdə yaşayan qadınlarımızın təhsili, ictimai fəallığının yüksəldilməsi məsələlərini nəzərdə saxlamışdır. Hələ 70-ci illərin ortalarında, rəsmi iclaslarda çəkinmədən qızların təhsildən yayınması, erkən nikah, qadına qarşı zorakılıq halları ilə bağlı problemləri qeyd edirdi. Mən sizə Ümummilli Liderin bir neçə fikirlərini nümunə çəkmək istərdim: "Təəssüf ki, bizdə azərbaycanlı qızların yuxarı siniflərindən yayınması, tez nişanlanması, hədd-buluğa çatmayan qızların ərə verilməsi faktları hələ də vardır”. " Bu gün böyük kədər hissi ilə qeyd etmək lazımdır gəlir ki, respublikanın bəzi rayon və kəndlərində qadına hörmətsizlik hallarına, geri qalmış baxışların təzahürlərinə, köhnəlmiş patriarxal adətlərin icrasına hələ də təsadüf edilir”. O, qadınların kəndin ictimai həyatında çox az iştirak etdiyini bildirirdi. Buna səbəb isə onların peşə biliklərini və mədəni səviyyələrini artırmaq üçün məktəb və kurslara az cəlb olunmasını göstərirdi. Hakimiyyətinin bütün dövrlərində qadınlarımızın, gənc qızlarımızın savadlı, bilikli olması üçün mühüm addımlar atmışdır.
Ailənin bütövlüyünün qorunmasında Azərbaycan qadınının özünəməxsus yeri vardır. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Ümummilli Lider Heydər Əliyev ailədə ananın rolunu yüksək qiymətləndirirdi: ".... Amma ən əziz amil odur ki, hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur. "Ana” sözü müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də "Ana Vətən” deyirik, torpağa da "Ana torpaq” deyirik. Anaya hörmət, ana qarşısında borcunu yerinə yetirmək hər kəsin ən ali vəzifəsi olmalıdır. Ana cəmiyyətimizə yararlı olan zəkalı, istedadlı insanlar böyüdərək, onları vətənə bəxş edir. Ana ailənin dayağıdır. Hər bir ailənin səadəti, əmin-amanlığı birinci növbədə ananın rolundan və onun fəaliyyətindən asılıdır. Hər birimiz anaya borcluyuq və hər bir qadın da ana olmaqla xoşbəxt olur. Müharibələrdə vuruşan qəhrəman, cəsur Azərbaycan övladlarını boya-başa çatdıran bütün analar, qadınlar cəmiyyətimizdə xüsusi yer tuturlar. Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədi imzalaması olmuşdur. Bu atəşkəs ana və bacıların axan göz yaşlarını dayandırdı.
Komitə tərəfindən min yeddi yüz altmış (1760) nəfəri əhatə edən online sosioloji sorğu həyata keçirilmişdir. Tədqiqat zamanı boşanmanın səbəbləri, prosessual tərəfləri və ictimai rəydə boşanmalara olan münasibət öyrənilmişdir. Təhlillər göstərir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil, digər vacib məqamlardır ki, bunlar da özündə tərbiyə, mənəviyyat, davranış və əxlaqi dəyərləri birləşdirir. Müasir dövrdə nikaha daxil olanlar sadəcə toya qədər olan prosesi fikirləşir, ondan sonrakı proses sanki ailə həyatına daxil deyil. Elə bu yanaşma bəzi ailələrdə problemlərin yaranmasına səbəb olur. Qeyd etmək lazımdır ki, erkən və qeyri-rəsmi nikahlar, kişinin məsuliyyəti aşağı olan, ailəyə ciddi münasibət göstərməyən, qüsurlu uşaq doğulanda, uşaqsız ailələrdə boşanma halları daha çoxdur. Belə ailələrdə köməksiz qalan qadınların müdafiə olunması məsələsi aktuallaşır. Komitəmiz tərəfindən yaranan Qadın Resurs Mərkəzlərində gənc, xüsusilə həssas qrupa daxil olan qadınların cəmiyyətə inteqrasiyası, müxtəlif peşələrə yiyələnməsi üçün təlimlər təkil olunur. Bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur, iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir. Boşanma zamanı ən çox uşaqlar zərər çəkirlər, daha çox psixoloji problemlərə məruz qalırlar. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. İndiki halda artan boşanmalar, ailədaxili münasibətlərin pozulması, ailə münaqişəsi zəminində baş verən cinayətlər onu göstərir ki, ailəni qurmaq nə qədər məsuliyyətlidirsə, onu qoruyub saxlamaq bir o qədər də çətindir. Statistik məlumatlara görə, məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişəsi nəticəsində yaranır və əmlak xarakterlidir. Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) orqanlarında nikaha girən tərəflərə müqavilənin üstünlükləri izah olunmalıdır.
Qanunvericiliyə bununla bağlı müddəaların daxil edilməsini məqsədəuyğun hesab edirik. Boşanma səbəbləri sırasında ən çox boşanma halları ər və arvadın xasiyyətlərinin tutmadığı nəticəsində baş verdiyi qeyd edilir. İnsanlar ailənin fundamenti olan güzəşt, səbr, qarşılıqlı anlayış kimi amilləri nəzərə almayaraq dərhal nikahlarının ləğv edilməsinə cəhd edirlər. Sadələşdirilmiş boşanma prosesi Azərbaycanda boşanmaların say artımına təsir edən faktorlardan biridir. Ailənin qorunub saxlanılması cəmiyyət üçün və gələcək nəsil üçün vacibdir. Lakin qanunvericilik çərçivəsində məhkəmələrin ailəni qorumaq üçün səlahiyyətləri yetərli deyil. Bu məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklər edilərsə, məhkəmələrdə ailəni qorumaq imkanı da artar.
Ailələrin dağılmasının səbəblərindən biri də məişət zorakılığıdır. Komitə tərəfindən bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Onların əsas fəaliyyəti rayon ərazisində baş vermiş məişət zorakılığı hallarının baş verməsi səbəblərinin öyrənilməsi, zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi, həmçinin zərərçəkmiş şəxslə profilaktiki işin təşkili, psixoloji və hüquqi yardımların göstərilməsindən ibarətdir. Qarşımızda dayanan məsələlərdən biri də yanlış dini təsəvvürlərin, stereotiplərin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyətinin gücləndirilməsi, insanların problemi daha düzgün dərk etməsi üçün davamlı layihələrin keçirilməsidir. Eyni zamanda, "Ailə psixoloqu” institutunun yaradılması, mövcud "məktəb psixoloqu”, " ağsaqqal - ağbirçək” institutlarının fəaliyyətinin gücləndirilməsi də bu istiqamətdə yaranmış problemlərin qarşısının alınmasında mühüm vəzifələrdəndir. Xüsusilə, vətəndaş cəmiyyəti bu sahədə vacib rola malikdir. Yerlərdə fəaliyyət göstərən Qadınlar Şurası aktiv olmalıdır. Kütləvi İnformasiya Vasitələrində mütəmadi olaraq düzgün məlumatlar verilməli, bu sahədə maarifləndirici və məlumatlandırıcı televiziya və radio verilişləri daha da gücləndirilməlidir. Qeyd edim ki, bu mövzular xüsusi yanaşma tələb etdiyi üçün jurnalistlərin bilik və təcrübələrinin artırılması ehtiyacı yaranmışdır.Bunu nəzərə alaraq Komitə vaxtaşırı təlimlər keçirir. Bu günlərdə Avropa İttifaqının TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində "Gender problemləri və Media” mövzusunda beynəlxalq seminar keçirilib. Yerli və beynəlxalq ekspertlərin təlimçi qismində iştirakı ilə keçirilən seminarın əsas məqsədi media tərəfindən gender problemlərinin, məişət zorakılığı məsələlərinin işıqlandırılması və bu sahələr üzrə Avropa İttifaqı təcrübəsinin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Bir məsələni də qeyd etmək istərdim ki, ailədə münasibətlər sisteminin düzgün olması da zəruridir. Əgər ailədə münasibətlər normal olarsa, o zaman insanlar da cəmiyyətdə müəyyən mövqe tuta bilərlər. Əgər tarazlıq pozularsa, həm problemi törədən, həm də yaranmış problemdən əziyyət çəkən insan (istər qadın, istər kişi, istərsə də uşaq olsun), cəmiyyətdə özünü təsdiq etmək üçün çətinliklərlə üzləşir. Məhz bu baxımdan qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların iqtisadi asılılıqdan azad olmasına gətirib çıxarır. İqtisadi cəhətdən güclü olan qadın yoxsul və ya işsiz qadına nisbətdə daha az zorkılığa məruz qalır. Buna görə də qadınların iqtisadi cəhətdən güclü olması onları həm də bu və ya digər formada zorakılığa məruz qalmaqdan da qoruyur. Boşanmaların, məişət zorakılığının sayı şəhərə nisbətən kənd və rayon yerlərində daha çoxdur. Buna görə də, kənd və rayonlarda yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının artırılması aktual məsələ kimi qarşımızda dayanan məsələlərdən biridir. Bu məqsədlə Komitəmiz tərəfindən "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir.
Bütövlükdə isə, biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə insan qurduqları ailələrin brilyant, qızıl, gümüş yubileylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və nəsildən – nəslə yaşadılır. Qeyd etmək istərdim ki, ölkəmizdə xüsusi istedadı, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz çoxdur. Çalışırıq ki, hər il Beynəlxalq Ailə günü ərəfəsində həmin ailələrin təcrübəsini, nümunə olmaq üçün, hamıya çatdıraq. Komitənin təşəbbüsü ilə 2008-ci ildən etibarən Ailə bayramı Şamaxı, Qax, Xaçmaz, İsmayıllı, Abşeron, Şəmkir rayonlarında Lənkəran, Şəki şəhərlərində təşkil edilmişdir. Hər il "Ailə bayramında” Azərbaycanın bütün rayonlarından 100-dən çox ailələr iştirak edir. Bu gün ölkəmizdə xüsusi fərqlənən, nümunəvi və uzunömürlüyü ilə seçilən ailələrimiz çoxdur. Həmin ailələrin təcrübəsi hamıya, xüsusən də gənclərə nümunədir. Və elə yeri gəlmişkən, qeyd edim ki, Komitə tərəfindən belə ailələrin, ümümiyyətlə, ailə dəyərlərimizin təbliği ilə bağlı "Azərbaycan ailəsi” kitabı çap olunmuşdur. Artıq 9 ildir ki Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə, "Azərbaycan ailəsi” adlı film festivalı uğurla həyata keçirilir. Film festivalının keçirilməsinin əsas məqsədi, kinomatoqrafiyanın imkanlarından istifadə etməklə, ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması və ailə institutunun inkişafına nail olunmasıdır.
Ulu Öndər deyirdi: "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Biz bu fikri əsas tutaraq, daha çox preventiv və profilaktik tədbirlər keçiririk. Əfsuslar olsun ki, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Bunlarэn sэrasэnda məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma, intihar halları var. Bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur, iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir. Ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə ildə-ilə qanunvericilik bazasının daha da güclənməsi ilə yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir. Bunun üçün məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsillə gənc nəslin dialoqunu təşkil edirik. Sağlam həyat tərzinin və nikahdan əvvəl tibbi müayinənin təbliği, əhalinin, xüsusilə yeniyetmə və gənclərin reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nikah və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar barəsində maarifləndirilməsi məqsədilə 2016-cı ildən etibarən "Mən həyatı seçirəm” , "İnsan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi”, "Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” adlı maarifləndirmə layihələri həyata keçirilir. Müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar ailə institutuna nəzərəçarpacaq təsir göstərməkdədir. Dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, eləcə də gənclərin xüsusilə də gənc qızların və qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə Komitə bələdiyyə orqanları ilə birgə "Ailə Akademiyası” layihəsinə start verilmişdir.
İnsanın mənəviyyatını hər şeydən uca tutan, daxili zənginliyini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifəni yerinə yetirməklə, həm də bəşəriyyətin daha mütərəqqi inkişafına təsir edə bilərik.
Hicran Hüseynova,
Azərbaycan Respublikasının Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin sədri,siyasi elmləri doktoru, professor
banner

Oxşar Xəbərlər