• cümə, 26 Aprel, 19:43
  • Baku Bakı 22°C

Azərbaycan ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir

15.05.20 14:37 512
Azərbaycan ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir
BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsi ilə mayın 15-i Beynəlxalq Ailə Günü elan edilib.
Ailə dövlətin kiçik modeli hesab edilir. Azərbaycan ailəsi və ölkəmizdə formalaşmış ailə modeli əsrlərboyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olub. Nəzərə almalıyıq ki, hər bir insanın, hətta hər bir xalqın özünütəsdiq etməsində və inkişafında ailənin rolu böyükdür. Bu institutun möhkəm və davamlı olması həmin cəmiyyətin və dövlətin güclü olması, inkişafı deməkdir.
Bu fikriAZƏRTAC-a açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib. O qeyd edib ki, Azərbaycanda bu istiqamətdə dövlət siyasətinin əsas prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunub. Hazırda bu siyasət sistemli şəkildə və uğurla aparılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli dəyərləri və müasirliyi özündə birləşdirən ailə modelinin təbliğatçısı kimi bu sahədə fəaliyyəti bir nümunədir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Deputat vurğulayıb ki, bu gün dünya qlobal təhlükə olan COVID-19 pandemiyası ilə mübarizə aparır. Görünməyən düşmənlə mübarizədə dünya yeni çağırışlarla üzləşib. Koronavirus insanlar, o cümlədən ailələr üçün də çətinliklər yaradaraq onların sosial, psixoloji və mənəvi vəziyyətlərindən adi günlük rejimlərinə qədər ciddi təsir göstərib. Hər bir dövlət bu pandemiya ilə mübarizədə öz vətəndaşını yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmaq üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan bu istiqamətdə atdığı addımlarda da öz unikallığını göstərdi. Prezident İlham Əliyev insan amilini üstün tutduğunu bir daha qeyd etdi. Dövlətimizin başçısının rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilir. Elə bu fəaliyyətlərin də əsasında insan, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır.
"Azərbaycan ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir və ölkədə bu istiqamətdə mütəmadi olaraq işlər görülür. "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında”, "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunub, Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilib.
Onu da qeyd etməliyəm ki, "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi təşəbbüsü olub.
Dövlət tərəfindən yaranmış bütün imkanlarla yanaşı, bu gün ailələrin üzərinə də böyük məsuliyyət düşür. Bu baxımdan ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir.
Bu gün ailələrimiz və onların hər bir üzvü bir-biri ilə münasibətdə və cəmiyyət qarşısında öz məsuliyyətini anlamalıdır. Uşaqların böyüdülməsi, düzgün tərbiyə edilməsi və uğurlu vətəndaş kimi yetişdirilməsində ailənin rolu böyükdür. Ailə uğurlu təməl üzərində qurulmalı və ona ciddi münasibət bəslənilməlidir”, - deyə H.Huseynova bildirib.
banner

Oxşar Xəbərlər