• çərşənbə axşamı, 16 aprel, 09:48
  • Baku Bakı 14°C

Azərbaycan-ABŞ əməkdaşlığında yeni mərhələ

05.06.18 09:00 3150
Azərbaycan-ABŞ əməkdaşlığında yeni mərhələ
Müstəqil Azərbaycan, işğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu münasibətlər qurur. Azərbaycan-ABŞ əlaqələri də məhz bu kontekstdə qurulub və indiyə qədər inkişaf etdirilməkdədir. Məlumat üçün qeyd edək ki, ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin noyabr ayında Azərbaycanın ABŞ-da səfirliyi açılıb. Hal-hazırda, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovdur. 1997 və 2003-cü illərdə ümummilli lider Heydər Əliyev, 2006-cı ildə prezident İlham Əliyev ABŞ-da işgüzar və rəsmi səfərlərdə olub. Hər iki tərəfi təmsil edən digər rəsmi şəxslər tərəfindən də çoxsaylı qarşılıqlı səfərlər reallaşdırılıb. Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu, ABŞ Konqresində "Azərbaycan üzrə İşçi Qrupu” (24 mart 2004-cü ildən) fəaliyyət göstərir. Bill Şuster və Dan Boren "Azərbaycan üzrə İşçi Qrupu”nun həmsədrləridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri isə deputat Səməd Seyidovdur. Bu günə kimi iki ölkə arasında 80-ə yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb.

İnamla deyə bilərik ki, müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri arasında ABŞ-la münasibətlər daim mühüm yer tutub. Bu münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər iki dövlətin mili maraqlarına cavab verməkdədir.Dünyanın super dövləti olaraq ABŞ-la münasibətlərin normal səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır. Təsadüfi deyildir ki, 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi”ndə və sonrakı mərhələlərdə bağlanmış digər neft-qaz kontraktlarında xeyli sayda ABŞ şirkəti təmsil olunub. Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən biri də qlobal təhlükəsizlik və terrorizmlə mübarizədir. Bəlli olduğu kimi, Azərbaycan ABŞ-ın milli maraqlarını və bütün sivil dünyanı təhdid edən terrorizmlə mübarizə işində ABŞ-la yaxından işbirliyinə malikdir. Ölkəmiz 2001-ci ildə Əfqanıstana qarşı yaradılmış beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olmaqla, ABŞ-la ciddi əməkdaşlıq edib. Bu əməkdaşlıq hazırda da davam etməkdədir.

Azərbaycan-ABŞ münasibətlərinin mühüm aspektlərindən biri də Dağlıq Qarabağ problemi ilə bağlıdır. ABŞ Minsk qrupunun üzvü kimi münaqişənin həlli ilə bağlı prosesdə yaxından iştirak edir. Azərbaycan ABŞ-ın prosesdəki aktiv roluna daim ümid bəsləyir. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədri olan rəsmi Vaşinqtonun Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun qəbuledilməz olması məsələsində tutduğu mövqeyə uyğun mövqe sərgiləməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulaması, həm də qlobal və regional təhlükəsizliyin təmin edilməsi baxımından önəmlidir.

Qeyd edək ki, Azərbaycanın etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevirmə istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi ABŞ-ın diqqətini cəlb etməyə bilməz. Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu qeyd edirlər. Onların qənaətinə görə, yaxın gələcəkdə ABŞ-ın regiondakı ən yaxın müttəfiqi Azərbaycan olacaqdır. Bunu cari il ərzində ABŞ prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı İlham Əliyevə ünvanladığı məktublar, amerikalı rəsmilərin ölkəmizə səfərləri, səsləndirdikləri bəyanatlar bir daha təsdiqləyir. Misal üçün qeyd edək ki, Azərbaycanda aprel ayında keçirilən prezident seçkilərindən bir müddət sonra – aprelin 27-də ABŞ Prezidenti D.Tramp dövlət başçısı İ.Əliyevə təbrik məktubu göndərib. Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə birgə işləmək əzmində olduğunu diqqətə çatdıran D.Tramp, Prezident İ.Əliyevlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə biləcəyinə əminliyini vurğulayıb. Azərbaycan Prezidentini və xalqını ən xoş arzularla, səmimi şəkildə salamlayan D.Tramp qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir.
Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, iki ölkə arasındakı münasibətlərdə ABŞ-Azərbaycan iqtisadi əlaqələri önəmli yer tutur. Azərbaycanla Birləşmiş Ştatlar iqtisadiyyatın bir çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi, resurs mənbələrinin şaxələndirilməsi istiqamətində uğurlu əməkdaşlıq edirlər. Yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, ABŞ şirkətləri ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına ümumilikdə 200 milyard dollaradək investisiya yatırıb. İndiyə qədər Azərbaycan öz tərəfdaşları və Birləşmiş Ştatların tam dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm geostrateji layihələri həyata keçirib. Bunun davamı olaraq, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edir. Hansı ki, Azərbaycan Prezidenti İ.Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində şəxsən iştirak edib. Bu mərasimdə ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk də çıxış edərək öz fikirlərini səsləndirib. Elə həmin gün Prezident İ.Əliyev ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini S.Oudkirkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İ.Əliyev qlobal enerji layihələrinin reallaşdırılmasında ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndirib və ölkələrimizin uzun illər həyata keçirdiyi tərəfdaşlıq əlaqələrinin çox yaxşı nəticələr verdiyini bəyan edib. ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini S.Oudkirk isə ölkələrimiz arasında energetika sahəsində möhkəm əsaslara söykənən əlaqələrin həyata keçirildiyini və bu əlaqələrin regionda əməkdaşlığın genişləndirilməsinə, həmçinin Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra genişlənəcəyinə əminlik ifadə olunub.

Bu əlamətdar hadisə - Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə ABŞ Prezidenti D.Tramp Azərbaycan dövlət başçısı İ.Əliyevə daha bir təbrik məktubu yollayıb. O, Azərbaycanla ABŞ arasında 30 illik əməkdaşlığın bu mühüm nailiyyətini birlikdə qeyd etməkdən məmnun olduğunu vurğulayıb. Qeyd edib ki, ilk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir. Azərbaycanın böyük neft yataqlarının dünya enerji bazarına sabitlik gətirdiyini diqqətə çatdıran D.Tramp qeyd edib ki, Azərbaycanın qaz hasilatı Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir. O, Azərbaycanın enerji layihələrinin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatların davam etdirilməsini dəstəklədiyini ifadə edib. D.Tramp həmçinin Qafqaz regionunun daha firavan, dinc, təhlükəsiz olması naminə Prezident İ.Əliyevlə birgə işləmək əzmində olduğunu xatırladıb.

Ən nəhayət, mayın 31-də Prezident İ.Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brinki qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə töhfəsi, o cümlədən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib, energetika sahəsində əlaqələr, regional əməkdaşlıq və demokratiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün bu sadalanan faktlar bir daha onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Hər iki dövlət regional təhlükəsizlik, enerji və iqtisadi inkişaf, demokratik islahatlar və insan hüquqları kimi sahələrdə güclü tərəfdaşlıq münasibətlərindən faydalanır.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər