Azərbaycan-ABŞ əməkdaşlığında yeni mərhələ
Müstəqil Azərbaycan,
işğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə qarşılıqlı
maraqlara söykənən, bərabərhüquqlu münasibətlər qurur. Azərbaycan-ABŞ əlaqələri
də məhz bu kontekstdə qurulub və indiyə qədər inkişaf etdirilməkdədir. Məlumat
üçün qeyd edək ki, ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə
tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə
qurulub. 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin
noyabr ayında Azərbaycanın ABŞ-da səfirliyi açılıb. Hal-hazırda, Azərbaycan
Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovdur. 1997 və 2003-cü illərdə ümummilli
lider Heydər Əliyev, 2006-cı ildə prezident İlham Əliyev ABŞ-da işgüzar və
rəsmi səfərlərdə olub. Hər iki tərəfi təmsil edən digər rəsmi şəxslər
tərəfindən də çoxsaylı qarşılıqlı səfərlər reallaşdırılıb. Bununla yanaşı,
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası
əlaqələr üzrə işçi qrupu, ABŞ Konqresində "Azərbaycan üzrə İşçi Qrupu” (24 mart
2004-cü ildən) fəaliyyət göstərir. Bill Şuster və Dan Boren "Azərbaycan üzrə
İşçi Qrupu”nun həmsədrləridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun sədri isə deputat Səməd Seyidovdur. Bu günə kimi iki ölkə
arasında 80-ə yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq
normativ-hüquqi baza yaradılıb.
İnamla deyə bilərik ki,
müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri arasında ABŞ-la
münasibətlər daim mühüm yer tutub. Bu münasibətlər ikitərəfli və çoxtərəfli
əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər iki dövlətin mili
maraqlarına cavab verməkdədir.Dünyanın super dövləti olaraq ABŞ-la
münasibətlərin normal səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin
demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm
rol oynayıb. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində
əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən
faktorlardandır. Təsadüfi deyildir ki, 1994-cü ildə bağlanmış "Əsrin
müqaviləsi”ndə və sonrakı mərhələlərdə bağlanmış digər neft-qaz kontraktlarında
xeyli sayda ABŞ şirkəti təmsil olunub. Ölkələrimiz arasında münasibətlərin
mühüm istiqamətlərindən biri də qlobal təhlükəsizlik və terrorizmlə
mübarizədir. Bəlli olduğu kimi, Azərbaycan ABŞ-ın milli maraqlarını və bütün
sivil dünyanı təhdid edən terrorizmlə mübarizə işində ABŞ-la yaxından
işbirliyinə malikdir. Ölkəmiz 2001-ci ildə Əfqanıstana qarşı yaradılmış
beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olmaqla, ABŞ-la ciddi
əməkdaşlıq edib. Bu əməkdaşlıq hazırda da davam etməkdədir.
Azərbaycan-ABŞ münasibətlərinin mühüm aspektlərindən biri də Dağlıq
Qarabağ problemi ilə bağlıdır. ABŞ Minsk qrupunun üzvü kimi münaqişənin həlli
ilə bağlı prosesdə yaxından iştirak edir. Azərbaycan ABŞ-ın prosesdəki aktiv
roluna daim ümid bəsləyir. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədri olan
rəsmi Vaşinqtonun Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllində
status-kvonun qəbuledilməz olması məsələsində tutduğu mövqeyə uyğun mövqe
sərgiləməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin
vacibliyini vurğulaması, həm də qlobal və regional təhlükəsizliyin təmin
edilməsi baxımından önəmlidir.
Qeyd edək ki, Azərbaycanın
etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici
siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla
zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma
deyil, əməkdaşlıq məkanına çevirmə istiqamətində mühüm diplomatik-siyasi
səylərini əsirgəməməsi ABŞ-ın diqqətini cəlb etməyə bilməz. Bu reallığı ifadə
edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün
ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş,
müttəfiq olduğunu qeyd edirlər. Onların qənaətinə görə, yaxın gələcəkdə ABŞ-ın
regiondakı ən yaxın müttəfiqi Azərbaycan olacaqdır. Bunu cari il ərzində ABŞ
prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı İlham Əliyevə ünvanladığı
məktublar, amerikalı rəsmilərin ölkəmizə səfərləri, səsləndirdikləri bəyanatlar
bir daha təsdiqləyir. Misal üçün qeyd edək ki, Azərbaycanda aprel ayında
keçirilən prezident seçkilərindən bir müddət sonra – aprelin 27-də ABŞ
Prezidenti D.Tramp dövlət başçısı İ.Əliyevə təbrik məktubu göndərib. Amerika və
Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə birgə
işləmək əzmində olduğunu diqqətə çatdıran D.Tramp, Prezident İ.Əliyevlə birlikdə
terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və
Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə biləcəyinə
əminliyini vurğulayıb. Azərbaycan Prezidentini və xalqını ən xoş arzularla,
səmimi şəkildə salamlayan D.Tramp qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə
və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə
töhfə verəcəkdir.
Bu yerdə onu da xatırlatmaq
yerinə düşər ki, iki ölkə arasındakı münasibətlərdə ABŞ-Azərbaycan iqtisadi
əlaqələri önəmli yer tutur. Azərbaycanla Birləşmiş Ştatlar iqtisadiyyatın bir
çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi, resurs
mənbələrinin şaxələndirilməsi istiqamətində uğurlu əməkdaşlıq edirlər. Yaradılmış
əlverişli biznes mühitinin nəticəsidir ki, ABŞ şirkətləri ötən dövr ərzində
Azərbaycan iqtisadiyyatına ümumilikdə 200 milyard dollaradək investisiya
yatırıb. İndiyə qədər Azərbaycan öz tərəfdaşları və Birləşmiş Ştatların tam
dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi
mühüm geostrateji layihələri həyata keçirib. Bunun davamı olaraq, ABŞ və
Azərbaycan Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək
Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edir. Hansı ki, Azərbaycan
Prezidenti İ.Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin
rəsmi açılış mərasimində şəxsən iştirak edib. Bu mərasimdə ABŞ Dövlət katibinin
köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk də çıxış
edərək öz fikirlərini səsləndirib. Elə həmin gün Prezident İ.Əliyev ABŞ Dövlət
katibinin köməkçisinin enerji məsələləri üzrə müavini S.Oudkirkin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İ.Əliyev qlobal enerji
layihələrinin reallaşdırılmasında ABŞ hökumətinin dəstəyini yüksək
qiymətləndirib və ölkələrimizin uzun illər həyata keçirdiyi tərəfdaşlıq
əlaqələrinin çox yaxşı nəticələr verdiyini bəyan edib. ABŞ Dövlət katibinin
köməkçisinin enerji məsələləri üzrə müavini S.Oudkirk isə ölkələrimiz arasında
energetika sahəsində möhkəm əsaslara söykənən əlaqələrin həyata keçirildiyini
və bu əlaqələrin regionda əməkdaşlığın genişləndirilməsinə, həmçinin Avropanın
enerji təchizatının şaxələndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb. Görüşdə
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji,
təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin
bundan sonra genişlənəcəyinə əminlik ifadə olunub.
Bu əlamətdar hadisə -
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk
qazın verilməsi münasibətilə ABŞ Prezidenti D.Tramp Azərbaycan dövlət başçısı
İ.Əliyevə daha bir təbrik məktubu yollayıb. O, Azərbaycanla ABŞ arasında 30
illik əməkdaşlığın bu mühüm nailiyyətini birlikdə qeyd etməkdən məmnun olduğunu
vurğulayıb. Qeyd edib ki, ilk müstəqil dövlətinin 100 illiyini qeyd edən
Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir.
Azərbaycanın böyük neft yataqlarının dünya enerji bazarına sabitlik gətirdiyini
diqqətə çatdıran D.Tramp qeyd edib ki, Azərbaycanın qaz hasilatı Türkiyə və
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir. O, Azərbaycanın
enerji layihələrinin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatların
davam etdirilməsini dəstəklədiyini ifadə edib. D.Tramp həmçinin Qafqaz
regionunun daha firavan, dinc, təhlükəsiz olması naminə Prezident İ.Əliyevlə birgə
işləmək əzmində olduğunu xatırladıb.
Ən nəhayət, mayın 31-də
Prezident İ.Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisinin müavini xanım Bricet Brinki qəbul edib. Görüşdə Azərbaycanla ABŞ
arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik
sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı Azərbaycanın
beynəlxalq terrorizmlə mübarizəyə töhfəsi, o cümlədən Əfqanıstanda sülhməramlı
əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib, energetika sahəsində əlaqələr,
regional əməkdaşlıq və demokratiyanın inkişafı ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Bütün bu sadalanan faktlar
bir daha onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq
səviyyəsindədir. Hər iki dövlət regional təhlükəsizlik, enerji və iqtisadi
inkişaf, demokratik islahatlar və insan hüquqları kimi sahələrdə güclü
tərəfdaşlıq münasibətlərindən faydalanır.
Rufik İSMAYILOV