• cümə, 19 Aprel, 08:20
  • Baku Bakı 13°C

Azər Qaraçənli: “Məhkəməni bizdən başqa sayan yoxdur”

06.12.13 13:46 1681
Azər Qaraçənli: “Məhkəməni bizdən başqa sayan yoxdur”

Dekabrın 6-da Səbail Rayon Məhkəməsində mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması ilə əlaqədar növbəti proses keçirilib.
Bu məhkəmə prosesi 2012-ci ilin sentyabrından başlayıb. Səbəb Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi vaxt - 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunmasıdır. Torpaq sahəsi 2011-ci ildə zəbt edilib. Bununla bağlı Ağa Laçınlının ailəsi bir sıra dövlət instansiyalarına, həmçinin məhkəməyə müraciət edib.
İşə Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov baxır. 2012-ci il oktyabrın 24-də Nurəddin Bağırov torpaq sahəsində ekspertiza keçirilməsi barədə qərar çıxarıb. O, ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edib. Hakim qərarında göstərib ki, Məhkəmə Ekspertiza Mərkəzi ekspertizanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsindən olan mütəxəssislərin, Ağa Laçınlının ailəsinin və sabiq icra başçısının nümayəndələrinin iştirakı ilə keçirməlidir. Ancaq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ekspertizanın baş tutmasına imkan verməyib. Sonda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi müddətin başa çatmasını əsas gətirərək işi məhkəməyə qaytarıb.
Ağa Laçınlının ailəsi məhkəmənin öz qərarını icra etməməsindən şikayətlər verib. Təkidli şikayətlərdən sonra məhkəmə Ədliyyə Nazirliyinin ekspertizasına maraq göstərməyib, yalnız Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə torpağa baxış keçirərək rəy verilməsi haqda məktub göndərib. Bu məktub da üç ay sonra icra olunub. Aprelin 10-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsində apardığı araşdırmanın nəticəsi barədə Səbail Rayon Məhkəməsinə rəy göndərib.
Uzun fasilədən sonra dekabrın 6-da bərpa olunan məhkəmə prosesində hakim Nurəddin Bağırov deyib ki, o, vaxtilə ekspertizanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edəndə bir sıra suallara cavab verilməsini istəmişdi. Hakim bildirib ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin göndərdiyi rəydə onun bütün suallarına cavab verilməyib. Buna görə də Nurəddin Bağırov yenidən ekspertiza keçirilməsinə qərar verdiyini açıqlayıb.
Ağa Laçınlının oğlu jurnalist Azər Qaraçənli məsələni şərh edərkən deyib ki, onlar zəbt edilmiş torpaqda ekspertizanın keçirilməsində həmişə maraqlı olublar: “2012-ci il oktyabrında hakim ekspertizanın keçirilməsinə qərar verəndə biz uzun müddət bu qərarın icra edilməməsindən şikayətçi olmuşuq. Ancaq məhkəmənin Azərbaycan Respublikası adından verdiyi qərar icra olunmadı, sayğısızlıq göstərildi, ekspertiza keçirilmədi. Onda biz gözləyirdik ki, məhkəmə öz qərarının icra olunmasını təmin edəcək. Ancaq məhkəmə bunu etmədi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə - ekspertizanın keçirilməsinə imkan verməyən quruma müraciət edib rəy verilməsini istədi. Üç ay sonra da olsa, nəhayət ki, rəy verildi. İndi məhkəmə bu rəyə qane olmur, yenidən ekspertizaya ehtiyac duyur. Həm də məhkəmə nədənsə ekspertiza haqda əvvəlki qərarının icrasını tələb etmir, yəni ekspertizanın keçirilməsi barədə 2012-ci ilin oktyabrında çıxardığı qərarı icra olunmamış qala-qala yeni ekspertiza təyin edir”.
Azər Qaraçənli vurğulayıb ki, bütün bunlar məhkəmənin yekunlaşması prosesinin daha da uzanmasına gətirib çıxarır: “Bu işdə məhkəməni bizdən - iddiaçı tərəfdən başqa sayan yoxdur. Hakim ekspertiza haqda qərar verir, amma qərar icra olunmur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə suallar göndərir, komitə rəyində o suallardan yalnız birinə cavab yazır. Bu komitənin nümayəndələri bir dəfə də olsun məhkəməyə gəlməyiblər. Dekabrın 6-da keçirilən sonuncu prosesə heç cavabdeh tərəfdən - Məmmədovlar ailəsindən də gələn olmamışdı. Ümid edək ki, hakim Nurəddin Bağırov, nəhayət ki, öz qərarını məhkəməyə sayğısızlıq göstərən tərəflərə icra etdirə biləcək və 2012-ci ildə reallaşdıra bilmədiyi ekspertizanın heç olmasa 2014-cü ildə keçirilməsini təmin edəcək”.
banner

Oxşar Xəbərlər