• çərşənbə, 17 Aprel, 02:13
  • Baku Bakı 14°C

Azər Həsrət: Xarici KİV-lər qanunsuz təşviqat aparır

24.09.13 15:58 1169
Azər Həsrət: Xarici KİV-lər qanunsuz təşviqat aparır
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Azərbaycanda fəaliyyət göstərən bəzi xarici KİV-ləri ölkə qanunlarına sayğılı davranmağa çağırıb.
Trend-in məlumatına görə, A.Həsrət çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamada bildirib ki, başçılıq etdiyi qurum bu il oktyabrın 9-da keçiriləcək prezident seçkisi ilə bağlı xarici medianın da davranışlarını müşahidə edir.
Bu baxımdan ABŞ Konqresi tərəfindən maliyyələşən "Amerikanın səsi" və "Azadlıq" radiolarının prosesdə nümayiş etdirdiyi münasibət ciddi suallar doğurur.
A.Həsrət qeyd edib ki, bu radiolardan ikisi açıq şəkildə prezidentliyə namizədlərdən birinin təbliğat-təşviqat prosesində iştirak edir. Bu isə Azərbaycan qanunlarına zidd olmaqla bütövlükdə dövlətə və xalqa qarşı sayğısızlıqdır:
"Adıçəkilən kanallar digər namizədlərin fəaliyyətlərini görməzlikdən gələrkən, konkret bir namizədin - Milli Şuranın namizədi Cəmil Həsənlinin təşviqatında açıq şəkildə iştirak edirlər. Müşahidələr göstərir ki, "Azadlıq" radiosu daha uzağa gedərək təbliğat-təşviqat kampaniyası çərçivəsində Milli Şuranın sentyabrın 22-də keçirilən mitinqini əvvəldən axıra kimi yayımlayıb. Bununla bərabər hadisə yerindən müxtəlif reportajlar da verilib. Bu, bir namizədin xeyrinə açıq-aşkar aparılan təbliğatdır. Eyni zamanda, "Amerikanın səsi" radiosunun saytında da prezidentliyə namizədin həmin mitinqdəki nitqinin videosu yerləşdirilib. Bütün bunlar isə konkret olaraq Azərbaycan qanunlarına zidd olmaqla bərabər, xarici radiokanalların ölkəmizin daxili siyasi proseslərində tərəf tutmasından başqa bir şey deyil".
Seçki Məcəlləsinin 90.2.1-ci maddəsinə istinadla xarici radiokanalların belə bir yanaşmasının ciddi problemlər yarada biləcəyinə diqqət çəkən A.Həsrət Mərkəzi Seçki Komissiyasını məsələyə diqqət yetirməyə çağırıb.
Xatırladaq ki, həmin maddəyə əsasən, xarici dövlətlər və xarici hüquqi şəxslər hər hansı formada namizədlərə "könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə" yardım edə bilməzlər.
A.Həsrət onu da qeyd edib ki, "Amerikanın səsi" və "Azadlıq" radioları bu cür davranış sərgiləməklə həm də özlərinin söykəndiyi və durmadan təbliğ etdiyi media prinsiplərini ayaq altına atırlar. Bu qurumların bəzi jurnalistlərinin siyasi proseslərdə özlərini tərəf kimi aparması isə nəinki onların daxili prinsiplərinə, ümumilikdə beynəlxalq jurnalistika prinsiplərinə ziddir: "Biz medianın tərəfsiz, siyasi proseslərdə iştirakçı olmadan fəaliyyət göstərməsi üçün çalışdığımız bir vaxtda xüsusən də ABŞ kimi demokratiya beşiyi olan bir ölkənin radiokanallarının belə davranışlarını heç cür məqbul saya bilmərik".
CASCFEN sədri açıqlamasında prezidentliyə namizəd Cəmil Həsənlini də xarici radioların bu cür "ayı xidməti"nin qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.
banner

Oxşar Xəbərlər