• şənbə, 20 Aprel, 19:35
  • Baku Bakı 24°C

Azər Həsrət onu təhqir edənlərə cavab verdi

29.08.13 15:46 1981
Azər Həsrət onu təhqir edənlərə cavab verdi
Azər Həsrət, [email protected]

Bu yazını xeyli götür-qoydan sonra yazıram. Bir müddət düşündükdən sonra qərara gəldim ki, yazım. Burada söhbət konkret olaraq mənim siyasi mövqeyimdən narazı olanların arqumentlərindən gedəcək.
Beləliklə, Milli Şura Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd elan edəndə, ona qədərsə şərti adı “milyarderlər ittifaqı” olan Moskva yetirməsi meydana çıxanda açıq şəkildə bəyan etmişdim ki, mən onlara qarşıyam. Bunu TV verilişlərimdə də, yazılarımda və sosial şəbəkələrdəki paylaşımlarımda da açıq şəkildə ifadə etmişdim. Təbii ki, konkret siyasi kəsimə aid olan bir para insanlar mənim mövqeyimi topa tutaraq daha haralara işləmədiyimi iddia etmədilər? Hətta normal polemika aparmağı belə bacarmayan, ən adi ədəb qaydalarından xəbərsiz bu adamlar məni təhqir də etməkdən çəkinmədilər. Hamısına dözdüm, gözlədim ki, zaman öz sözünü deyəcək və onların qanacağı olsa məndən üzr istəyəcəklər.
Gözlədiyim kimi də oldu. Zaman sözünü dedi, “milyarderlər ittifaqı” havaya buxarlandı, Rüstəm İbrahimbəyov da Milli Şuranı sonadək başda gəzdirib axırda namizədlik oyununa son verdi. Nəticədə Milli Şuraya ümidlərini bağlayan səmimi müxalifətçilər bir daha ruh düşkünlüyünə qapılmalı oldular. Yəni mən haqlı çıxdım. Bütün tənqid və təhqirlərə təmkinlə dözərək bu günü gözlədim və zaman hər şeyi həll etdi.
Rüstəm İbrahimbəyovdan əli üzülən müxalif dostlarımız indi də çox dəyərli ziyalı, alim, gerçəkdən mədəni bir insan olan Prof. Cəmil Həsənlini oyuna gətirib. Artıq onu vahid namizəd olaraq bu seçkilərdə xərcləmək yolu tutublar. Yazılarımın birində də qeyd etdiyim kimi, Cəmil bəy Azərbaycana bir tarixçi alim, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətini araşdıran dəyərli bir ziyalı kimi lazımdır. Elə bu mövqeyimi də Facebook-da paylaşmışdım. Orada bir də qeyd etmişdim ki, Cəmil Həsənlinin namizədliyini irəli sürənlər onun kimə alternativ olacağını da nəzərə almalıdır. Yəni insani keyfiyyətləri ilə müsbət obraz kimi təqdim edilə biləcək Cəmil bəyin prezident olmağa yetəcək qədər xarizması yoxdur. Üstəlik o, hakimiyyətin namizədi, hazırkı Prezident İlham Əliyevlə qarşı-qarşıya gəlməli olacaq. Müqayisədə onun imkanları olduqca zəifdir və artıq on ildir bu ölkəni idarə edib yetərincə təcrübə toplamış İlham Əliyevlə ayaqlaşmaq üçün heç bir üstünlüyə malik deyil. Buna görə də Cəmil bəyi xərcləyənlər gərəkdir ki, bir daha götür-qoy etsinlər.
Mənim belə bir mövqeyim yenə də məlum cəbhənin fəalları tərəfindən top-tüfənglə qarşılandı. Onlardan biri hətta iddia etdi ki, “Azər Həsrətin maskası yırtıldı və əsl kimliyi üzə çıxdı”.
Mövqeyimlə razılaşmayanları başa düşürəm və onların arqumentlərinə sayğı duyuram. Əslində, normal cəmiyyətlərdə elə belə də olmalıdır. Ancaq qəbul etmədiyim bir şey də var. Bu da həmin adamların öz fikirlərini söyüşlə, təhqirlə və ədəbsiz bir şəkildə ifadə etməsidir. Təbii ki, müzakirələr zamanı onların səviyyəsinə heç vaxt enmədim və enmərəm də. Sadəcə bir şeyi başa düşə bilmirəm ki, niyə bu adamlar məhz mənim fikirlərimə qarşı belə dözümsüzdür? Mən ki, heç bir siyasi partiyanın üzvü deyiləm. Heç bir siyasi kəsimdə təmsil olunmuram və mövqeyimi müəyyən etməkdə sərbəstəm. Yəni bu gün kimsə iddia edə bilməz ki, mən onun qarşısında hansısa öhdəlik götürmüşəm ki, sizin namizədinizi qeyd-şərtsiz dəstəkləyəcəyəm.
Və bir də xüsusi olaraq vurğulamaq istədiyim məqam var: məni söyənlərin bir qismi gizli adlar altında edir bunu. İstər sosial şəbəkələrdə, istərsə də müxtəlif saytlarda yayımlanan yazılarımda uzun müddətdir ki, eyni stildə bir neçə nəfər məni söyən şərhlər yazmaqla məşğuldur. Bu adamlara orada da cavab vermişəm və indi də deyirəm ki, kişi olun, öz adınız altında yazın. Siz əgər bir şərhin altına adınızı yazacaq qədər cəsarət sahibi deyilsinizsə, ümumiyyətlə Azər Həsrət adlı adamla polemika açmağa haqqınız yoxdur. Çünki mən bu günə qədər nə yazdımsa altında Azər Həsrət imzası oldu. Bir adi sözü, cümləni belə gizli və ya saxta imzayla yazmadım. Yazmaram da heç zaman. Ona görə ki, mən doğru bildiyimi, doğru sandığımı yazıram və deyirəm. Və imzamın arxasında dayanmaqdan da heç vaxt çəkinmirəm. Siz də, lütfən, mənimlə polemikaya girmək fikrindəsinizsə, öz adınızla edin bunu. Edə bilmirsinizsə, yenə də lütfən, mənim başıma baş qoşmayın.
Sonda onu da əlavə edim ki, mənim heç bir maskam yoxdur. Gördüyünüz kimiyəm. Mövqeyim də qəti və birmənalıdır: hazırkı şəraitdə Azərbaycan üçün ən optimal yol status-kvonun qorunmasıdır. Bu ölkədə uzun illərin əziyyəti naminə əldə edilmiş sabitliyi pozmağa yönələn istənilən hərəkətin qarşısında mən də olacam, bu belə bilinə.
banner

Oxşar Xəbərlər