Azay Quliyev:

Azay Quliyev: "ATƏT PA Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir"

Cəmiyyət
18 Aprel 2017, 12:10 295
"ATƏT Parlament Assambleyası Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir". Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.

A.Quliyev qeyd edib ki, ATƏT PA-da münaqişələrlə bağlı mühüm sənədlər qəbul olunub: "Lakin biz düşünürük ki, bununla bağlı konkret addımlar, qərarlar lazımdır. ATƏT PA ATƏT-in bu istiqamətdə fəaliyyətini təftiş etməli, Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir".

O əlavə edib ki, həmsədrlərdən münaqişənin niyə hələ də həll olunmamasını, niyə hələ də təmas xəttində mülki insanların, Azərbaycan əsgərlərinin həlak olduqlarını soruşmaq lazımdır: "Ona görə də mən məsələ qoydum ki, Minsk qrupunun həmsədrlərindən biri ATƏT PA-nın növbəti sessiyalarının birinə dəvət olunsun və hesabat versin. Biz həm də ATƏT-in Minsk qrupu ölkələrinin parlament üzvlərinin görüşünün keçirilməsini planlaşdırırıq və bu toplantıda münaqişənin nizamlanmasını müzakirə edəcəyik".