Azalan evlilik, artan boşanma
Azərbaycanda
boşanmaların sayı artıb. 2016-cı ildə Azərbaycanda 13 114 boşanma qeydə alınıb.
Bu da 2011-ci ildən sonra ən yüksək göstərici sayılır. Son 6 ildə nikahların
sayının ən çox qeydə alındığı 2011-ci ildə 88 145 evlənmə olub. Həmin ildə
qeydə alınan boşanmaların sayı 10 747 olmaqla, son 6 ilin ən az göstəricisi
qeydə alınıb. 2011-ci ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı
9,7, boşanmaların sayı 1,2 olub. 2016-cı ildə isə əhalinin hər 1000 nəfərinə
düşən nikahların sayı azalaraq 6,9-a enib, boşanmaların sayı isə artaraq 1,4-ə
yüksəlib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya
və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun "Trend”ə verdiyi
məlumata görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət
zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun
yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır.
Statistik
rəqəmlər artıq cəmiyyətimizdə ailə institutunun dağılıb sıradan çıxmasından
xəbər verir. Bəs görəsən boşanmaların kütləviləşməsinin kökündə hansı amil
dayanır? Bunun qarşısını almaq üçün nə etməliyik?
Getdikcə
ailədə sosial rollar dəyişir
"Təmiz Dünya”
Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, əslində səbəblər həddən
artıq çoxdur: "Ailə münasibətlərində yeni tendensiyaların formalaşması və
ideoloji ailə modelinin olmaması əsas səbəblərdən biridir. Müasir dövrdə yeni təcrübələr
ortaya çıxır, o cümlədən insanların davranış modelində dəyişikliklər
müşahidə olunur. Məsələn,
internetdə, sosial şəbəkələrdə, teleseriallarda görülən böhranlı ailə modellərini
özümüzə qəbul edirik. Getdikcə ailədə sosial rollar dəyişir. Əvvəllər kişilər
dominantlıq edir, qadınlar ailə məsələləri ilə məşğul olurdusa, indiki dövrdə
qadınlar məşğulluq və liderlik keyfiyyətini
özündə əxz etdirmək istəyir. Bu isə tərəflər arasında vəzifələrin bölünməməyinə gətirib çıxarır.
Belə olan təqdirdə isə ailədə maraqlar toqquşur. İndi qadın da dominant olmaq
istəyir və bu münasibətlər kəskinləşir. Ailəni ayaqda saxlamaq və ailəyə məsuliyyətli
yanaşmaq bir növ həm də şüur məsələsidir.
İndi isə ailənin daha güclü və dayanıqlı olması məsələsi vacib deyil. Ailə müəyyən
maraqlar çərçivəsində qurulur. İndi həm də nikaha girən şəxslər özləri üçün
konkret olaraq strategiya hazırlamırlar. Əvvəllər ailə quran şəxslərin uzunmüddətli
strateji məqsədləri olurdu. İndi hətta bəzi hallarda seksual münasibətlərdə uyğunsuzluq da ailənin
dağılmasına gətirib çıxarır. Bu barədə əvvəllər danışılmırdısa və tabu hesab
edilirdisə, indi bu mövzu da gündəmdədir.
Əvvəllər kişi xəyanət edirdisə, qadın psixoloji olaraq bunu qəbul edirdi. Onlar
"kişi xəyanət edəndir” fikrini əsas götürüb, ailəsini dağıtmamaq üçün buna göz
yumurdu. İndi "qadınların xəyanəti” kimi yeni davranışlar ortaya çıxıb. Halbuki
bu, yaxın keçmişdə bizim ailələrə uyğun model deyildi. Günümüzdə ailələr
iqtisadi amildən çox, sosial problemlərdən dağılır. Təəssüflər olsun ki, müasir
dövrdə gedən qloballaşma cəmiyyətimizdə ailə institutuna böyük zərər vurur. Ailədaxili inam, güvən qalmayıb. Ən böyük təsiredici
amillərdən biri də inamsız və perspektivsiz ailələrin qurulmasıdır. Düşünürəm
ki, indi şey insanların şüuru və düzgün
seçim edə bilmək bacarığından asılıdır”.
Böyüklərin
ailəyə nüfuzu azalıb
Millət vəkili
Jalə Əliyeva bildirdi
ki, müasir tendensiyalar çərçivəsində
ailələrin dağılması adi hal alıb: "15-20 il bundan əvvəl boşanma dəhşətli
bir hadisə kimi qarşılanırdı və cəmiyyətdə boşanmış ailələrə münasibət də birmənalı
deyildi. Texnologiya inkişaf etdikcə, böyük dünyanı evimizdə kiçik şəkildə görməyə
başladıqdan sonra bu məsələyə də münasibət dəyişdi. Düşünürəm ki, boşanmaların
artmasının səbəblərindən biri də böyüklərin ailəyə nüfuzunun azalması ilə bağlıdır. Əvvəllər evin, elin ağsaqqalının
bir sözü ilə ailədəki məsələ yoluna qoyulurdu. İndi müasirləşmənin müsbət tərəfləri
ilə bərabər, köklərdən qopma
tendensiyası müşahidə edilir. Ailələr daha çox müstəqil olmaq istəyir. Yeni
qurulan ailə nəzarətdən uzaq yaşayaraq, istədiyi qərarı özbaşına verə bilir. Gənclər
böyüklərin verdiyi məsləhəti və müdaxiləni
qəbul etmək istəmir. Düzdür, iqtisadi problemlər də öz sözünü deyir.
Müstəqil məvacibi olmayan gənclər ailə qurur və sabah həmin ailədə problemlər
yaranır. Burada çox müxtəlif səbəbləri qeyd etmək olar. Bu gün Ailə, Qadın və
Uşaq Komitəsi bu işlə dərindən məşğuldur. Müvafiq dövlət qurumları da bu sahədə
lazımi işləri görür. Əsas istəyimiz ailələrimizin tam, bütöv olmasıdır. Çünki
sağlam ailə sağlam nəsil, sağlam dövlət deməkdir”.
Boşanmaların əksəriyyətində
günahkar qadınlardır?
Sosioloq Lalə Mehralı boşanmaların
səbəblərindən söz açaraq, bildirdi ki, əsas
amillər sonsuzluq, erkən nikah, qeyri-düzgün həyat tərzi, zərərli vərdişlər,
maddi cəhətdən bərabər olmayan ailələrdir: "Bunların da arasında boşanmaya ən
çox rəvac verən əsas amil sonsuzluqdur. Bizim mentalitetdə "uşaq olmasa,
olmaz” düşüncəsi hakim olduğu üçün övladı olmayan qadını və ya kişini ailəli
görmək istəmirlər. Çox maraqlı məqam isə odur ki, çox vaxt bunu valideynlər
edir, qızını və ya oğlunu övladı olmayan biri ilə yaşamağa qoymur. "Övladın
yoxdursa, sənin ailəli olmağa haqqın da yoxdur” kimi düşüncə tərzi Azərbaycanda ailə institutunu
dağıdır. Dağıdanlar isə atalar, analardır. Maddi problemlərə görə də
boşanmaların olduğunu istisna etmirəm, var. Amma maddi problem faktoru boşanma
səbəbləri arasında 10-15-ci yerdə qərarlaşır. Bu səbəbdən boşananlar, minimuma
qane olmayanlardır. Qızlar ailə qurur, qayınana, qayınata ilə birlikdə yaşamağa
başlayır, amma 3 ay keçməmiş ayrı ev istəyir. Axı sən bu adamla ailə quranda
onun ata-anası ilə yaşayacağını bilirdin, başqa ev olmadığını da həmçinin. Bunu
tələb etməklə, maksimum, kirayə evdə yaşaya bilərsən ki, bu da göründüyü qədər
asan deyil. Asan olmadığının fərqinə varanda, tələb etdiyi həyatı ona verə
bilməyən həyat yoldaşı ilə ayrılmağı seçir. Evləndikdən 2-3 ay sonra boşanan nə
qədər ailələr var. Təəssüflə qeyd edim ki, boşanmaların əksəriyyətində günahkar
qızlarımızdır. Məsləhət almağı sevmirlər, qayınananı düşmən hesab edirlər. İndi
gənc ailələrin əksəriyyətinin tək yaşamasına səbəb də elə qızların böyük
məsləhətinə qulaq asmaq istəməməyidir.
13 ilə yaxındır ailəliyəm, evimdə söz-söhbət də olub, küsüb-barışmağımız
da. Çox təəssüf ki, daha analar qızına məsləhət vermir, ailəsini dağıdır. Son
illərdə boşanmaların sayının bu qədər artmasının əlaqədar qurumları da narahat
etdiyi üçün lazımi layihələr həyata keçirilir, AQUPDK regionlarda Dəstə
Mərkəzləri açır, qadınlara ailə, büdcə idarəetməsi, problemlərdən çıxış yolu
mövzularında təlimlər verilir, qadınlara hüquqları başa salınır, sənət
öyrədilir, öz pullarını qazanmağa şərait yaradırlar. Əgər qadın da ailəyə pul
gətirirsə, ərinə dəstək olursa, deməli, boşanmaya səbəb olan səbəblərdən biri -
maddi problem aradan qalxmış olur, nəticədə, boşanan ailə sayı azalır. Bir ən
vacib məsələni də qeyd edim ki,
efirlərimizdə boşanmış və karyera qurmuş qadınları verilişə dəvət
edirlər, həyatını filmə çevirirlər. Sanki, istənilən qadın boşanan kimi həyatı
düzələcək, biznesi böyüyəcək. Amma heç vaxt 30-40 ildir möhkəm ailəsi olan
birini çıxarıb danışdırmırlar. Efirdə olanlar cəmiyyətə təsir edir, necə
deyirlər, göz gördüyünü çağırır. Ona görə, möhkəm ailə tablosunu ordan da
nümayiş etdirmək, gəncləri motivasiya etmək vacibdir”.
Şəbnəm
Mehdizadə