• cümə, 19 Aprel, 14:14
  • Baku Bakı 25°C

Azadlıq Radiosunda korrupsiya qalmaqalı

24.06.15 10:31 1204
Azadlıq Radiosunda korrupsiya qalmaqalı
Mərkəzi ofisin verdiyi qərar Azərbaycan hüquq-mühafizə orqanlarının radionun yerli bürosu ilə bağlı addımlarının əsaslılığını təsdiqləmiş oldu
Bu günlərdə Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu vəzifəsindən azad edilib. Bu barədə yazan “Yeni Müsavat”a görə, Kənan Kazımoğlunun işdən azad edilməsinə səbəb kimi radionun baş ofisinin Azərbaycan xidmətində apardığı yoxlamalar göstərilir. Yoxlamalar nəticəsində xidmətin radionun iş prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxıb. Bakı bürosunun rəhbəri Xədicə İsmayılovanın həbsindən sonra diqqət mərkəzinə gələn Azərbaycan xidmətində yoxlama aparılması təşəbbüsü isə radionun keçmiş əməkdaşlarından birinin şikayətindən sonra yaranıb. Qəzetin əldə etdiyi informasiyaya görə, Bakı bürosu bağlanandan və büro rəhbəri həbs ediləndən sonra ölkəni tərk edərək baş ofisin yerləşdiyi Praqaya gedən və rəsmi qaydada Çexiya hökumətindən sığınacaq istəyən əməkdaş Bakı bürosunun son illərdəki fəaliyyəti ilə bağlı tənqidi mövqedə olub. Onun şikayətində büronun keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlardan radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü ortaya çıxıb.
Məlum olduğu kimi, radioya kənar maliyyənin cəlb edilməsi Nizamnaməyə ziddir. Belə ki, Azad Avropa və Azadlıq Radiosunun Nizamnaməsinə görə, qurum ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hansı kənar maliyyə qəbul edilməsi yasaqdır.
Bütün bunlara baxmayaraq, radionun yerli xidmətinin rəhbərliyi Nizamnaməni pozaraq radioya xeyli maliyyə vəsaiti cəlb edib. Həmçinin həmin vəsaitlərin leqallaşdırılmasına cəhdlər edilib.
Qeyd edək bu faktlar Azərbaycan hüquq-mühafizə orqanlarının diqqətini hələ ötən ildən cəlb etmişdi. Həmin vaxt baş prokurorluq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının qarşısının alınması sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanı tərəfindən edilmiş müraciət əsasında işə başlamış və bir sıra ciddi istintaq hərəkətləri həyata keçirmişdi.
Aparılan istintaq-əməliyyat tədbirlərinin nəticələri ilə bağlı prokurorluğun hələ ötən ilin sonlarında yayılmış rəsmi açıqlamasına diqqət yetirməklə bir sıra mətləblərə aydınlıq gətirmək olar. Açıqlamada göstərilirdi ki, nümayəndəliyin öz fəaliyyəti zamanı Azərbaycan Respublikasının bir sıra qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq dövlət orqanlarına hesabatlar təqdim etməməsi, bəzi hallarda isə hesabatlarda təhrif olunmuş göstəriciləri əks etdirməsi, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə xidmət haqqı adı ilə çoxlu sayda fiziki və hüquqi şəxsə bank köçürmələri və nağd məxariclə külli miqdarda maliyyə vəsaitlərinin köçürülməsi, bank hesablarına pul vəsaitləri köçürülmüş fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməməsi, həmçinin jurnalistlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində birillik akkreditasiya müddətləri tamamlansa da, akkreditə müddətinin uzadılmaması müəyyən edilib.
Həmçinin radionun əməkdaşlarının da verdikləri ifadələrdə yerli büronun səlahiyyətli şəxslərinin maliyyə maxinasiyaları ilə məşğul olmaları öz təsdiqini tapıb.
Məsələn, Bakı nümayəndəliyin müxbiri Zeynalov Cavid Aşur oğlu ifadəsində göstərib ki, 2012-ci ilin noyabrında “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə meneceri Yəhya Mirzəyev onu xidməti otağına çağıraraq müxbir kimi göstərdiyi xidmətin haqqı 400 manat təşkil etsə də, ona hər ay 1130 manat pul yazacağını, həmin pulu bankdan aldıqdan sonra 400 manatı, sonuncu ay isə 500 manatı götürüb, qalan məbləği gətirib ona verməyi təklif edib, bu barədə heç kimə məlumat verməməyi tapşırıb.
Prokurorluğun yaydığı məlumatda bu kimi faktlar kifayət qədərdir.
Kənan Kazımoğlu ilə bağlı radionun mərkəzi ofisinin yaydığı məlumatda bildirilir ki, məhz bu şəxs də baş verənlərə zamanında müdaxilə edərək qanunsuz məqamların aradan qaldırılması yerinə özü də prosesin iştirakçısına çevrilib. Onun vəzifə məsuliyyətini dərk etməməsi sözügedən məqamların Azərbaycan prokurorluq orqanlarının Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovaya qarşı qaldırdığı cinayət işində motivə çevrilib.
Beləliklə də Azadlıq Radiosunun mərkəzi ofisinin verdiyi qərar Azərbaycan hüquq-mühafizə orqanlarının radionun yerli bürosu ilə bağlı keçirdiyi əməliyyatların əsaslılığını bir daha təsdiqləmiş olub. Belə ki, radionun yerli bürosunun rəhbəri Xədicə İsmayılovanın həbsinin siyasi motivli olduğunu iddia edənlər əsl reallığın nədən ibarət olduğunu nəhayət ki, dərk edə biləcəklər. Həmçinin Azərbaycanda korrupsiya və rüşvətxorluğun baş alıb getməsindən, maliyyə maxinasiyalarından ağız dolusu danışan birisinin, yəni Xədicə İsmayılovanın qibləgah hesab etdiyi Azadlıq Radiosunun mərkəzi ofisindən gələn qərara özünün də necə münasibət bildirəcəyi maraqlı olardı. Çünki artıq maliyyə maxinasiyaları baş ofis tərəfindən etiraf edilib.
Bütün bunlar onu göstərir ki, Xədicə İsmayılova və Azadlıq Radiosunun bir sıra təmsilçiləri radionun yerli bürosuna yalnız qanunsuz maliyyə əldə etmə mənbəyi kimi baxıb, əllərinə düşən fürsətdən maksimum “istifadə” edərək pul qazanmağa cəhd göstəriblər. Bu zaman isə nəinki medianın və jurnalistikanın ümumi etik prinsipləri, heç radionun öz Nizamnaməsinə belə, əhəmiyyət verilməyib. Bu isə ABŞ qanunvericiliyi prinsipləri ilə fəaliyyət göstərən radio əməkdaşlarının, xüsusilə də Xədicə İsmayılova və Kənan Kazımoğlunun eyni zamanda bu ölkənin qanunlarını pozmasını da ortaya qoyur.
Baş verənlər, xüsusilə də, radionun baş ofisinin yol verilmiş qanun pozuntuları və korrupsiya halları ilə bağlı qərarı əslində həbs edilmiş yerli büro səlahiyyətlilərini bir sıra beynəlxalq QHT-lərin yalançı dəstəyindən məhrum etməlidir. Artıq hamı başa düşməlidir ki, Xədicə İsmayılova işlədiyi müddətdə ciddi maliyyə yeyintilərinə yol verib, təkcə Azərbaycan qanunvericiliyini deyil, həm də ABŞ qanunlarını və radionun daxili Nizamnaməsini də pozub.
Bu isə Xədicə İsmayılova və onun kimilərinə özlərinin çirkab içində ola-ola başqalarına çamur atmağın nə demək olduğunu anlamaq üçün yaxşı bir dərs olacaq.
Bundan başqa, Azadlıq Radiosunu baş ofisinin Azərbaycan hüquq-mühafizə orqanlarının radionun Azərbaycan xidməti ilə bağlı təxminən üst-üstə düşən mövqeyi Qərbin bir sıra antiAzərbaycan dairələrində də narahatçılıq yaradacağı şübhəsizdir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər