• şənbə, 20 Aprel, 08:02
  • Baku Bakı 14°C

Azadlıq mübarizəmizin şanlı səhifəsi

20.01.17 00:00 1203
Azadlıq mübarizəmizin şanlı səhifəsi
1990-cı ilin 20 Yanvar günü Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən xalq kütlələri məhz həmin tarixdə Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildiriblər. Bunun qarşısını almaq üçün yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun döyüş hissələri paytaxt Bakıya yeridilərək Azərbaycanda misli görünməmiş faciə törədiblər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Rəsmi məlumata görə, fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın20-də və sonrakı günlərdəBakı şəhərində 21, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda, yəni Neftçala və Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında ümumilikdə 137 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Bu hadisənin törədilməsilə SSRİKonstitusiyası,Azərbaycan SSRKonstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdanıb.
Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkar aksiyaAzərbaycanxalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşısa da, təcavüzkarlar öz istəklərinə çata bilməyiblər. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib. Məhz bunun nəticəsində xalqlar həbsxanası adlandırılan sovetlər imperiyası süquta uğrayıb, uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyimiz yenidən bərpa olunub.

Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü, eyni zamanda azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi kimi qeyd edir. Bu gün böyükdən-kiçiyə hər bir azərbaycanlı Şəhidlər Xiyabanına gələrək, 20 Yanvarşəhidlərinin xatirəsini hörmət və ehtiramla yad edir.
Ənənəyə uyğun olaraq bu gün də Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar20 Yanvarfaciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən,20 Yanvarfaciəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si səhər saat 8.00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.



banner

Oxşar Xəbərlər