• cümə, 26 Aprel, 22:20
  • Baku Bakı 22°C

“Azadlığ”ın səfərbərlik yalanı

07.05.16 10:35 1263
“Azadlığ”ın səfərbərlik yalanı
Bir neçə gündür sosial şəbəkədə və bəzi xəbər saytlarında guya Azərbaycanda ümumi səfərbərliyin elan olunması, yeni müharibəyə hazırlığın getməsi barədə dəqiqləşdirilməmiş, mənbəyi məlum olmayan məlumatlar yayılmaqdadır. Buna görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi məlumat yayaraq, qeyd olunanların həqiqəti əks etdirmədiyini bəyan edib. Dövlət Xidmətinin açıqlamasında qeyd olunub ki, ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən tənzimlənir. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Dövlət Xidməti səfərbərliyin elan olunması barədə yayılan məlumatlarla bağlı bildirib ki, ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılması işi mütəmadi olaraq aparılır. Hazırda aprel çağırışının yekunu ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılanların hərbi vəzifəlilərin qeydiyyatına alınması, eyni zamanda ehtiyatda olan resurslar barədə məlumatların bir daha dəqiqləşdirilməsi həyata keçirilir. O da diqqətə çatdırılıb ki, mövcud qanunvericiliyin tələblərinə əsasən bütün çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, ehtiyat resursların (insan və nəqliyyat) dəqiqləşdirilməsi və yoxlanılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəsidir. Əgər Azərbaycan Respublikasında səfərbərlik elan olunarsa, bu barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək və ehtiyatda olan hərbi vəzifəlilər səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılacaqlar.

Rəsmi məlumatdan da göründüyü kimi, Azərbaycanda səfərbərlik elan olunmayıb və bu barədə sosial şəbəkələrdə, bəzi xəbər saytlarında yayılan məlumatların heç bir əsası yoxdur. Lakin buna baxmayaraq, "Azadlıq” qəzetinin 5 may 2016-cı il sayının 12-ci səhifəsində "Səfərbərlik rəsmən təsdiqləndi” başlıqlı yazı yer alıb. Hikmət imzası ilə verilən yazının əvvəlində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi məlumatı olduğu kimi verilib. Ekspert kimi danışdırılan və fikirləri bu yazıda verilən Üzeyir Cəfərovun sitatında da göstərilib ki, ordudan tərxis olunanların qeydiyyatına yenidən baxılması səfərbərlik anlamına gəlməməlidir. Sözügedən yazıda fikirləri yer alan hüquqşünas Müzəffər Baxışov da bildirib ki, səfərbərlikdən öncə Azərbaycan Prezidentinin bununla bağlı xüsusi fərmanı olmalıdır. Bəlli olduğu kimi, həm rəsmi qurum - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, həm də hərbi ekspert Üzeyir Cəfərov və hüquqşünas Müzəffər Baxışov Azərbaycanda səfərbərliyin elan edilmədiyini vurğulayıb. Ancaq "Azadlıq” ənənəvi şəkildə öz ampulasından çıxış edib "Səfərbərlik rəsmən təsdiqləndi” kimi dezinformasiyanı tirajlayıb. Ola bilsin ki, qəzet və ya jurnalist bununla yazıya daha çox oxucunun diqqətini çəkmək istəyib. Amma bu halda belə, yazının başlığı mətnlə üst-üstə düşməli idi. Bu yazıda isə başlıqla yazının mətni bir-birini təkzib edir. Deməli, qəzet bilərəkdən yanlış ictimai rəy yaratmağa köklənib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli media aləmində oxucunun, dinləyicinin diqqətini çəkmək üçün xəbərə, yaxud hansısa yazıya cəlbedici başlıqlar qoyulmasının populyar bir vasitə olduğunu bildirib. Bununla yanaşı, qeyd edib ki, nə qədər cəlbedici olsa da qoyulan başlıq materialın mətnindən kənara çıxmamalıdır. Onun sözlərinə görə, qanunvericilikdə və media haqqında təlimatlarda bu məsələ açıq-aşkar şəkildə göstərilib: "Başlıq üzərində iş, redaktə, onun cəlbedici olması materialın mətnini ifadə etməsindən kənar olmamalıdır. Sizin qeyd etdiyiniz yazı bariz bir faktdır ki, başlıq materialın içində təkzib olunur. Bu, qanunvericiliyə, media haqqında təlimatlara, peşəkarlığa uyğun deyil. Çox təəssüf ki, belə hallara Azərbaycanda tez-tez rast gəlinir. Şok xəbərlər adı altında, sensasiya doğurmaq üçün materiallara müxtəlif başlıqlar qoyulur. Lakin həmin materialla tanış olduqda başlığın yazının mətni ilə bağlılığının olmadığı üzə çıxır. Bəzi hallarda isə başlığın şişirdilmiş formada ifadəsini görürük. Təbii ki, bu, media peşəkarlarına, peşəkar jurnalistikaya yaraşmayan haldır. Digər tərəfdən, bilirsiniz ki, hərbi, təhlükəsizlik və digər bu kimi xüsusi həssaslıq tələb edən məsələlər qanunvericiliklə tənzimlənir. Bu barədə yanlış rəy formalaşdırmaq, düzgün olmayan məlumatı yaymaq hüquqi məsuliyyət doğurur. Belə məsələlərlə bağlı sensasiya xətrinə yalan məlumatlar vermək qəbuledilməzdir. Ona görə də 2014-cü ildən bu sahədə sistemli iş aparılır, bu barədə media qurumlarına dəfələrlə müraciət olunub, təlimlər keçirilib, göstərişlər verilib və müzakirələr keçirilib. Yəni, hər kəs "xəbərdar olunub” ki, hərbi və təhlükəsizlik məsələləri ilə əlaqədar materialların hazırlanmasına həssas yanaşsınlar, bu barədə dəqiqləşdirilməmiş, mənbəyi məlum olmayan məlumatlar yaymasınlar. Çünki, bu, ölkə üçün taleyüklü məsələdir. Bu sahədə hər bir yalan informasiya, yalan başlıq düşmən dəyirmanına su tökməyə bərabərdir, qınanmalı hadisədir”.


Alpər TURAN

banner

Oxşar Xəbərlər