• cümə axşamı, 25 aprel, 20:09
  • Baku Bakı 21°C

Azadlığın qüdrətinə inanan sənətkar

31.05.18 12:15 1279
Azadlığın qüdrətinə inanan sənətkar
Mayın 26-sında görkəmli xalq yazıçısı, dramaturq, əbədiyaşar sənətkarımız İlyas Əfəndiyevin dünyaya gəlişindən 104 il keçirdi. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etmiş, həm ölkəmizdə, həm də xarici ölkələrdə geniş şöhrət qazanmış ölməz sənətkarımız İlyas Əfəndiyevin əsərləri tariximizin və müasir dövrümüzün bədii salnaməsidir. 82 illik ömrünün 60 ildən çoxunu bədii yaradıcılığa həsr etmiş, ədəbiyyatın demək olar ki, bütün janrlarında dəyərli sənət əsərləri yaratmış ustad sənətkarımızın uzun ömürlü və heç bir zaman öz aktuallığını, müasirliyini və bədii təravətini itirməyən əsərləri bu gün də gələcəyə gedən yolumuza işıq saçır. Dünya ədəbiyyatının ən gözəl ənənələrinə dayaqlanan, müşahidə dairəsinin genişliyindən irəli gələn, milli özünəməxsusluğa, folklora, klassik irsə möhkəm bağlı olan, müasirlik, novatorluq, dərin psixoloji təhlil, ümumbəşəri məzmun daşıyan millilik İlyas Əfəndiyev yaradıcılığının əsas xüsusiyyətləridir.
İlyas Əfəndiyev minillik Azərbaycan bədii mədəniyyətinin, türk-müsəlman təfəkkürünün ən yaxşı ənənələrini yeni epoxada davam etdirərək, mənəviyyatımızın zirvəsinə yüksəldi. O, ədəbiyyatımızda-nəsrdə və dramaturgiyada lirik-psixoloji üslubun banisi, öz rejissor və aktyor məktəbi olan "İlyas Əfəndiyev teatrı”nın yaradıcısı kimi əbədi şöhrət qazandı. Yazıçı ədəbiyyata gəldiyi ilk illərdən dramaturgiyaya meyil etmiş, ömrünün sonuna qədər teatr və səhnədən ayrıla bilməmişdir. Bütövlükdə sənətkarın bədii yaradıcılığı xalq təfəkkürünün zəngin xəzinəsi üstündə yaranmışdır. Onun yaradıcılığında müasirlik geniş fəlsəfi məna daşıyır. Müasirlik öncə onun əsərlərinin ideya-məzmununda, yaratdığı obrazların dünyagörüşündə, mənəvi-əxlaqi aləmində özünü göstərir. "Dağlar arxasında üç dost”, "Söyüdlü arx”, "Körpüsalanlar”, "Üçatılan”, "Geriyə baxma, qoca”, "Sarıköynəklə Valehin nağılı” kimi romanlardakı Sarıköynək, Sərvinaz, Səkinə, Şəriyyə, Yaqut, Qızyetər və s. qadın obrazları İlyas Əfəndiyevin çoxsaylı obrazlar qalereyasında xüsusi yer tutur. Saf, ülvi məhəbbətlə sevən, sevgisi yolunda həyatın çətinliklərinə, iztirab və psixoloji sarsıntılara sinə gərən bu qadın obrazlarının xarakter bütövlüyü, mənəvi saflığı, əxlaqi kamilliyi milli-mənəvi dəyərlərlə bağlıdır. İnsan mənəviyyatını hər şeydən üstün tutan, insan qəlbinin iztirablarını səmimiyyətlə qələmə alan yazıçının bədii əsərlərində qəhrəmanların ən çox daxili aləmləri, dəruni hiss və duyğuları, kədər və sevincləri yüksək bədiiliklə təsvir edilir. Bütün yaradıcılığı boyu yalnız qəlbinin səsinə qulaq asan yazıçı yazırdı: "Uzaq və yaxın dünənimizə, milli-mənəvi mənliyimizə mən heç vaxt direktivlərin, proqramların, ayrı-ayrı dövlət rəhbərlərinin iradəsinin və istəyinin tələbi ilə yanaşmamışam”. Mərhum akademik Bəkir Nəbiyev haqlı qeyd edirdi: "Leninə, Stalinə, sosializmə, partiyaya dair şüar və şit təriflərlə dolu olan bu cür yazılardan tamamilə fərqli olaraq İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə məhz ədəbi, milli-mənəvi dəyərlər, yüksək bəşəri ideallar işığında təqdimindən və tərənnümündən ibarətdir ”.
XX əsr dramaturgiyası milli dramaturgiyamızın tarixində yeni bir mərhələ təşkil edir. Xalq yazıçısı İlyas Əfəndiyev də öz dram əsərləri ilə bu böyük, zəngin mərhələnin yaranmasında və inkişafında özünəməxsus rol oynamış ustad dramaturqlarımızdandır. O, dərin psixoloji tapıntılarla zəngin olan dramları ilə teatr sənətimizdə yeni bir mərhələ açdı və "İlyas Əfəndiyev teatrı” yaratdı. "İlyas Əfəndiyev teatrı” ilə yeni rejissor və aktyor nəsli formalaşdı. Dramaturq kimi o, "İntizar”, "İşıqlı yollar”, "Bahar suları”, "Atayevlər ailəsi”, "Sən həmişə mənimləsən”, "Mənim günahım”, "Unuda bilmirəm”, "Məhv olmuş gündəliklər”, "Mahnı dağlarda qaldı”, "Qəribə oğlan”, "Bağlardan gələn səs”, "Xurşidbanu Natəvan”, "Büllur sarayda”, "Şeyx Məhəmməd Xiyabani”, "Bizim qəribə taleyimiz”, "Sevgililərin cəhənnəmdə vüsalı”, "Tənha iydə ağacı”, "Ağıllılar və dəlilər”, "Odlu səhradan gəlmiş şeytan”, "Bizə inan”, "On manatlıq lüstr”, "Hökmdar və qızı” pyeslərini yazdı. İlyas Əfəndiyevin yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatrımızın inkişafına güclü təsir göstərib. Yarım əsrdən artıq bir dövrdə milli teatrı öz çiyinlərində saxlamış qüdrətli qələm sahibinin dram əsərləri bu gün də səhnədə öz estetik təravətini, aktuallığını və müasirliyini qoruyub saxlayır. Sovetlər dönəmində yazıçı istər nəsr , istər də dram əsərlərində azadlığımızı, müstəqilliyimizi, mühacirət və repressiya mövzularını böyük cəsarətlə ədəbiyyatımıza gətirdi. 90-cı illərdə dramaturqun pyesləri Türkiyənin Ankara, Ərzurum, Sivas, Kayseri şəhərlərində nümayiş etdirildi və qardaş ölkədə hərarətlə qarşılandı. Türk mətbuatı dramaturqu Azərbaycan ədəbiyyatının canlı klassiki adlandırmışdı. Türkiyənin məşhur rejissoru Kənan İşıq müsahibələrinin birində demişdir: "Siz bu iki tamaşa ilə (söhbət dramaturqun "Sevgililərin cəhənnəmdə vüsalı” və "Bizim qəribə taleyimiz” tamaşalarından gedir) bütün Avropa ölkələrini gəzə bilərsiniz. Çünki, bu əsərlərdə qaldırılan problemlər millətindən asılı olmayaraq bütün insanlara aiddir”.
İlyas Əfəndiyev yaradıcılığı boyu milli mədəniyyətimizin təəssübkeşi olub. Onun mədəniyyətimizə həsr etdiyi nəzəri-estetik məqalələri öz aktuallığı, məna tutumu ilə seçilir. Yazıçı həmin məqalələrində teatr və səhnə sənəti ilə bağlı bir sıra aktual problemlərə, o cümlədən dramaturq və teatr, rejissor sənəti, teatr tənqidi, aktyor ifası, tamaşanın məşqi, səhnə texnikası, rol bölgüsü, tamaşanın musiqisi və bədii tərtibatı kimi məsələlərə münasibət göstərmiş, fikir və arzularını bildirmişdir. İlyas Əfəndiyevin teatr və səhnə haqqındakı nəzəri-estetik görüşləri bugünkü teatrşünaslıq elmi üçün də böyük əhəmiyyət kəsb edir. Peşəkar teatrşünaslar və yüksək ixtisaslı mütəxəssislər tərəfindən yazıçıya verilmiş "görkəmli teatrşünas”, "ikinci rejissor”, "səhnə bilicisi” , "tanınmış teatr xadimi” kimi adlar heç də təsadüfi deyildi. "Teatr xalqın ən incə duyğularını, romantik xəyallarını, sevincini, dərdini, arzularını ifadə edir, xalqın teatrı onun milli mədəniyyətinin təntənəsidir” - deyən mütəfəkkir sənətkarın bu səpkili məqalələri özünün yeni, novator keyfiyyətləri ilə diqqətəlayiqdir.
İlyas Əfəndiyev milli-mənəvi dəyərlərimizi, adət və ənənələrimizi, xalqımızın şifahi xalq ədəbiyyatını dərindən öyrənməyi təbliğ edirdi. Sənətkara görə, mənəvi mədəniyyətin yüksəkliyi hər bir insan üçün vacib şərtdir. Bu baxımdan qüdrətli qələm sahibinin zaman məhdudluğu tanımayan zəngin bədii irsi milli ruhumuzun mənəvi tərcümanına çevrilib. Yazıçı milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən babalarımızın vaxtilə müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmir: "Bizim milli namusumuz hər dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə aid olmayıb. Atalarımız milli namus dedikdə, vətən, millət namusu, qonum-qonşu təəssübü, böyük-kiçiyə hörmət və izzət haqqında düşünüblər”.
İlyas Əfəndiyev tarixə müraciət edəndə yaşadığı dövr haqqında fəlsəfi mühakimələr aparmaq, müasiri olan insanların mənəvi-əxlaqi dünyasını araşdırmaq, cəmiyyət və fərd, insan və zaman arasında münasibətləri aydınlaşdırmaq üçün keçmişə doğru tarixin pillələrinə enir, dövrün ictimai-fəlsəfi mənzərəsini tarixi müstəvidə verməyə çalışır. İlyas Əfəndiyevin tarixi dramları özünün bədii-fəlsəfi fikir dərinliyi ilə sənətkarın yaradıcılığında xüsusi yer tutur. Yüksək ideya-bədii səviyyəsinə, tarixi hadisələrin real təsvirinə və müvəffəqiyyətli səhnə təcəssümünə görə, dramaturqun "Xurşidbanu Natəvan” əsəri həm oxucuların, həm də tamaşaçıların dərin marağına səbəb oldu. Natəvan dramda təkcə bir şairə kimi göstərilməyib, o həm də şairlikdən çox Qarabağ bölgəsinin hökmdarı, xanı kimi göstərilib. Dövrün ziyalıları ilə ünsiyyətində, xalqın mədəni tərəqqisində, bütün məsələlərdə o, güclü görünür, müsahiblərini üstələyir. Pyesin bütün fəsilləri dərin fəlsəfi fikirlər üzərində qurulmuşdur: "Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə inanıram. İnsanın gözəl hisslərinin, gözəl fikirlərinin pərvazı üçün, insan ləyaqətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır”. Bu sözlər dramın leytmotividir. Şairə, ictimai xadim Natəvan üçün Azərbaycanın birliyi, azadlığı, xalqın mədəniyyəti, dili, milli müstəqilliyi onun əsas amalıdır. Natəvanın nəzərində ikili Azərbaycan yoxdur, bütöv Azərbaycan var.
Ümummilli Lider Heydər Əliyev "Xurşidbanu Natəvan” pyesinin uğurlu tamaşasına baxdıqdan sonra öz fikirlərini dramaturqa bildirərək demişdir: "Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim Şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə Sizə sağ ol deyirəm. Mən son monoloqunuza görə sağ ol deyirəm”.
Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, öz yaradıcılığında azadlığımızı, milli suverenliyimizi və istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın və doğulduğu Füzuli şəhərinin erməni faşistləri tərəfindən işğalı ona böyük dərd oldu. Və özü ilə birlikdə Qarabağ nisgili apardı. Müsahibələrinin birində dramaturq deyirdi: "Füzuli şəhəri, Füzuli rayonu bir tərəfdən sovet imperiyasının zülmünə, repressiyasına məruz qaldı, digər tərəfdən də erməni işğalçılarının. Deməli, Füzuli şəhəri iki dəfə qarət edildi. Bunun necə böyük dərd olduğunu demək çətindir”.
İlyas Əfəndiyev XX əsr Azərbaycan nəsrinin, dramaturgiyasının, ədəbi dilinin və teatr sənətinin inkişafında xüsusi yeri olan sənətkardır. Qüdrətli qələm sahibi ədəbi dilə və müqəddəs əlahəzrət Sözə yüksək qiymət verirdi: "Ədəbi dilimizin inkişafında ən mühüm vəzifələrdən biri, əlbəttə, yazıçıların, şairlərin üzərinə düşür. Yazıçı üçün dil onun ürəyinin tərcümanıdır. Ədəbiyyata gətirilən sözü yazıçı elə işlətməlidir ki, o, hamı üçün anlaşıqlı olsun. Xalqın ruhu ilə, canlı danışıq dili ilə mayalanmış əsərlər həmişə ümumxalq məhəbbəti qazanır”. İlyas Əfəndiyev həmişə oxunan və sevilən sənətkardır. O, Sovetlər İttifaqı dönəmində gündə bir havaya oynayan, yalnız hakim ideologiyanın sifarişi ilə "əsərlər” yazan "yazıçıları” özünəxas ustalıqla tənqid edirdi. Yazıçı Azərbaycanın gələcəyinə böyük ümidlər bəsləyirdi: "... Mənim Azərbaycanın gələcəyinə ümidlərim böyükdür. Çünki Azərbaycan xalqının vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir. Bu gün millətin vətənpərvərlik duyğusunun yeni təlatümünün coşub kükrəyən dövrüdür”. Sənətkar şəxsiyyətinə və onun bəşəri məzmun kəsb edən əsərlərinə yüksək dəyər verən ustad yazırdı: "Dünyada böyük sənətkarlar çoxdur və onların böyüklük dərəcəsi də müxtəlifdir, lakin hər xalqın öz dahisi, öz sənət ulduzları vardır. Bu ulduzlar, ilk növbədə öz doğma xalqları üçün əzizdir, çünki onların işığı həmin xalqlara aydınlıq, fərəh və sevinc gətirmişdir”. Bu gözəl fikirlər "hər bir əsərim ömrümün bir parçasıdır” deyən ustad sənətkarın çoxçeşidli yaradıcılığının bədii-estetik özəlliklərini bütün dolğunluğu ilə özündə təcəssüm etdirir. Uzun ömürlü əsərlərində xalqımızın milli azadlıq mübarizəsini, müstəqilliyini, istiqlaliyyətini tərənnüm edən müqtədir sənətkarımızın əbədiyaşar sənətinin işığı bu gün də gənclərimizin həyat yoluna işıq saçır.
Vəfa Xanoğlan,
Bakı Xoreoqrafiya Akademiyası,professor
banner

Oxşar Xəbərlər