• çərşənbə axşamı, 23 aprel, 13:59
  • Baku Bakı 24°C

“Azadlığ”ın qara qatığı ağarmır...

28.11.14 10:05 1363
“Azadlığ”ın qara qatığı ağarmır...
Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Forumunun Batumidə keçirilmiş iclasında yaşanan qalmaqal ətrafında söz-söhbət davam etməkdədir, amma bu dəfə bir az fərqli aspektdə. Hələ də mövzunu “araşdıran”, bu məsələdə Azərbaycanı təqsirkar çıxarmağa çalışan “Azadlıq” qəzeti deyəsən, bir güllə ilə iki dovşan vurmaq niyyətinə düşüb. Belə ki, əsas hədəfi hakimiyyət deyil də, dövlətçilik olan “Azadlıq” qəzeti, əzəli rəqibi Müsavatı da unutmur.
Batumidə birbaşa Azərbaycanın nüfuzdan salınmasına hesablanan sərginin, onun müəlliflərinin ifşasına yönəlik yazıları dərc edən “Yeni Müsavat” qəzeti və onun baş redaktoru Rauf Arifoğlunun növbəti dəfə hədəfə alınması üçün bəhanə tapılıb. Onlar artıq neçə gündür ki, sanki növbəli şəkildə “hərəyə bir status” deyərək sözügedən qəzeti və şəxsi ifşa etməyə çalışır, bir növ, “ermənipərəst” olmamaqda suçlayırlar. “Azadlıq” qəzeti dərc etdiyi məqalə ilə yenə də milli maraqların onlar üçün heç bir önəm daşımadığını bir daha göstərib. R.Arifoğlunun bu cür xəbəri qəzetində yerləşdirməsinin “böyük səhv” olduğunu var gücü ilə sübut etməyə çalışan qəzet bunu az qala “cinayət” kimi təqdim etməyə çalışır, əqidəsi çoxdan məlum olan müxtəlif “naməlumlar”dan sitatlar gətirir. Orada yazılanları ümumiləşdirdikdə, belə nəticə çıxır ki, R.Arifoğlu da eyni onlar kimi, “People in Need” təşkilatının ölkəmizə qarşı qərəzli davranmasına sevinməli, plakatların düzülməsində onlara yardım etməli, Azərbaycana qarşı bəyanatların qəbul olunmasına səs verməli idi və “Yeni Müsavat” qəzeti də mövzunu milli maraqlar yönündən yox, “iqtidar-müxalifət savaşı” aspektindən işləməli idi. Yazıda ən çox vurğulanan məqam odur ki, təşkilat olduqca xoş niyyətlidir və 1992-ci ildə müharibədən əziyyət çəkən ermənilərə 80 min dollar həcmində yardım edilməsində heç bir qəbahət yoxdur. Tutaq ki, belədir. Amma sual yaranır ki, bəs onda o yardımdan bizə niyə göndərilmədi? Azərbaycanlılar müharibədən əziyyət çəkməmişdimi? Doğrudanmı, bu məqam indi bu təşkilatı müdafiə edən erməniyanlıların “gözünə girmir”? Yoxsa ermənilərə humanist yanaşan, onlara canı yanan şəxslər üçün azərbaycanlılar insan deyil?
Batumi Forumu haqda qərəzli danışanlara tədbirin iştirakçısı, Milli Platformanın üzvü Səlim Balayev də məqaləsində tutarlı faktlarla cavab verib və Azərbaycan nümayəndə heyətinin ermənilər üzərində qələbəsinin radikal müxalifət düşərgəsinə od qoyduğunu vurğulayıb: “Düz bir həftədir ki, forumun tüstüsü hələ də bacalarından əskilmir. Yağışdan sonra artan göbələklər kimi, hər gün birisi mətbuat səhifələrində peyda olur, öz səviyyəsinə uyğun cəfəngiyyatlar uydurur. Təbii, bütün bunlar məqsədli şəkildə, özü də məhz ermənilərin və anti-Azərbaycan mövqeyində olan mərkəzlərin sifarişi ilə aparılır. Çünki Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət bu gün ölkəmizi nəinki Cənubi Qafqazın lider dövlətinə çevirib, eləcə də ölkəmiz bir sıra göstəriciləri ilə Şərqi Avropanın əksər dövlətlərini üstələyir. Bax erməniləri, eləcə də, bu işdə onlarla həmrəy olan “sapı özümüzdən olan baltalar”ı da narahat edən elə budur! Batumi Forumu, orada Azərbaycan nümayəndə heyətinin ermənilər üzərində qələbəsi ötən günlər ərzində həm müxalifət mətbuatında, həm də digər müstəqil mətbu orqanlarında ətraflı işıqlandırıldığından, bu mövzunu artıq qapatmaq da olardı. Lakin radikal müxalifətin nəzarətində olan bəzi mətbuat orqanlarının hər gün yeni bir ermənipərəst ünsürü “kəşf” edərək, Forumda iştirak edən nümayəndə heyətimizin, eləcə də, Azərbaycan dövlətinin ünvanına hədyanlar yağdırması bu mövzuya yenidən qayıtmağımıza səbəb oldu”.
Müəllif qeyd edib ki, danışdırmağa adam tapmadıqları üçün bu dəfə Əfqan Muxtarlı adlı “müharibə veteranı”nı tapıblar: “O da fürsəti əldən verməyərək, Azərbaycan hakimiyyətinin ünvanına sərsəm fikirlərini söyləyib, deyib ki, guya ona qarşı iqtidar qəzetlərində qərəzli kampaniya aparılır, bununla da, “Batumidə Azərbaycan hakimiyyətinin törətdiyi biabırçılığı arxa plana salmağa çalışırlar”. Soruşmaq istərdim, Əfqan Muxtarlı, hansı biabırçılıqdan söhbət gedir? O biabırçılıqdan ki, dostların - Xalid Bağırov, Arzu Abdullayeva, Leyla Əliyeva, Aytəkin Əsgərova, Şəhla İsmayıl, Fuad Həsənov, Əvəz Həsənov Forumda Azərbaycan nümayəndə heyəti üçün ayrılmış sektorda deyil, ermənilərlə eyni sektorda və yanaşı oturmuşdular? O biabırçılıqdan ki, Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizə qarşı təxribatın qarşısını almağa çalışarkən, olaya Forum rəhbərliyi tərəfindən rəsmi münasibət bildirilməyənədək toplantıya qatılmayacaqlarında israr edərkən, sənin dostların - Arzu Abdullayeva və Şəhla İsmayıl tribunaya qalxaraq Forum iştirakçılarına işlərində uğurlar arzulayırdılar? Və beləliklə də nümayəndə heyətinin tələbinin Forumun İdarə Heyəti tərəfindən qulaqardına vurulmasına şərait yaratdılar? Bəlkə, Ermənistandan olan milli koordinator Boris Navasardyanın çexiyalı “QHT-çi”lərə necə dəstək və istiqamət verməsindən danışaq? Vicdanın varsa, düzünü söylə, budurmu biabırçılıq?! Yoxsa məramnaməsində yazıldığı kimi, əsas məqsədi Çexiyada itlərin və pişiklərin hüquqlarını müdafiə etmək olan “NESEHNUTİ” sosial-ekoloji hərəkatının “People in Need”lə birlikdə Azərbaycanda insan hüquqlarının pozulmasına dair “ifşaedici” sərgi hazırlaması? Doğrudur, Forumda biabırçılıq olacaqdı, amma olmadı! Nədən? Çünki Azərbaycan Milli Platforması tərəfindən Foruma seçilmiş nümayəndə heyəti üzvlərinin böyük əksəriyyəti sənin kimi “vətənpərvərlər” deyildilər”.
S.Balayevin fikrincə, məhz nümayəndə heyətimizin gərgin əməyi nəticəsində ermənilərin, ermənipərəst qüvvələrin, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlarına qısqanclıqla yanaşan antimilli ünsürlər və anti-Azərbaycan mərkəzlərinin arzusu ürəklərində qaldı.
H.Əsgər
banner

Oxşar Xəbərlər