• cümə, 19 Aprel, 06:59
  • Baku Bakı 13°C

Azadlığımızı qorumaq və yaşatmaq üçün...

25.10.13 08:44 1635
Azadlığımızı qorumaq və yaşatmaq üçün...
XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən azərbaycanlı ziyalılar arasında müsəlmanların acınacaqlı vəziyyətinə, dərindən acıyan və bu problemlərin aradan qaldırılması üçün çalışan ziyalılar meydana çıxmışdır. Mütləqiyyətin yeritdiyi böyük dövlətçilik siyasəti, zorla ruslaşdırma və azlıqda qalmış millətlərin hüquqlarının hər cür pozulması milli məsələni cəmiyyətin siyasi həyatının ən başlıca məsələlərindən birinə çevirmişdir. Mütləqiyyətin Azərbaycanda müstəmləkəçilik siyasəti və xalq hərəkatı ilə mübarizə formalarından biri də milli nifaq salmaq, millətlərarası toqquşmalar təşkil etmək idi. Bu amansız təxribat cəmiyyətin mütərəqqi qüvvələrinin dərin hiddətinə səbəb olurdu və həmin toqquşmaları, hadisələri törədən səbəbləri araşdırmaq üçün ziyalılar yerli hakimiyyət orqanlarının iç üzünü açır, çirkin əməllərini aşkarlayırdılar. Azərbaycan xalqının siyasi özünüdərkin formalaşması prosesində o illərin mətbuatı ilə yanaşı yaranan siyasi partiyalar, təşkilatlar, cəmiyyətlər də böyük rol oynayırdı.
Təbii ki, əsas ağırlıq yenə də təbliğat vasitəsi kimi mətbuatın üzərinə düşürdü. Bu çoxsaylı məqalələrin və informasiya məlumatlarının müəllifləri öz yazılarında təkcə siyasi hadisələri işıqlandırmaqla kifayətlənmirdilər. Onlar bu hadisələrin hər birini Azərbaycan əhalisinə sübutlu-dəlilli şərhlərlə izah edir, bununla da milli özünüdərkin inkişafı işində mühüm vəzifəni xalqın siyasi mədəniyyətinin yüksəldilməsi, millətin taleyi üçün məsuliyyət daşımaq hissinin oyanması vəzifəsini yerinə yetirirdi.
Daha çox isə milli məsələ ilə bağlı mövzulara üstünlük verirdilər. Çünki, erməni-müsəlman toqquşmaları yenidən 1906-cı ildə (Bakı, Yelizavetpol və İrəvan quberniyalarında) təşkil olundu. Azərbaycanın görkəmli nümayəndələri H.Zərdabi, F.Köçərli, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, H.Vəzirov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ü.Hacıbəyli, Ə.Topçubaşi, M.Şaxtaxtinski və başqaları hadisələri böyük bir bəla kimi qiymətləndirir, mətbuatdakı çıxışları ilə onların təxribatçı xarakterini açıqlayır, hər vasitəylə bu amansız və mənasız ədavətə son qoymağa çalışırdılar.
Azərbaycan mətbuatında daha çox milli məsələdə yazıb-yaradan Əhməd bəy Ağaoğlu isə Azərbaycan xalqının ünvanına söylənilən hər böhtançı fikirləri yerli və paytaxt mətbuatının səhifələrində hərarət və qızğınlıqla ifşa edirdi. Fevral hadisələrindən dərhal sonra Ə.Ağaoğlu Bakı şəhər qlavası K.A.İretskiyə müraciət edərək, baş verən faciəni dayandırmaq üçün təcili tədbirlər görülməsinin vacibliyi barədə xəbərdarlıq edir. Ə.Ağaoğlu hər iki tərəfin iştirakı ilə fövqəladə iclas keçirməyin, vacibliyini hökumət nümayəndəsinin diqqətinə catdırır. Gərgin fevral günlərində Ə.Ağaoğlu qələm əhlinin bu hadisələrdə mühüm rolu haqqında “Kaspi” qəzetində məqalələr çap etdirərək, mətbuatı ilk növbədə faciənin əsl səbəbkarlarını üzə çıxarmağa və tənqid etməyə çağırırdı. Millətlərarası münasibətlərin tənzimlənməsi məqsədilə ictimai təşkilatların yaradılmasında da Ə.Ağaoğlu çox böyük rol oynadı.
1905-ci ildə iyun ayında şəhər duması “əhalinin barışdırılması üçün Bakı komitəsi” təşkil etdi. Komitədə duma üzvləri ilə yanaşı, həm də şəhər əhalisinin bir çox nümayəndəsi təmsil olunurdu. Ə.Ağaoğlu isə bu komitənin redaksiya komissiyasına “Həyat” qəzetinin baş redaktoru kimi daxil idi. Erməni-müsəlman ziddiyyətlərinin kəskinləşməsi vahid milli siyasi təşkilatın yaranmasına şərait yaratdı.
Belə bir zamanda 1905-ci ildə Ə.Ağaoğlu tərəfindən Bakı şəhərində “Fədai” adlı gizli bir cəmiyyət yarandı. Bu təşkilatın yaranmasını Azərbaycan ziyalıları ürəkdən dəstəkləyərək onun işinə yardımçı oldular. Beləliklə tez bir zamanda “Fədai” Cəmiyyəti Difai Partiyasına çevrildi. Bu təşkilat isə Azərbaycan tarixində “misli görünməmiş qeyrət səhifələri yazadı”. Difainin tez bir zamanda belə fəaliyyət göstərməsi təbii ki, həm erməniləri, həm də hökuməti narahat etməyə başladı.
1906-cı ildə Tiflisdə Qafqaz canişini Vorontsov-Daşkovun (canişinin arvadı milliyyətcə erməni olan Liza Əhməd bəyə düşmən münasibətdə idi) yanında keçirilmiş barışdırıcı qurultayın siyasi yekunlarına əsasən vəziyyəti “sakitləş-dirmək” üçün bölgəyə rus generalı Qoloşapovun qoşunu yeridildi. Bu o Qoloşapov idi ki, onun azərbaycanlılara qarşı birmənalı münasibəti, nifrəti haqqında Mirzə Cəlil dəfələrlə “Molla Nəsrəddin”də məlumat vermişdir.
Qoloşapovun gəlişilə rus kazaklarının ermənilərlə birlikdə yerli müsəlmanlara qarşı törətdikləri vəhşiliklər “Difai” partiyasının banisi Ə.Ağaoğlunu məcbur etdi ki, bütün qüvvəsini bu partiyanın işinə yönəltsin. Tezliklə Gəncədə, Şuşada, Ağdamda, Naxçıvanda və b. yerlərdə bu partiyanın şöbələri yaradıldı. Partiyanın 1906-cı ilin oktyabrında “İrşad” qəzetində dərc olunmuş proqramında bölgədə yaranmış, Azərbaycan xalqını təqiblərə və məhv olmağa məruz qoyan siyasi şəraitin səciyyəsi verilirdi.
“Millətçilik özlüyündə hörmətə layiq, hətta əzəmətli bir hadisədir” söyləyən Əhməd bəy bu təşkilatı da millətini qorumaq, onun qüruruna toxunanlara layiqli cavab vermək baxımından yaratmışdı. Ona görə də ilk olaraq təşkilatın məqsəd və məramını xalqa başa salmağa cəhd edirdi. Partiya əhalinin mənafeyinin müdafiəsini qorumaq məqsədilə çalışırdı. Bu partiyanın möhüründə də əks olunurdu. Möhürün üzərində altıgüşəli ulduzla aypara, çarpazlaşmış iki qılınc təsvir edilmiş və “Difai”-“Mübariz milli firqəsi” sözləri həkk olunmuşdur. Partiyanın təşkilatcıları qarşıya qoyduqları siyasi məqsədi vəzifələri kütlələrin dərk edib həyata kecirmələri üçün onlarda müəyyən şüur və siyasi mədəniyyət səviyyəsi olmasının zəruriliyini çox düzgün anlayırdılar. Buna görə də əhali arasında geniş maarifçilik işi aparır, mədəni-maarif cəmiyyətinin imkanlarından istifadə edir, siyasi ədəbiyyat yardırdılar. “Difai”nin şöbələrinə başcılıq edənlər əhali arasında geniş şöhrətə malik insanlar idi. Çar məmurları öz ali rəislərinin nəzərinə çatdırırdılar ki, bu partiyanın mövcud olduğu müddətdə yerli əhalinin ictimai işlərə marağı xeyli artmışdır. İndi əhali onun komitələrinə hökumət idarəsindən çox müraciət edirdi.
Ə.Ağaoğlu təşkilatın şöbələrini yaratmaq üçün Azərbaycanın bölkələrinə səfər eməli oldu və ilk olaraq Gəncədə “Difai”nin bölkə təşkilatı yaradıldı. 1905-1906-cı illərdə Gəncədə baş verən erməni-müsəlman qırğını zamanı “Difai”cilər sözün əsl mənasında düşmənə dərs verdilər. Firqənin ilk qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski oldu ki, bu da çar hökumətini çox narahat etməyə başladı...
1907-ci ilin mayında isə “Müdafiyə” təşkilatı meydana çıxdı. Ona böyük ictimai-siyasi xadim İsmayıl xan Ziyadxanov başçılıq edirdi. “Müdafiə”nin fəaliyyəti, başlıca olaraq, Yelezavetopol quberniyasının qərb hissəsini və Tiflis quberniyası qəzalarının bir hissəsini əhatə edirdi. Təşkilat müsəlmanlar arasında maarif və mədəniyyət işlərinin qayğısına qalmağı, onların hüquq və mənafeyinin müdafiəsini, habelə kəndli məişətinin yaxşılaşdırılması və s. özünün zəruri məqsəd və vəzifəsi hesab edilirdi. Azərbaycanın ictimai xadimləri milli qüvvələrin birləşdirilməsi işində mətbuatın sözünə böyük əhəmiyyət verərək, yerli əhalinin ana dilində qəzet nəşri və senzura əngəllərinin yumşaldılması məsələsinin zəruriliyini çar hakimiyyəti orqanları qarşısında dəfələrlə qaldırmışdır.
Qafqazda ziddiyyətlərin getdikcə dərinləşməsi ilə əlaqədar olaraq 1906-cı il fevralın 20-də Tiflisdə Qafqaz canişini Voronsov-Daşkovun başçılığı ilə erməni-müsəlman sülh məclisi açıldı. Azərbaycan nümayəndələri içərisində Ə.Ağaoğlu Ə.Topcubaşi və s. başqaları var idi. Məclisdə bir sıra məsələlərlə yanaşı, azərbaycanlıların öz mal-qaralarını yayda arandan yaylağa köçürərkən, ermənilərin terrorçuluq əməllərinə məruz qalması məsələləri müzakirə edirdi. Erməni nümayəndələri çalışırdılar ki, azərbaycanlılar yaylaqlara mal-qara aparmaq hüququndan məhrum olsunlar. Geniş müzakirələrdən sonra məclis ermənilərin bu təklifini rədd etdi.
Müzakirə edilən digər məsələ terrorçuluq oldu. Çünki ayrı-ayrı millətləri, xüsusilə azərbaycanlıları qorxutmaq vahiməyə salmaq özlərindən asılı vəziyyətə gətirmək məqsədi ilə ermənilər terorçuluqdan da geniş istifadə edirdilər. Əlbəttə bütün bunlar, erməni terrorunun bu qədər “ayaq açması” rusların antimüsəlman siyasətinin nəticəsi idi. Məlum məsələdir ki, belə olduqda antimüsəlman siyasəti yeridən Rusiya imperiyasının zülmü altındakı türk xalqları siyasi cəhətdən bir istiqamətdə, həm də öz aralarında sıx ideya-təşkilat əlaqələri yaradaraq fəaliyyət göstərirdilər.
Ümumrusiya müsəlman hərəkatına müəyyən dərəcədə Azərbaycan cəmiyyətinin nümayəndələri rəhbərlik edirdilər və Azərbaycanda milli hərəkat güclənmişdir. Ümumiyyətlə Azərbaycanda milli hərəkat ideya mənbələrinə görə Şərqin milli azadlıq ideyaları ilə Qərbin mədəni demokratik cərəyanlarını özündə birləşdirir: Müsəlman və türk elementləri ilə məskunlaşmış, nə mədəni, nə də dini baxımdan Rusiya ilə bir ortaq cəhəti olmayan və Rusiyanın yalnız silah gücünə işğal edilmiş Qafqaz Azərbaycanı mənən heç zaman rus dövlətçiliyi ilə barışmayıb, çünki o dövlətçiliyin ənənələri, məlum olduğu kimi, müsəlman və türk aləmində ədavət üzərində qurulmuş, bunun da nəticəsində panislamizim və pantürkizim ideyaları bu aləmdə həmişə canlı maraq doğurmuşdur. Zaman keçdikcə, cəmiyyət qüvvələri inkişaf etdikcə, get-gedə əhalinin daha geniş dairələri ictimai hərəkata qoşulduqca müsəlman şərqinin başqa yerlərinə nisbətən milli hərəkat Azərbaycanda daha tez Avropa xarakteri almışdır.
Bütün bunların nəticəsi göz qabağındadır. 1905-1907-ci illər hadisələri mətbuatın inkişafı sahəsində çarizmin müəyyən güzəştlərə etməyə məcbur etdi. Həmin illərdə Bakıda Azərbaycan dilində on bir yeni mətbuat orqanı meydana çıxdı. “Molla Nəsrəddin” jurnalı ilə birlikdə onların ümumi sayı 12-yə çatmışdır. 1917-ci ilin fevralına qədər çıxan qəzet və jurnalların 60 faizi 1905-1907-ci illərin payına düşürdü. Bu da ictimai –siyasi həyatın oyanışı, mətbuata artan maraqla bağlı idi. Milli mətbuatın inkişafında 1905-ci ilin iyunun 7-dən 1906-cı il sentyabrın 3-nə kimi Bakı şəhərində nəşr edilən “Həyat” qəzeti mühüm rol oynadı. Qəzet xalqın intellektual ziyalılarını mətbuat vasitəsilə birləşdirməyə calışaraq bu milli məsələ uğrunda birgə mübarizə aparmağa səy göstərirdi. 1905-1907-ci illərdə “Füyuzat” jurnalı və “İrşad” qəzetinin çapdan çıxması əhəmiyyətli hadisə oldu. Bu orqanlar Azərbaycan ədəbiyyatında qüdrətli istiqamət olan romantizmi formalaşdırdı və onun görkəmli nümayəndələrinin formalaşmasında mühüm rol oynadı.
1905-ci ildə jurnalistika aləminə yenicə gələn Üzeyir bəy bu məsələdə daha kəskin mövqe tuturdu. O, yazırdı: “Bizim xilasımız yalnız birlikdədir. Milli və siyasi özünüdərkin oyanışına və yüksəlişinə təkan verən, Azərbaycan xalqının milli azadlığı bizə daha çox lazımdır”.
Bu azadlığı qorumaq və yaşatmaq üçün əcdadlarımızın tövsiyələrini qulaq ardına vurmamalıyıq.
Qərənfil Dünyamin qızı
BDU-nun fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər