• çərşənbə axşamı, 19 mart, 12:37
  • Baku Bakı 8°C

Azad ruhlu Ezop

12.02.18 11:15 5232
Azad ruhlu Ezop
Azadlıq arzusu zindan gətirir, ruhun azad, cismin məhbus olur. Ya da, ən yaxşı halda, səni "dəli” deyə qələmə verib, görməzdən gələcəklər. Bu, nə bugünün, nə dünənin, nə də keçmişin qanunudur. Həqiqəti hərə bir cür bəyan edir. Kimi sözlə, kimi əməllə... Kimi nəsrlə, kimi nəzmlə. Kimi də Ezop kimi təmsillə. Üç gün öncə (5 fevral tarixində) Səda Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sabah qruplarının IV kurs aktyor sənəti tələbələrinin (kurs rəhbəri əməkdar artist Nofəl Vəliyev) ifasında Gilyermo Fiqeyredonun "Ezop” (tərcümə edən Fikrət Məlikov) əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı izlədik. Anşlaqla keçən tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada Hilal Dəmirov (Ezop), Sevgin Rzayeva (Kleya), Corc Qafarov (Ksanf), Könül Ələkbərova (Melita), Orxan İskəndərli (Kapitan), Məhəmməd Musayev (Həbəş) çıxış edirlər.
Tamaşadan danışmazdan öncə ədəbi əsas və onun müəllifi haqqında qısaca məlumat vermək istərdim. Axı, bu Gilyermo Fiqeyredo kimdir və nə üçün "Ezop”?. Müəllif Latın Amerikalıdır və yaradıcılğının parlaq dövrü məhz 1940-cı illərdən başlayır. Müəllifin məşhur əsərlərindən biri Ezopun "Tülkü və üzüm” təmsili əsasında yazılıb. Ezopun tarixi şəxsiyyət, yoxsa uydurma obraz olması hələ də mübahisə doğurur. Rəvayətlərə görə, Ezop ən çox uşaqlar üçün uydurduğu nəsihətamiz təmsilləri ilə məşhurlaşmış bir şəxsiyyət, eyni zamanda, tez-tez dəyər-dəyməzinə alınıb-satılan, özü kimi kölələr, nəzarətçilər, ağalar tərəfindən daima incidilən bir qul olub. Bir nüansı da qeyd edim ki, Ezopun həm də qozbel, axsaq, qoxrunc simaya malik biri olması da ehtimallar içərisindədir. Ezopun 400-ə qədər təmsili günümüzə qədər gəlib çatsa da, müəllifin gerçək kimliyi hələ də sual altındadır.
İlk dəfə Leninqradda (Sankt-Peterdurq) Böyük Dram Teatrında rejissor G.Tovstonoqov 1957-ci ildə G.Fiqeyredonun "Tülkü və üzüm” təmsilinə "Ezop” adı ilə qəhrəmanlıq komediyası kimi quruluş vermiş və azadlıqla köləliyin mübarizəsini əsas ideyaya çevirmişdir. Lakin bir o qədər də uğur qazanmayan tamaşa on il sonra 1967-ci ildə G.Tovstonoqov bu əsərə bir daha müraciət edərək, onu yeni redaksiyada "Tülkü və üzüm” adı ilə tamaşaya qoymuşdur. Farsvari komediya janrında hazırlanan tamaşa əvvəlki quruluşla müqayisədə daha böyük uğur qazanmışdır. Təbir caizsə, tamaşanın sonunda Ezop məzəli biri kimi verilmiş və onun işlətdiyi "Azad insanlar üçün uçurum haradadır?” sualı A.Qriboyedovun "Ağıldan bəla” əsərinin sonluğu ilə yaxınlıq təşkil etmişdir.
Sabah qruplarının ifasındakı tamaşada hadisələr, demək olar, dəyişdirilməyib. Bütün hadisələr filosof Ksanfın Ezop adlı bir köləni evinə gətirməsi ilə başlanır. Ezopun bu dünyada tək amalı var - AZADLIQ. Bununçün canından da keçər. Bir neçə dəfə Ksanfı dilinin bəlasından qurtarsa da, yol göstərsə də, Ksanf hər dəfə ona azadlıq vermək vədinə naxələf çıxır. Ksanf özünü nə qədər ağıllı bir filosof hesab etsə də, zövcəsi Kleya onu heç sevmir. Lakin var-dövlət, ad-san naminə məcbur ərinə qatlaşır. Fəqət Ezopun gəlişi ilə Kleya da dəyişir. Bir qulun, bədbəxt kölənin, aciz şikəstin azadlıq naminə bu qədər çaba göstərməsi onu da azadlığa sövq edir. Sanki Ezop onun gözlərini açır və bildirir ki, Kleya da onun kimi kölədir, ruhən də, cismən də kölədir. Lakin Ezop ruhən azaddır, cismən zəncirlənsə də, döyülsə də, söyülsə də, sözünü azad şəkildə deyə bilir. Bu onu hardasa Prometeyə bənzədir. İnsanlara odu oğurlayıb verən Prometey qayaya zəncirlənsə də, gecələr ciyərini quzğunlar yeyib, səhərlər o ciyər bərpa olunsa da, onun cismi zəncirlənib, ruhən azaddır və o peşman deyil. İndi Ezop bilir ki, Ksanf ondan asılıdır, onun təmsilləri ilə meydanda şagirdlərinə maraqlı söhbətlər edir, hörmət qazanır, Kleya ondan asılıdır, çünki ona aşiq olub, bir razılığına möhtacdır. Melita ona möhtacdır, Ezop razılaşsa, Kleya onu xilas edər və qaçarlar, Melita isə Ksanfa ərə gedib azad olar. Qısası, rahat və azad yaşayan "insan”lar zəncirlənmiş, hər an "heyvan kimi” döyülən Ezopdan asılı vəziyyətdədirlər. Çifayda, Ezop ondan ala bilməyəcəkləri yeganə şey olan mənəvi azadlığını qurban verməyəcək. Onsuz o, sevgiyə də inanmır. Ezop üçün iki tip qadın var - biri onunçün daim əzab çəkən anası, digəri ona əzab çəkdirən qadınlar. Əslində, hərfi mənada, Ezopun adında da bir iztirab var - Ezop-Azap-Əzab...
Tamaşa boyu zaman-zaman izlədiyimiz filmlər, oxuduğumuz kitablar, eşidiyimiz hekayələrlə rastlaşırdım. Ezopun üstünə şər atılıb, yenidən Ksanfın sarayına gətirildiyi və müqəddəs məbəddən oğurlanan camın onun çörək torbasından çıxdığını sonda Kleyanın etdiyi məlum olduğu an məkirli qadın hiyləsi ilə nələr ediləcəyinin şahidi olduq. Belə bir qadın saf insanın sevgisini əldə etmək üçün onu şərləməkdən belə çəkinmir. Məgər Putifarın zövcəsi Züleyxanın sevdiyi və ona heç vəcdlə qarşılıq verməyən Misirin əzizi, HZ.Yusifə necə böhtan atıb zindana yolladığını eşitmədikmi? Ezop isə Babək kimi "40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır” prinsipinə əsaslanıb özünü uçurumdan atır. Ölüm məhz onun əbədi azadlığı olur. Həyat davam edəcək, yeni kölələr gələcək, məğlub tərəf isə sarayda "ölü” kimi yaşayan sağlar olacaq. Çünki Ezopun danışdığı təmsillər bitəndə Ksanfın daha şagirdlərinə deməyə yeni sözü olmayacaq, cah-cəlal içində yaşasa da, yeri gələndə Ksanfın əmri ilə qonağın ayağını yumağa məcbur qalan Kleya yenə də kölə kimi yaşayacaq, azadlıq arzusu ilə alışıb-yanan Melita isə Kleyanın himayəsindəki kölə olaraq qalacaq.
Tamaşanın rejissoru əsas ideyanı azadlıq üzərində qurmuşdur. Əslində, Ezopun işlətdiyi "bütün insanlar azad yaradılıb, kölə olmaq üçün yox” kəlməsi tamaşanın ideya leytmotivini təşkil edir. Sözünü azad deməyi bacarmayan, əmrlərə tabe olan insan mütləq ruhunu satmış bir kölə kimi yaşamağa məhkumdur.
Tələbə-aktyorların altı ay müddətindəki məşqlərdən çox şey öyrəndikləri bəlli idi. Ədalar, pafoslar, mizan və jestlər, üz mimikları tamaşada işləyirdi. Düzdür demək olmaz ki, hər şey mükəmməl idi. Ancaq tələbə kimi çox məsuliyyətlə çalışmışdılar. "İntellektual oyun” olaraq hazırlanan tamaşada Ksanf filosofdan çox özünü filosof sanan sarsaq kimi təqdim olunsa da, Ezopu oynayan Hilal Dəmirov digər həmkarları ilə müqayisədə daha dərin, daha inandırıcı oynadı. Obraza daxil olub, onu özününküləşdirməyi, bizlərə yansıtmağı bacardı. Lakin bir nüansı qeyd etməliyəm ki, Hilal Ezopu oynayarkən tamaşaçını qozbelliyinə tam inandıra bilmədi. Qozbel və axsaq mütləq bir tərəfi əyilmiş və bütün vaxt ağır yerişli olur. Lakin emosional, sevgi anlarında Hilal obrazın qozbelliyinə rəğmən belini düz tutur, adi insan kimi hərəkətlər etməklə, ani olaraq, rolunu unudur və Ezopluqdan çıxırdı. Ancaq bununla belə aktyorun üz cizgiləri və ifadələri, Həbəş tərəfindən qamçılanma səhnəsi, Ksanf tərəfindən təpikləndiyi epizodlarda qüsursuz oynadığını vurğulamaq borcumdur. Melitanı canlandıran Könül Ələkbərovanın hədsiz həyəcanı tamaşa boyu obraza daxil olmağına mane olurdu.
Xırda qüsurlara baxmayaraq belə az zaman çərçivəsində çox şeyə nail olan tələbələrə əhsən düşür. Ümid edək ki, bu səhnə daha neçə-neçə Ezoplar, Ksanflar, Kleyalar yetişdirib gələcəyin əsl sənətkarı edəcək...
Nigar Pirimova
Teatrşünas

banner

Oxşar Xəbərlər