• cümə, 29 Mart, 08:58
  • Baku Bakı 5°C

Azad İqtisadi Zonanın yaradacağı perspektiv

13.10.17 10:30 2518
Azad İqtisadi Zonanın yaradacağı perspektiv
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) yaxın zamanlarda Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində Azad İqtisadi Zona yaratmaq niyyətindədir. Trend-in məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov 7-ci Xəzər Avia Yük Daşımaları Sammitində çıxışı zamanı deyib. C.Əsgərov əlavə edib: "Bu layihənin icrası üçün qanunvericilik bazası artıq təsdiq edilib. Onun icrası ilə bağlı tədbirlər planı hazırlanmaqdadır".

Aeroportda yaradılacaq Azad İqtisadi Zonanın hansı effektləri verəcəyini öyrənməyə çalışdıq.

İqtisadçı Rəşad Həsənovdeyir ki, Azad İqtisadi Zonanın yaradıldığı ərazilərdə hava limanı kimi çevik nəqliyyat əlaqələrinin olması, o sahənin inkişafına müsbət təsir göstərə bilər: "Amma faktiki olaraq, aeroportda yaradılacaq azad ticarət zonasının konkret indikatorları məlum deyil. Düşünmürəm ki, həmin ərazidə istehsal mühiti qurulsun. Amma ola bilsin ki, yüngül sənayenin müəyyən istiqamətlərində kiçik istehsal sahələri fəaliyyət göstərə bilər. Bu təbii ki, ölkəmizdə iqtisadi aktivliyi müəyyən qədər şərtləndirəcəkdir. Xüsusilə, nəzərə alsaq ki, ölkə əhalisi bir sıra hallarda bahalı məhsulların istehlakçısıdır. Hansı ki, bu məhsulları böyük şirkətlər bazara təqdim edir. Yaxud da, bu məhsulların üzərində böyük həcmli rüsum, vergi tətbiq edilməsi nəticəsində qiymətlər kəskin baha olur. Azad ticarət zonasının olması yerli əhali üçün ilk növbədə keyfiyyətli məhsulların daha aşağı qiymətdə istehlak edilməsi imkanı yarada bilər. Təbii ki, əgər buna imkan yaradılarsa. Bundan başqa, əlavə iş yerinin yaradılmasına səbəb olacaqdır. Ticarət dövriyyəsinin və yerli istehsalın həcminin genişlənməsinə təsir edəcəkdir. Xüsusilə də, xarici ölkə vətəndaşlarının xərcləmələrini artıracaqdır. Gələcəkdə ola bilsin ki, Azərbaycan hansısa formada tranzit mərkəzə çevrilsin. Hələlik AZAL-ın apardığı siyasət bu istiqamətdə deyil. Nə zamansa daha aşağı qiymətlər təklif olunarsa, mümkündür ki, Azərbaycan müəyyən qədər Avropa və Asiya arasındakı sərnişin daşınmasını təmin etsin. Belə olarsa, azad ticarət zonasında tələbin artması ölkənin valyuta gəlirlərinə də müsbət təsir göstərə bilər. Bir məqama da toxunum ki, bu zonada yerli sahibkarlar da fəaliyyət göstərəcəklər və bu, biznesin inkişafını dəstəkləyə bilər. Mexanizm, tədbirlər planı hazırlanarkən yaxşı olar ki, bu sahədə təcrübəsi olan şirkətlər prosesə cəlb edilsin”.

Müsahibimiz deyir ki, azad iqtisadi zonaların yaradılmasında əsas mahiyyət onların əlçatan olmasıdır: "Azad iqtisadi zonalar bəzi hallarda, bir neçə nəqliyyat qovşağının əhatəsində yaradılır. Məsələn, deyək ki, hər hanısa bir dənizə çıxışı olan limanda hava limanı da yaradılır. Və burada koordinasiya daha effektli formada təşkil edilir. Amma böyük ehtimalla, AZAL-ın ərazisində azad iqtisadi zonanın yaradılması məsələsi indiki imkanlar daxilində nəzərdə tutulub. Bu, nəqliyyatdan istifadə edənlərin xərclərinin iqtisadiyyata cəlb edilməsi məqsədi daşıyır. O qədər də geniş yayılmış bir təcrübə deyil”.

İqtisadçı Vüqar Bayramovbildirir ki, azad iqtisadi zonanın yaradılması ilə bağlı fəaliyyətlər başlayıb və davam etdirilir: "Prezident Azad İqtisadi Zonanın yaradılması ilə bağlı xüsusi fərman imzalayıb. Eyni zamanda, bu sahə ilə bağlı qanun qəbul edilməsi və qanun hazırlanması ilə əlaqədar xüsusi işçi qrupu da yaradılıb. Güman olunur ki, işçi qrupu ilin sonunda sözügedən qanunun parlamentə təqdim edəcək. Məncə, 2018-ci ildə artıq iqtisadi zonanı yaratmaq mümkün olacaq. Bu zonanın yaradılması xarici investisiyanın cəlb edilməsi baxımından çox vacibdir. Çünki Azərbaycanda yaradılacaq Azad İqtisadi Zona spesifik bir model əsasında formalaşdırılacaq. Bunun da spesifikliyi ondan ibarətdir ki, xüsusi qanun qəbul ediləcək. Həmin qanunun qəbul edilməsi, sahibkarların hüquqlarının, vergi və mülkiyyət hüquqları daxil olmaqla, bir sıra başqa hüquqların qorunmasına şərait yaradacaq. Bu da güzəştlərin olmasına imkan yaradacaq. Burada məqsəd xarici investorlarda qeyri-neft sektoruna maraq yaratmaqdır. Artıq körfəz ölkələri ilə bu istiqamətdə danışıqlar gedir. Bizdə olan məlumata görə, bir sıra sahibkarlar və iri şirkətlərlə investisiya qoyuluşu ilə bağlı razılıq əldə edilib. Bu, yerli istehsalın xarici bazarlara çıxarılmasına dövlət dəstəyini həyata keçirəcək. Nəticədə, beynəlxalq limanın mövcud potensialından istifadə etməklə, qeyri-neft sektoruna məxsus məhsulun xarici bazara ixracını artıracaq”.

Günel Azadə

banner

Oxşar Xəbərlər