AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azad edilən ərazilərin bərpası üçün tələb olunan maliyyə

Azad edilən ərazilərin bərpası üçün tələb olunan maliyyə

Cəmiyyət
14 Noyabr 2020, 13:02 2122
Ekspertlər bildirirlər ki, bir müddət sonra infrastrukturun qurulmasında həmin rayonların öz payı da olacaq

Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında idi. Ancaq 30 ilə yaxın vətən həsrəti bitdi, torpaqlarımız düşmən tapdağından azad olundu. Və artıq insanlarımız doğma torpaqlarına qayıtmaq, orda yaşamaq, yaratmaq, qurmaq, fəaliyyət göstərmək üçün səbirsizlənirlər. Amma torpaq indiyə qədər düşmən əlində olub, dağıdılıb, talan edilib. Bu səbəbdən ilk olaraq həmin torpaqlara insanlarımızın köçürülməsi üçün müəyyən infrastruktur qurulmalıdır. 
Bəs bu infrastruktur işləri nə qədər vaxt aparacaq? Bu işləri görmək üçün ölkəmizin maliyyə və digər imkanları nə dərəcədədir?

Bu xərcləri qarşılayacaq maliyyə imkanları olan yeganə ölkələrdən biri

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, işğaldan azad olunan torpaqlarımızda infrastrukturun qurulması üçün böyük maliyyə lazımdır: "Düşmən həmin ərazilərdə həm ekoloji, həm də infrastruktur baxımından, demək olar ki, çox ciddi dağıntılara yol verib və həmin əraziləri məhv edib. Bu ərazilərin bərpası - təbii ki, layihələrin miqyasından və parametrlərindən asılı olaraq - kifayət qədər böyük vəsait tələb edəcək. İlkin qiymətləndirmələr onu göstərir ki, Azərbaycanın bu ərazilərdə təmir-bərpa işləri üçün təxminən 40-50 milyard dollar dəyərində əlavə investisiyaya, sərmayə qoyuluşuna ehtiyacı yaranacaq. Ola bilsin ki, həmin ərazilərdə infrastruktur artıq yeni standartlar, "Yaşıl böyümə” konsepsiyasının tələbləri, alternativ enerji üzrə enerji tələbatının ödənilməsini nəzərdə tutan konsepsiyalar əsasında hazırlansın. Bu zaman xərclər daha böyük olacaq”.

R.Həsənovun sözlərinə görə, ölkəmiz bu xərcləri qarşılayacaq maliyyə imkanlarına sahibdir: "İstənilən halda, Azərbaycan regionda faktiki olaraq bu xərcləri qarşılayacaq, bu kimi bərpa işlərini həyata keçirə biləcək maliyyə imkanları yüksək olan yeganə ölkələrdən biridir. Resurs gəlirləri Azərbaycana ötən dövrdə bu imkanları yaradıb. Həm Gürcüstan, həm Ermənistanla müqayisədə maliyyə vəziyyətimiz, büdcə gəlirlərinin həcmi kifayət qədər yüksəkdir. Və bu vəsaitlər, təbii ki, qeyd edilən məqsədlər üçün istifadə olunacaq. Amma buna baxmayaraq, bu müddət ərzində, əlbəttə ki, bir sıra istiqamətlərdən maliyyə təminatının həyata keçirilməsi zərurəti ortaya çıxacaq. Eyni zamanda bu maliyyə təminatı üçün imkanlar var. Bunlardan biri Dövlət Neft Fondu, fondunun yığımlarıdır. Böyük ehtimalla, növbəti dövrlərdə Dövlət Neft Fondunun vəsaitlərinin bir qismi bu istiqamətə yönəldiləcək. İkincisi, Neft Fondunun xərc istiqamətlərindən biri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, mənzil təminatının yüksəldilməsi idi. Artıq məcburi köçkünlərin böyük əksəriyyətinin öz yurd-yuvalarına qayıtması həmin xərc istiqamətində zərurəti aradan qaldırıb və beləliklə də, həmin vəsaitləri biz məhz təmir-bərpaya yönəldə bilərik. Bundan başqa, bildiyiniz kimi, dövlət büdcəmizin müharibə faktoru ilə əlaqədar olaraq çox böyük hərbi xərcləri var idi. Və əgər dayanıqlı sülh hansısa formada əldə olunarsa, (artıq iki gündür ki, məndə bu istiqamətdə çox ciddi pessimistlik formalaşıb) o zaman böyük ehtimalla, bizim hərbi və müdafiə xərclərimiz də azalacaq. Bu vəsaitləri də biz qeyd etdiyimiz məqsədlərə, istiqamətlərə yönəldə bilərik”.
İqtisadçı deyir ki, işğaldan azad olunan torpaqlarda infrastruktur işlərinin görülməsi üçün beynəlxalq təşkilatların, qurumların mümkün imkanlarından da yararlanmalıyıq: "Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, qurumlar var. Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı və sair. Həmin bölgələrlə bağlı bu təşkilatların resurslarından, imkanlarından geniş şəkildə istifadə edilməlidir. Digər humanitar, ekoloji təşkilatlar var ki, onlar da bu cəhətdən köməyimizə gələ bilər. Xüsusilə də, təmir-bərpa prosesi zamanı xərclərin optimallaşdırılması və prosesin sona çatdırılması imkanlarının artırılması məqsədilə bu biz bu variantlardan da yararlanmalıyıq”.

"Resurslar peşəkar şəkildə mobilizə edilməli, bu istiqamətə yönəldilməlidir”

R.Həsənov bildirdi ki, infrastrukturun qurulması qısamüddətli bir proses olmayacaq. 5-10 il ərzində təmir-bərpa işləri gedəcək. Bu səbəbdən, təmir-bərpa işlərində elə həmin ərazilərin yaratdığı əlavə dəyərdən də istifadə etmək mümkün olacaq: "Bu, mərhələli proses olduğu üçün nəzərə almaq lazımdır ki, işğaldan azad olunan bölgələrin özünün yaratdığı əlavə dəyərin üstünlükləri olacaq. Həmin bölgələrdə resurslar var. O resursların istismarı prosesi Azərbaycan üçün müəyyən əlavə gəlir mənbəyi yaradacaq və o gəlirlərin bir qisminin qeyd edilən istiqamətlərə yönəldilməsi mümkün olacaq”.
İqtisadçı deyir ki, koronavirusla bağlı vaksinin istifadəyə buraxılması da dünyanın iqtisadi mənzərəsinə öz təsirini göstərəcək və bu da ölkəmizin gəlirlərinə təsirsiz ötüşməyəcək: "Pandemiya ilə mübarizədə ötən gün çox ciddi uğurun əldə olunması ilə bağlı mesajlar gəlməyə başladı. Vaksinin 90% effekt verməsi faktoru dünya bazarlarında neftin qiymətinin 10%-ə qədər bahalaşmasına gətirib çıxardı. Həmin proseslərə qədər, böyük ehtimalla, pandemiya tamamilə neytrallaşdırılacaq. Belə olduğu təqdirdə, neftin qiyməti indiki ilə müqayisədə bir barel üçün təxminən 15-20 dollar baha olacaq ki, bu da Azərbaycana əlavə maliyyə imkanları yaradacaq”.
R.Həsənov qeyd etdi ki, həmin ərazilərin turizm, aqrar və s. kimi istiqamətlərdə potensialının istifadə edilməsi həm dövlət büdcəsi üçün əlavə gəlirlərin formalaşmasına, həm də dövlət büdcəsinin digər istiqamətlərdə xərclərinin azalmasına səbəb olacaq: "Məsələn, deyək ki, həmin istiqamətlərdə işğal olunmuş ərazilərdə məşğulluq tələbi, nəticədə ölkənin dövlət büdcəsinin qeyd edilən istiqamətlərdə sosial layihələrin həyata keçirilməsi zərurətini azaldır və həmin xərcləri də müvafiq istiqamətlərə yönəltmək olar. 
Bütün resurslar çox məntiqli, peşəkar şəkildə mobilizə edilməli, bu istiqamətə yönəldilməlidir. Qısa müddətə Azərbaycan həmin əraziləri, dediyimiz kimi, həm bəşəriyyətə, həm dünya iqtisadiyyatına, həm də azərbaycanlılara qazandırmalıdır. Belə olduğu təqdirdə, biz artıq həmin bölgələrdə sülhün dayanıqlığı və beynəlxalq ictimaiyyətin bu problemə yanaşması ilə bağlı da ciddi dəyişiklikləri müşahidə etmiş olacağıq və bu, bizim növbəti uğurumuz ola bilər”.

Yeni yataqlar, yeni imkanlar, yeni gəlirlər... 

İqtisadçı ekspert Ramin Rəhimov deyir ki, ilk olaraq kəndlərarası, qəsəbələri və kəndləri rayon mərkəzləri və şəhərlərlə birləşdirən yol infrastrukturunun qurulması işinə başlanmalıdır: "Paralel olaraq su təsərrüfat obyektlərinin və infrastrukturlarının yenidən qurulması işi həyata keçirilməlidir. Enerji təminatı və qazlaşdırma prosesləri də ilk növbədə görülməli işlərdəndir. Bütün bunlardan sonra əhalinin yerləşdirilməsi prosesinə başlanıla bilər. Daha sonra, təbii ki, insanların ora köçürülməsi mərhələli qaydada aparılmalıdır. Burda köçürülmə prosesi baş verərkən ərazidə insanların yaşam, iş şəraitinə uyğun infrastrukturun mövcud olması da çox vacibdir. Məktəb-bağçaların, yaşayış məqsədi üçün lazım olan digər texniki təchizat vasitələrinin qurulması, eyni zamanda özünüməşğulluq xidmətinin bərpası və onun regionlarda inkişafını dəstəkləyən digər hər hansı texniki təchizatlardan ibarət bir kompleks tədbirlər planının həyata keçirilməsi və s. bütün bunlar mərhələli qaydada aparılmalıdır və aparılacaq da”.
R.Rəhimov bildirdi ki, həmin ərazilərdə infrastrukturun qurulması işlərinin maliyyə yükünün ölkəyə ağır olmaması üçün beynəlxalq maliyyə təşkilatlarından maliyyə cəlb edilməsinə gedilməlidir: "Pandemiya dövründə Azərbaycan iqtisadiyyatında sosial yük daha da artıb və digər qeyri-neft sektorlarının inkişafına dəstək mexanizmi azalıb. Əhalinin öz regionlarına qayıtma məsələsi ilə bağlı sosial yük yenidən artırılacaq. Bu da büdcədə olan kəsrin bir qədər də artırılmasına gətirib çıxaracaq. Bunun alternativ yolları var. İndiyə qədər təcrübədə, beynəlxalq maliyyə resurslarından, beynəlxalq maliyyə təşkilatlarından mərhələli qaydada vəsaitlər cəlb etmişik. Yenidən həmin infrastrukturların həyata keçirilməsi üçün beynəlxalq maliyyə qurumlarından vəsaitlər cəlb olunmasına gedilməlidir”.
İqtisadçı deyir ki, yerli və beynəlxalq investorların bölgəyə cəlb olunması da işin gedişatına müsbət təsir göstərəcək: "Yerli sahibkarların və beynəlxalq investorların bu işlərə cəlb olunması məsələsinə də önəm verilməlidir. Bilirik ki, həmin regionlarda kifayət qədər təbii ehtiyatlar, mineral resurslar mövcuddur. Mineral resurs yataqlarının istismar olunması, hasilatı, yəni bunların qurulması üçün biz xarici investorlar cəlb edə bilərik. Bu, həm bizim üçün, həm də xarici investorlar üçün maraqlı olacaq. Təbii ki, onlar üçün yeni yataqlar, yeni imkanlar, yeni gəlirlər, bizim üçün isə Azərbaycanda ixrac potensialının artırılması, ölkəmizə məxsus faydalı metallardan ibarət brendlərin dünya miqyasında tanıdılması, eləcə də büdcəmizə kifayət qədər böyük qatqı deməkdir.
Xarici investorlardan kənar, oraya köçürüləcək əhalinin özünüməşğulluq proqramı çərçivəsində maliyyə resursunun ayrılması, büdcənin, təsərrüfat subyektlərinin formalaşdırılması, həyətyanı sahələrinin, torpaq sahələrinin əkilməsi, becərilməsi üçün dövlət tərəfindən dotasiyaların ayrılması ilk olaraq məqsədəuyğun hesab olunur”.
İqtisadçı bildirdi ki, infrastrukturun qurulması üçün xaricdən kadr cəlb olunmasına da gedilə bilər: "Azərbaycanda, hazırda nə qədər işçi qüvvəsi mövcud olsa da, birdən-birə həmin regionlarda bu infrastrukturların qurulması üçün kadr, yəni peşəkar kadr çatışmazlığı baş verməsi də mümkündür. Bununla bağlı biz xarici ölkələrə müraciət edə, müvəqqəti olaraq kadr idxalını təmin etmək üçün cəlb edə bilərik”.
R.Rəhimov qeyd etdi ki, ölkəmizin büdcəsi bu işləri görməyə imkan verəcək: "Hesab edirəm ki, bizim gələcək büdcəmiz də buna kifayət edəcək. Təbii ki, digər regionlara ayrılmış vəsaitlərin həcmini azaltmaqla və yaxud da mövcud regionlarımız daxilində sosial-iqtisadi inkişaf üçün nəzərdə tutulmuş vəsaitlərin bir qisminə qənaət etməklə məhz həmin faydalı regionlarda bu kimi işlərin görülməsinə yönəltmək olar. İlkin resurs olaraq isə biz Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edə bilərik və hesab edirəm ki, bu kimi layihələrin həyata keçirilməsində həmin təşkilatlardan uzunmüddətli və hətta çox aşağı faizli güzəşt şərtləri ilə vəsait cəlb edə bilərik. Həmin ərazi faydalı metallarla zəngindir. Bizim Zəngilan, Kəlbəcər rayonumuzda qızıl yataqlarımız var. Onlardan istifadə bizim üçün çox faydalı ola bilər və eyni zamanda bizim büdcəmizə qatqısının böyük olacağı da məlumdur”.
Aygün