AZE | RUS | ENG |

Təyyar Bayramov: 20-sindən 3-4-ü qalırsa, böyük uğurdur

Təyyar Bayramov: 20-sindən 3-4-ü qalırsa, böyük uğurdur
“Muğam Müsabiqəsinin münsiflər heyətində təmsil olunan sənətkarlarımız öz tələbələrindən ötrü obyektivliklərini itirən insanlar deyil”


Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün musiqişünasların və eləcə də bütün Şərq dünyasının hər zaman diqqət mərkəzindədir. Bu gün də Azərbaycanda muğam sənətinə xüsusi diqqət və qayğı göstərilir. Belə ki, 8 il öncə gənc muğam ifaçılarını yetişdirmək üçün yaradılan Beynəlxalq Muğam Müsabiqəsi bu il 4-cü dəfə fəaliyyətə başlayıb. Müsabiqə canlı şəkildə ekranlara gəldiyi gündən hər kəsin maraq dairəsinə çevrilib. Müsabiqənin ilk qalibi Təyyar Bayramovla söhbətimiz zamanı Muğam Müsabiqəsinin keçirilmə sistemindən, qısa zamanda əməkdar artist adını almasından bəhs etdik. Xanəndənin sözlərinə görə, hazırda keçirilən Muğam Müsabiqəsi şəffaf şəkildə davam edir və bunun muğamın gələcəyinə böyük töhfəsi olacaq.

10 ilim tamam oldu

- Təyyar müəllim, sizi həm ilk muğam müsabiqəsinin qalibi, həm də Opera və Balet Teatrının Şah İsmayılı kimi tanıyırıq.

- Bəli. Opera və Balet Teatrında ilk olaraq “Leyli və Məcnun” tamaşasında İbn Sənan obrazını canlandırmışdım. Teatrdakı səhnə fəaliyyətimə həmin tamaşadan başladım. Daha sonra mənə 2006-cı ildə dahi sənətkarımız Müslim Maqomayevin “Şah İsmayıl” operasında baş rol olan Şah İsmayılı həvalə etdilər. Bu tamaşalarla bərabər, “O olmasın, bu olsun”, “Natəvan” operalarında xanəndə rolunu ifa etdim. Yeni mövsümdə isə “Əsli və Kərəm” tamaşası üzərində işləyəcəyəm. Hələ ki bu tamaşadakı çıxışım planlaşdırılıb, amma mövsümün açılışı olmayıb. Mövsüm açılan kimi fəaliyyətə başlayacağıq.

- Siz ən gənc əməkdar artistlərdənsiniz. Buna görə yaşlı nəslin qısqanclığına tuş gəlməmisiniz?

- Qısqanclıq tək bu sənətdə deyil, hər bir sahədə var. Hər zaman nailiyyəti olan, daim irəli gedən insana kənardan qısqanclıqlar olub. Bu təbii haldır. Mənim müəllimim Məsum İbrahimovun birinci nəsihəti o oldu ki, inkişaf etdikcə sənə qarşı qısqanclıqlar olacaq. O mənə söyləyirdi ki, heç bir şeyə fikir verməyim. Ancaq başımı aşağı salıb sənətimlə məşğul olum. Mən də onun dediklərinə riayət edirəm. Belə şeylərə önəm vermirəm. Bu ay muğam sənətində 10 ilim tamam olur.

- 10 ildir ki, sənətdəsiniz, konsert verməyi necə, düşünürsünüzmü?

- Bəli, artıq planımızda var. 7 gün olar ki, yeni diskim işıq üzü gördü. Yayda istirahət günlərində yalnız bu diskin üzərində işlədim. İstirahətimi albomun çıxmasına həsr etdim. Allahın köməkliyi ilə yaxın zamanlarda konsert verməyi də düşünürəm.

- Siz 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yerə layiq görülmüsünüz. Ümumiyyətlə, bu müsabiqə sizin həyatınızda nələri dəyişdi?

- Gənclərin həyatında bu tip müsabiqələrin xüsusi rolu var. Hər çıxışım zamanı söyləmişəm ki, gənclərin öz ifa tərzlərini göstərməsi üçün müsabiqələr onları haradasa 10 il qabağa salır. Çünki bizim ustadlarımız üçün belə bir şərait yaradılmayıb. Onlar uzun yol qət edərək çətinliklərlə bu səviyyəyə qədər gəlib çatıblar. Müsabiqə keçirilən zamanı, yəni 3-4 ay ərzində orada iştirak edən istedadlı gənclər xalqın sevimlisinə çevrilir və məşhurlaşırlar. İştirakçılar hər həftə oxuduqları sahənin mütəxəssislərindən nələrisə öyrənirlər. Hər həftə ustadların qarşısında çıxış etmək, repertuar hazırlamaq, canlı efirdə ifa etmək bu sahəyə yeni gələn gənc ifaçılar üçün böyük bir məktəbdir. Bu baxımdan belə müsabiqələrin gənclərin həyatında misilsiz rolu var.

Həmin ifaçılar bu sənətdə yoxdur

- Müsabiqəyə qatılıb qalib olmağınızdan 8 il keçib. O zamandan bu yana nələr dəyişib?

- İllər ötdükcə istedadlı gənclərimiz yetişir. Artıq bu, dördüncü müsabiqədir. Belə müsabiqənin keçirilməsi bizim üçün çox sevindirici haldır. Müsabiqədə 20 nəfər iştirak edirsə, bu o demək deyil ki, onların hamısı xanəndə olacaq. Ustadlarımız da hər zaman deyir ki, seçdiyimiz 20 iştirakçıdan 3-4 nəfər gözəl xanəndə yetişirsə, bu böyük nailiyyətdir. Gördüyünüz kimi, bu günə qədər müsabiqədə iştirak edən 20 iştirakçının hamısı bu gün xanəndə deyil. Onların içərisindən öz üzərində işləyən, daima repertuarlarını zənginləşdirənlər də göz qarşısındadır. Ümumiyyətlə, muğam sənəti çox ağır peşədir. Ola bilər ki, bu peşə kənardan çox asan görünə bilər. Kimisi tab gətirib sona qədər bu sənətdə qalır, kimisi isə öz səmtini dəyişir. 2005-ci ildən müsabiqəyə qatılan elə ifaçılar var ki, bu gün onlar efirlərdə görünmür. Artıq həmin ifaçılar bu sənətdə yoxdurlar.

- Belə fikir var ki, bundan öncəki muğam müsabiqələrinin iştirakçıları daha güclü idi. Budəfəki iştirakçılar isə onlara nisbətən zəifdir. Bəs siz necə düşünürsünüz?

- Hər bir dövrün öz ifaçıları var. 2005-ci ildə keçirilən ilk muğam müsabiqəsinin ifaçıları doğrudan da çox güclü idi. Bu mənim subyektiv fikrimdir. Həmin ilə qədər Azərbaycanda muğam müsabiqələri keçirilmirdi, gənclərin özlərini göstərmələri üçün belə bir şərait yaradılmırdı, həm də bu müsabiqə birinci olduğuna görə istedadlı uşaqları yığmaq üçün heç bir çətinlik yaranmadı. Bir də ki, muğam oxumaq üçün ən önəmli detal ifaçının səsidir, o da ki, hər zaman yetişmir. Bəli, birinci muğam müsabiqəsi dördüncü müsabiqədən fərqlənir. Ancaq hər müsabiqənin öz istedadlı iştirakçıları da olub və bugünkü muğam müsabiqəsində də var. Şərt o deyil ki, birinci müsabiqədə səsi gözəl olan ifaçılar gəlib. Hazırda həmin müsabiqənin iştirakçılarından 4-5-i bu gün səhnədədir və öz üzərilərində çalışırlar. Oradakı münsiflər 50 ildən artıqdır ki, bu sənətlə məşğul olan insanlardır, öz işlərinin peşəkarlarıdır. İfaçı ağzını açan kimi onlar hiss edirlər ki, həmin gənc hansı səsə malikdir. Hər müsabiqədən 3-4 nəfər muğam sənətinə qoşulursa, bu özü böyük uğurdur.

Onun səsi vardı, ancaq hələ püxtələşməmişdi

- IV muğam müsabiqəsində fərqlənən ifaçılar varmı? Favoritləriniz kimlərdir?

- Budəfəki iştirakçıların içərisində də istedadlı gənclər var. Bu müsabiqədə Mənsum İbrahimovun tələbəsi Mirpaşa Şükürov azyaşlı olmasına baxmayaraq, muğamı professional şəkildə ifa edir. Bunu təkcə mən demirəm, tamaşaçılar da bu fikirdədir. Mənsum müəllimin digər tələbəsi Xətai Hacıyevin də səsini çox bəyənirəm. Belə ki, bir çox tədbirlərdə olduğumuz zaman tamaşaçılar onları dinlədiklərini söyləyirlər. Bundan əlavə, Sərxan Bünyadzadənin səsini çox bəyənirəm. Daha sonra Ağcabədidən Ramiq Bayramov, Xocalıdan Elburus Abbasov, qızlardan Zümrüd Məmmədova kimi yaxşı ifaçılar var. Ümid edirəm ki, gələcəkdə öz üzərilərində işləyib bu sahənin mütəxəssisinə çevrilərlər. İllər keçdikcə hər şey adiləşir. Müsabiqə hələ yeni başlayıb. İnanıram ki, müsabiqənin sonlarına yaxın ifaçılar da bir az püxtələşəcək və səslərini daha gözəl şəkildə istifadə edə biləcəklər.

- İştirakçılar sırasında münsiflər heyətində yer alan şəxslərin tələbələrinin olması müəyyən tamaşaçıların qınağına səbəb olub. İddia edilir ki, münsiflər heyətinin üzvü öz tələbəsinə yüksək bal verir...

- Xalqın gözü tərəzidir. Oradakı münsiflər heyətinin üzvləri bu sənətə dünən gəlməyiblər. Onlar öz işlərini hamıdan yaxşı bilirlər. Münsiflər heyəti qismində əyləşən şəxslər Azərbaycanın muğam sənətində heykəl qoymuş sənətkarlardır. Mənə elə gəlir ki, səslənən bu fikirlər yanlış düşüncələrdir. Müsabiqənin ilk həftəsində elə Ağaxan müəllimin tələbəsi müsabiqəni tərk etdi. Keçən həftə Əlibaba müəllim öz tələbəsinə çox aşağı qiymət verib, onu danladı. Hansı ki digər münsiflərdən ona yüksək bal verən də var idi. Mən o müsabiqədə tamaşaçı kimi iştirak edirəm. Mənim həddim deyil ki, münsiflər heyətinin qiymətləndirməsinə şübhə ilə yanaşım. Müsabiqə çox obyektiv şəkildə keçirilir. Üç müsabiqənin qalibiyəm və müsabiqələrdə yetişmiş bir ifaçı olaraq deyə bilərəm ki, bizim gördüyümüzü kənardan baxan izləyici bəlkə də görmür. Hərdən elə hallar olur ki, tamaşaçılar söyləyir ki, iştirakçı çox zəif oxuduğu halda ona yüksək bal verildi. Ola bilər ki, ifaçının səsləndirdiyi muğam tamaşaçıya çatmasın. Oxuduğu muğamın qiymətini iştirakçılar yetərincə alırlar. Gülyaz xanımın tələbəsi bir neçə həftədir ki, 10 bal alır. Onun ustadı münsiflər heyəti qismində əyləşməyib ki? Ötən həftə müsabiqəni mənim tələbəm tərk etdi. Çox adam mənə yaxınlaşıb söylədi ki, bu, haqsızlıq oldu. Ancaq o, səhnədə öz səsini göstərə bilmədi. Onun səsi vardı, ancaq hələ püxtələşməmişdi. İki ildən sonra o daha yaxşı oxuyar. Səs pərdəyə girmirsə, münsif ona nə deməlidir. Əlbəttə ki, qiyməti aşağı olmalıdır. Münsiflər heyəti qismində əyləşən sənətkarlarımız öz tələbələrindən ötrü obyektivliklərini itirən insanlar deyillər.

- Çox zaman şahidi oluruq ki, ifaçılar öz səslərinə uyğun mahnı seçmirlər. Burada iştirakçılarmı günahkardır, yoxsa onlara tədris keçən müəllimlərmi?

- Orada mənim və digər peşəkar muğam ustalarının tələbələri var. Onlar məşq prosesi zamanı müəllimlərinin seçdiyi qəzəlləri çox gözəl ifa edirlər. Amma nəzərə alın ki, ifaçılar muğam sənətinin bilicilərinin qarşısında çıxış edirlər, digər tərəfdən də canlı efirdə həyəcanlanırlar. Həyəcan da elə bir şeydir ki, ifanı bərbad hala sala bilir. Qeyd etdiyiniz bu məsələni ifaçıların canlı efir zamanı həyəcanlanması ilə bağlayıram. Münsiflər heyətinin qarşısında çıxış etmək hər ifaçının işi deyil. Bunu hər zaman qeyd edirəm. İfaçı zala baxdıqda, bütün qocaman sənətkarları qarşısında görür. Bu onlar üçün asan deyil.

Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112