AZE | RUS | ENG |


“Təmiz Binəqədi” Gənclər Forumu keçirilib

“Təmiz Binəqədi” Gənclər Forumu keçirilib
Binəqədi rayonunda 2 Fevral – Gənclər Günü münasibətilə “Təmiz Binəqədi” Gənclər Forumu keçirilib. Tədbirdən öncə qonaqlar və forum iştirakçıları ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər. Forum öz işinə Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. İlk öncə Binəqədi rayonunda gənclərlə iş sahəsindən bəhs edən hesabat videoçarxı nümayiş olunub.

Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, müstəqil dövlət kimi gənclərlə iş sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, hər bir ölkənin müstəqilliyinin qorunub saxlanması, orada sabitliyin bərqərar edilməsi, dövlətin özünün müəyyən etdiyi strateji inkişafa nail olunması üçün ilk növbədə gənclərlə işə üstünlük verilməlidir. Onun sözlərinə görə, belə dövlətlərdə gənclərlə iş prioritet təşkil etməlidir. V.Quliyev Azərbaycanda da gənclərlə işə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycada dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyevin sovetlər birliyi dövründə ölkəmizdə rəhbər vəzifəyə təyin olunmasından sonra qoyulub. XX əsrin 70-ci illərində ulu öndərin səyləri nəticəsində gənclərin məişət, təhsil, mədəni tələbatının ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Təkcə onu qeyd etmək kifayətdir ki, hər il yüzlərlə gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində oxumağa göndərilib, oradan yüksək ixtisaslı mütəxəssislər kimi qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini veriblər. XX əsrin sonlarında xalqımızın milli azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə də gənclər fəal iştirak edib, dövlət müstəqilliyinin əldə edilməsi üçün həyat və sağlamlıqlarını əsirgəməyiblər. Minlərlə gəncimiz bu mübarizədə şəhid və əlil olub, göstərdikləri igidliyə görə müxtəlif mükafatlar və fəxri adlarla təltif ediliblər. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da gənclər daim dövlətin diqqət mərkəzində olublar. Gənclər siyasətini tənzimləyən normativ hüquqi bazanın, Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilməsi, 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Prezident yanında Gənclər Fondunun təsis olunması buna sübutdur. Bu gün müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşıb. Hazırda bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməkdədir.

Deputat Rafael Cəbrayılov da gənclər siyasətinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, artıq bəşəriyyət özünün elə bir inkişafına gəlib çatıb ki, insan kapitalının fövqündə dayana biləcək heç bir təbii sərvət, kapital yoxdur. O, bu baxımdan Azərbaycanı çox zəngin bir ölkə kimi qələmə verib: “Əgər Azərbaycanın sosial quruluşuna fikir versək, gənclərin ölkəmizin demoqrafik inkişafında mühüm rol oynadığı, ölkə əhalisinin 2,7 milyon nəfərinin və ya 28,9 faizinin yaşı 14-dən 29-dək olan şəxslər təşkil etdiyini görə bilərik. Bu, o deməkdir ki, Azərbaycanın hər üç adamından biri gəncdir. Həmin gənclərin 52 faizi şəhər yerlərində, 48 faizi isə kəndlərdə yaşayırlar. Bundan başqa, ölkədə bağlanılan nikahların böyük əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan uşaqların 82,6 faizi məhz gənc ailələrdə dünyaya gəlir. Bütün bunlar çox böyük göstəricilərdir. Əgər nəzərə alsaq ki, dünya üzrə gənclərin say göstəricisi 18 faizdir, insan resursları, gənclərin sayı baxımından Azərbaycanın nə qədər zəngin ölkə olduğunu görərik”.

Forumda Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, ASAN xidmət mərkəzinin İnsan Resursları və Təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, ASAN könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı, ali məktəblərə qəbul zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış və Qafqaz Universitetinin tələbəsi adını qazanmış fəal Binəqədi gənci Zəhra Nəbizadə, Azərbaycan Dövlət Neft Akademiyasının, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbələri Əlizadə Bahadır, Aytac Seyidəliyeva və başqaları da Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət v qayğıdan, onlara yaradılan şəraitdən danışıblar.

Binəqədi gənclərinin ötən il qazandıqları uğurlardan bəhs edən videoçarxın nümayişindən sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edib. O, da öz növbəsində gənclər sahəsindəki səmərəli dövlət siyasəti, əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclərə diqqət və qayğının hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və böyük əzmkarlıqla davam etdirildiyini vurğulayıb. X.İsgəndərov Azərbaycan dövlətinin və ölkə rəhbərinin yaratdığı münbit şəraitdən və qayğı mühitinin əhatəsində, hər bir Azərbaycan gəncinin dövlət və cəmiyyət olaraq ölkəmizin mənafeləri naminə öz bilik və bacarıqlarını, yaradıcı potensiallarını nümayiş etdirmələrini vacib sayıb.

Sonra rayonun ictimai-mədəni həyatında aktivliyi ilə seçilən bir qrup gənc Binəqədi RİH-in fəxri fərmanları ilə təltif edilib. Ötən ilki ənənənin davamı olaraq, xüsusi fəallığı ilə seçilən bir nəfər gəncə isə Böyük Britaniyanın London Meredian Kollecinə iki həftəlik xarici dil kursunda iştirak etmək hədiyyə olunub.

Tədbirin sonunda Gənclərin “Təmiz Binəqədi” Təşəbbüs Qrupu yaradılıb və Forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001