AZE | RUS | ENG |

“Sığorta şirkətləri asan qazanc dalınca qaçırlar”

“Sığorta şirkətləri asan qazanc dalınca qaçırlar”
Xəyal Məmmədxanlı: “Bu sahədə qiymət, xidmət siyasəti köklü surətdə dəyişməlidir”


Azərbaycanın sığorta sistemi sahəsində müəyyən işlər görülsə də, vəziyyət hələ də istənilən səviyyədə deyil. Çünki sığorta sahəsində davamlı inkişafın təmin olunması üçün sığorta şirkətlərinin əhalinin inamını qazanmasına ehtiyac var. Reallıq isə əhalinin sığortaya inamının az olduğunu göstərir. Sığorta şirkətləri isə bu inamı qazanmaq üçün o qədər də əziyyət çəkmirlər. Bu günlərdə Bakıda Keçirilən Beynəlxalq Sığorta Forumunda da maliyyə naziri Samir Şərifov bu sahədə fəaliyyət göstərən şirkətlərə iradlarını bildirdi. Bu iradlar və ümumilikdə sığorta sahəsində olan problemlərlə bağlı sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı ilə söhbətləşdik.

- Hazırda sığorta bazarındakı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycanda sığortanın formalaşmasını iki əsas mərhələyə ayırmaq olar: 2000-ci ilə qədər olan və ondan sonrakı dövr. 2000-ci ilə qədər sığortaya Nazirlər Kabinetinin nəzdində nəzarət edilirdi. Bazarda normativlər aşağı idi, maliyyə, investisiya tələbləri, kapitallaşma, şirkətlərin korporativləşməsi ilə bağlı ciddi problemlər var idi. 2000-ci ildən sonra sığorta nəzarəti Maliyyə Nazirliyinə həvalə edildikdən sonra bazarda ciddi islahatlar getdi. İlk ciddi islahat kapital tələblərinin artırılması ilə bağlı oldu. Kapitallar artırıldıqdan sonra qeyri-ciddi şirkətlər bazarı tərk etdilər. 2000-ci ildən bu günə hər il sığorta bazarı artan templə gedir. Düzdür, bu temp hər zaman eyni dinamika ilə olmayıb. 2007-2008-ci ilə qədər bazar çox sürətlə böyüsə də, 2008-ci il böhranında inkişaf tempi bir az zəiflədi. 2010-cu ildə yenidən böyüməyə başladı. Bu il bazarda bir az çətinliklər var, amma 3-5-10 faizlik də olsa, hər il artım qeydə alınır. Sığorta bazarı, şirkətlər get-gedə peşəkarlaşır.

- Əmlakını, xüsusilə avtomobillərini sığorta etdirənlərin hüquqlarının pozulması ilə bağlı çoxsaylı faktlara rast gəlirik. Sığorta şirkətləri niyə sığorta ödənişlərini çətinliklə ödəyirlər?
- Təqsiri hər iki tərəfdə axtarmaq lazımdır. Düzdür, süründürməçiliyə yol verən, insanları aldadıb ödəniş verməməyə çalışan, müəyyən bəhanələrlə get-gələ salan, ödənişlərini azaltmağa çalışan şirkətlər mövcuddur, amma sığortalıların da təqsiri böyükdür. Vətəndaşlar öz hüquqlarını bilmir. Ekspert kimi sığorta ilə bağlı olan şikayətləri araşdırıram, bəzi hallarda hətta məhkəməyə qədər vətəndaşlara kömək etməyə çalışıram. Əksər hallarda problem vətəndaşların hüquqlarını bilməmələrindən qaynaqlanır. Sığortalı hüquqlarını bilmir, müqaviləni oxumayıb, müqavilənin müddəaları barədə ona məlumat verilməyib. Hadisə baş verən zaman da məlum olur ki, buna ödəniş düşmür. Buna başqa risklərlə təminat veriblər, yaxud, həmin riskə qarşı onu sığortalamayıblar və s. Lakin, hallar olur ki, sığorta şirkətləri açıq-aydın surətdə vətəndaşların maarifsizliyindən istifadə edərək onları aldadır və ödəniş verməməyə çalışırlar. Amma, mülki hüquqlar elə bir hüquq münasibətləridir ki, burada hər iki tərəf hüquq və vəzifələrini ciddi başa düşməlidir. Sığorta da bunu tələb edir. Əgər vətəndaş sığorta müqavilələrini oxumursa, şərtləri ilə tanış olmursa, bilmədiyi sualı soruşmursa, deməli, artıq münaqişə üçün risk faktoru vardır, hər hansı hadisə baş verdiyi zaman tərəflər arasında ciddi konfliktlər yaranacaq. Bu gün əmlak sığortasının bütün qanunvericilik bazası mövcuddur. İcbarı sığorta haqqında qanuna əsasən, vətəndaşlara məxsus olan bütün daşınmaz əmlakın icbari qaydada sığortalanması nəzərdə tutulur. Amma qanunun icrasına nəzarət mexanizminin olmaması, cərimə mexanizminin tətbiq edilməməsi, sığorta şirkətlərinin bu portfelə biganəliyi sektorun işləməməsinə gətirib çıxarır. Amma avtomobillərin icbari sığortasında kifayət qədər ciddi sığorta haqları toplanır. Çünki DYP buna nəzarət edir, cərimə məbləğləri yüksəkdir və sığorta şirkətləri rəqabət aparır.

- Sığorta şirkətlərinin bəziləri haqqında yaranan söz-söhbətlər ümumilikdə sığorta bazarına, vətəndaşların inamına necə təsir göstərir?
- Sığorta inam və etimada dayanan xidmətlər sistemidir. Sığorta şirkətləri vətəndaşlara söz, vəd satırlar. Bu sözə inanmaq üçün isə həmin vətəndaşın sığorta şirkətinə etibarı olmalıdır. Sığorta şirkətlərinin hər hansı birilə bağlı ağızda dolaşan xoşagəlməz sözlər bazarda əks fikir yaradır. İşinə ciddi yanaşan şirkətlərimiz var. Amma bəzən bir neçə şirkətin etdiyi neqativ əməllər bütün bazarın ümumi imicini korlayır. Vətəndaşın hansısa sığorta şirkəti ilə problemi olanda «filan şirkət mənə pul vermədi» demir, deyir ki, sığortalandım, pulumu ala bilmədim və pulunu ala bilməməsinin səbəbini də izah etmir. Bu da təbii ki, ümumi bazara təsir edir.

- Sığorta forumunda maliyyə naziri Samir Şərifov da sığorta şirkətlərinə iradlarını bildirdi. Bu sahədəki problemlərin həllində dövlətin üzərinə hansı vəzifələr düşür?
- Maliyyə Nazirliyi səviyyəsində sığorta fəaliyyətinin tənzimlənməsi, şirkətlərin fəaliyyətinin şəffaflaşdırılması, narazı vətəndaşların hüquqlarının müdafiəsi, şikayətlərin araşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, beynəlxalq sığorta təcrübələrinin uğurla tətbiqi və s. mövzularda kifayət qədər ciddi işlər görülüb. Nazirlik irad bildirməkdə haqlıdır. Bu gün dünyada sığortanın 100-ə yaxın işlək tanınmış növləri var və sığorta nəhəngləri davamlı olaraq yeni, cazibədar məhsullar üzərində işləyirlər. Azərbaycanın bir çox şirkətləri isə icbari sığorta üstündə bir-birini qırırlar. Bazar həmişə inkişaf etməli, yeni məhsullar ortaya qoyulmalıdır. 100-ə yaxın sığorta növündən Azərbaycanda 4-5-i tətbiq edilir. Əmlak, avtomobil sığortası dalınca qaçırlar. Bəs geridə qalanlar? Məsuliyyət, həyat, tibbi, nəqliyyat, yükdaşıma, kənd təsərrüfatı sığortalarına fikir verən yoxdur. Sığortaya pul mənbəyi kimi baxmaq düzgün deyil. Sığortanın əhəmiyyəti ondan ibarətdir ki, digər sektorların inkişafına təkan verir. Sığortalı sahibkar daha arxayın hərəkət edir, risklərdən qorxmur. Sığorta şirkətləri asan qazanc dalınca qaçırlar. Hansısa sahənin inkişafı üçün investisiya qoymağa əlləri gəlmir. Ona görə də sığorta şirkətlərinə tutulan bu kimi iradların yeri var. Sığorta şirkətlərinin lüzumsuz xərcləri artmaqda davam edir. Xərcləri artdığı üçün müştəriyə ödəniş verməməyə, ondan çox pul almağa çalışırlar. Şirkətlər öz fəaliyyətlərini düzgün qursalar müştərilərini incitməzlər.

- Tutulan iradların nəticəsini sizcə görə biləcəyik?
- Mən bazarın özü-özünü tənzimləməsinin tərəfdarıyam. Hansısa norma qəbul edib, kiminsə başının üstündə əli qılınclı dayanıb, “bunu tətbiq etməlisən” deməklə iş olmaz. Şirkətlər gələcəklərini özləri seçməlidirlər. Bu gün əksər şirkətlərin işinə, xüsusilə avtomobil sığortası portfelinə baxsaq, vəziyyət acınacaqlıdır. Bilə-bilə ki, bunlar bu sığorta növü üzrə zərər edəcəklər, müştəri qaçırmamaq, bazarı əldən verməmək üçün ucuz qiymətlərlə “kamikadze” kimi özlərinə qəsd edirlər. 2000-ci ildən bu günə qədər avtomobillərin idxalı, ehtiyat hissələrinin qiyməti, zəhmət haqqı dəfələrlə artıb, amma sığorta qiymətləri dəyişməyib. Şirkətlər qiymətləri istər-istəməz qaldırmalıdırlar. O zaman belə sual yaranacaq ki, vətəndaşlar yeni qiymətləri ödəyə biləcəklərmi? Amma bunun başqa variantı yoxdur. Vətəndaş ya çox pul ödəyib yüksək xidmət almalıdır, ya da az pul ödəyib sonra sığorta şirkəti ilə didişməlidir.

- Dünyada sığorta şirkətləri gəlirlərinin bir hissəsini reklamlarına xərcləyirlər. Bu yolla əhalini sığortaya daha yaxşı cəlb edə bilirlər. Bizdə sığorta şirkətləri niyə öz reklamlarını aparmırlar?
- Azərbaycanda reklam deyəndə ilk öncə televiziya reklamları ağıla gəlir. Bizdə televiziya reklamlarının qiyməti xeyli bahadır. Sığorta şirkətləri isə o qiymətlərlə heç bir effekt əldə edə bilmirlər. Effektiv reklam kampaniyası bir gün ərzində bir dəqiqə reklam yayımlamaqla olmur. Bu silsilə şəklində getməlidir. Hətta reklam kampaniyası PRla, marketinqlə, müştərək şəkildə aparılmalıdır. Sığorta şirkətlərinin əksəriyyəti bugünkü durumlarında marketinq və reklam büdcələrini azaldıblar. Bəzən deyirlər ki, sığortanın reklamı niyə effekt vermir? Bu əlifbanı bilməyən insana cümlə qurmağı öyrətməyə bənzəyir. Bir şirkətin həyat sığortası məhsulunu efirdə reklam etmək olar. Amma vətəndaş bu həyat sığortasının nə olduğunu bilmirsə, reklam effektli olmayacaq. Ona görə də əhalidə ilk növbədə sığorta savadlılığı dərəcəsi artmalıdır.

Bu iş kimin üzərinə düşür?

- Sığorta şirkətləri bazardan pul qazanırlar və işlərinin effektiv olması üçün bunu özləri etməlidirlər. Amma sığortadakı ən böyük reklam müştəri məmnuniyyətidir. Sığorta bazarından və ya hansısa bir şirkətdən narazı olan şəxs özü ilə ən azı 15-20 müştərini aparır. Məmnun qalan isə elə o qədərini bazara cəlb edir. Çünki Azərbaycanda marketinq ağızdan-ağıza dolaşır. Şirkətlər müştərilərlə davamlı iş aparmağa çalışmalı, müştərilərin ehtiyaclarına uyğun əlavə sığorta məhsulları təklif etməlidirlər. Yeniliklərə hər zaman açıq olan şirkətlərimizlə yanaşı, 15 il ərzində öz məhsullarına nəzər yetirməyənlər də var. Texnologiya, qaydalar, hüquqlar, normalar dəyişir, şirkətlər bunları müəyyən vaxtdan bir nəzərdən keçirməlidirlər. Bir də problem ondan ibarətdir ki, şirkətlər tam püxtələşməmiş onların üzərinə böyük yüklər qoyuldu. Kapitalların artırılması, lisenziyalaşdırma, agentlərin xüsusi sistemlə təlimləndirilməsi, qaydalar, şərtlər, Maliyyə Nazirliyinin yeni normativ sənədləri və.s. Şirkətlər bu qədər böyük prosedurların içərisində və iş yükünün altında marketinqə, reklama və insanlarla işə vaxt tapa bilmədilər. Onlar daha çox öz fəaliyyətlərini dövlətin qoyduğu tələblərə uyğunlaşdırmağa çalışdılar. Artıq son iki ildir ki, bütün sistem oturuşub. Bu müddətdə şirkətlər kifayət qədər ciddi iş apara bilərdilər. Tək sığorta yox, Azərbaycanda digər sahələrdə də belə bir problem var ki, böhran olan kimi birinci reklam və marketinq xərcləri ixtisara salınır. Amma tam əksinə olmalıdır. Çünki böhran zamanı yalnız müştərinin hesabına ayaqda dura bilərsiniz. Müştəri az qazanırsa, siz də az qazanmalısınız. Müəyyən xərclərinizi azaltmaqla ona uyğunlaşdırmalısınız.

- Devalvasiya sığorta bazarına necə təsir etdi?
- Devalvasiya bütün sektorlara birbaşa, ya dolayı yolla təsir göstərdi. Avtomobilin ehtiyat hissələri devalvasiya vaxtı birdən-birə 33 faiz bahalaşdı. Bu o deməkdir ki, avtomobil sığortasındakı əvvəlki 3000 manat zərər artıq 4000 manat oldu. Devalvasiyadan sui-istifadə edənlərlə rastlaşmamışam. Müştərilərə yararsız ehtiyat hissələri verənlər olur, tamamilə zədələnmiş avtomobilin ehtiyat hissələrini dəyişmək yerinə təmir etməklə yola verməyə çalışanlar da var. Sığorta bazarında qiymətlər dəyişmədikcə, avtomobil sığortasında qiymətlər artmadıqca bazarda vəziyyət belə olacaq. Sığorta şirkətləri xeyriyyəçiliklə yox, kommersiya fəaliyyəti ilə məşğul olurlar. Avtomobil sığortasının hazırkı vəziyyəti şirkətlər üçün baş ağrısıdır. Ona görə də sığorta şirkətləri qiymət, xidmət siyasətlərini köklü surətdə dəyişməlidirlər. Köhnə adət-ənənə ilə yeni şəraitdə işləmək çox çətindir.

Aygün Asimqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112