AZE | RUS | ENG |

Qürur duyulacaq tariximiz

Qürur duyulacaq tariximiz
və yaxud “Bakı və bakılılar” haqqında düşüncələrim


“Kitabların da ömrü müxtəlif olur. Kitab var ki, çapdan çıxar-çıxmaz unudulur. Kitab da var ki, xeyli müddət yaşayır, nəsillərə gərəkli olur, zaman-zaman ona ehtiyac və tələbat duyulur. Təkrar nəşrləri olur, ya da zahirən köhnəlsə də, vərəqləri saralsa da, oxunur, fayda verir”.

Bu sözləri görkəmli filosof Fuad Qasımzadə, tanınmış yazıçı Qılman İlkinin “Bakı və bakılılar” əsəri haqqında ön sözdə yazıb. Əsər haqqında deyilən bu dəyərli fikir bir daha sübut edir ki, 1998-ci ildə işıq üzü görən “Bakı və bakılılar” zamanından asılı olmayaraq bu gün də, sabahda və yüz illər bundan sonra da oxucusu üçün çox maraqlı, dəyərli bir həmsöhbətdir.

Tanınmış qələm əhli, “Əməkdar jurnalist” Flora xanım Xəlilzadə demiş: “Bakının alisindən-adisinə kimi” əks etdirilən bu əsər heç zaman unudulmaz. Çünki burada Azərbaycanımızın çanı olan Bakımızdan, onun zəngin tarixindən, keçdiyi çox çətin və eyni zamanda şərəfli yoldan bəhs edilir. Doğru deyiblər ki: “Paris fransızlar, London ingilislər, Moskva ruslar, İstanbul türklər üçün, nə qədər əziz və qiymətlidirsə Bakı da bizim üçün ondan da artıq əziz və qiymətlidir”.

Maraqlıdır. Bu gün dünya şəhərləri ilə müqayisə etdiyimiz Bakı keçmişlərdə necə olub, necə yaranıb, mərd oğullarımız onu necə qoruyub, saxlayıb? Frtınalardan, kəşməkəşlərdən keçib bu günümüzə catan Bakının dünəninə xəyalən bir anlıq səyahət etmək necə də maraqlı olar. Ensiklopedik səciyyəyə malik olan “Bakı və bakılılar” əsəri bizə təkcə Bakı tarixindən deyil, onun coğrafiyasından, mədəniyyətindən, mənəviyyatından, iqtisadiyyatından, adət-ənənələrindən, yaşayış tərzindən geniş və ətraflı məlumat verməklə yanaşı sanki köhnə Bakımızı qarış-qarış gəzdirir, möhtəşəm bir tarixlə bizi tanış edir.

Çox zəngin arxiv materialları və tarixi faktlarla əhatə edilən bu əsərdə yazıçı Qılman İlkini yalnız Bakı tarixinin bilicisi kimi deyil, həm də bir ədəbiyyatşünas, mətbuatşünas, arxivşünas, kitabşünas, alim kimi də çıxış edir. Bax budur əsərin minlərlə, miyonlarla əsərlərdən fərqi, qiymətli dəyəri. “Bakı və bakılılar” əsəri Azərbaycan tarixindən bəhs etməklə yanaşı onun memarlıq, musiqi, teatr, kino, kulinariya mədəniyyətlərindən, gözəl və qədim şənlik mərasimlərindən geniş və ətraflı məlumat verərək onların bu gün yaşanmasına, qorunub saxlanmasına çağırır bizləri.

Təbii bütün qələm əhlimizin ən vacib borcu “çağdaş və gələcək nəsillərə doğma Azərbaycanımızı tanıtmaqdır”. Çünki bu çox müqəddəs bir işdir. Hər bir gəncimiz bilməlidir ki, onun xalqının, vətəninin çox zəngin, şərəfli bir tarixi var. Bu tarixi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün mütləq dünəni bilmək lazımdır. Bu gün dünəndən yarandığı kimi, sabah da bu gündən yaranacaq. Unutmayaq ki, “tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır”. Birdəki Qlman müəllim bir övlad kimi, bir Bakılı kimi onun üçün çox əziz olan Bakının dünənini fəxrlə gələcəyə bəyan edir. Əslində hər bir Azərbaycanlı doğulduğu, böyüdüyü məkanı, onun tarixini bilməli və özündən sonrakı nəsillərə çatdırmalıdır. Burada Flora xanım Xəlilzadənin “Şuşa və şuşalılar” əsərini xatırladım. Azərbaycanımızın başının tacı olan Şuşanın tarixi, mədəniyyəti çox gözəl əks etdirilən bu əsər yalnız hər bir Şuşalının deyil, hər bir Azərbaycanlının ən qiymətli kitabı olmalıdır. Çünki, Flora xanım əsərində hətta bizə məlum olmayan elə qaranlıq mətləbləri işıqlandırır ki, onları həyəcansız oxumaq olmur. Odur ki, hər bir qələm əhli öz doğulduğu məkanın tarixini, dünənini gələcəydə yaşatmaq üçün belə əsərlər yazmağa tələsməlidir. Yaxşı deyiblər: “Yazıb-yaratmaq zəka sahiblərindən, nəşr etmək də varidat sahiblərindən”.

... Bakının yaranma tarixindən başlayan Qılman İlkin onun 20-ci yüzilliyin əvvəllərinə kimi kecdiyi yolu aramla oxucusuna şərh edir. Onun yaranmasında, qorunub saxlanmasında, qara qızılının dünyaya səs salmasında nələrdən keçdiyini və necə şərəflə keçdiyini bəyan edir. Bakının Şirvanşahlar dövründən tutmuş ruslar tərəfindən işğal edildiyi bir dövrə kimi yaşadıqlarını zəngin arxiv materialları ilə əks etdirən yazıçı burada daha çox tarixçi rolunu oynayır. Ümumiyyətlə “Bakı və bakılılar” əsərinin hər bir səhifəsi min bir zəhmət bahasına araşdırılan arxiv sənədləri, faktları ilə əhatə olunub. Bu faktları yığmaq, toplamaq, araşdırmaq çox gərgin zəhmət bahasına başa gələn bir işdir. Qlman müəllim isə bunları yığmaqla, toplamaqla, araşdırmaqla yanaşı onları bir yazıçı kimi yerli-yerində, publisistik dildə şərh edərək oxucusuna maraqlı, oxunaqlı bir əsər ərmağan edib.

On yeddi il bundan əvvəl oxuduğum bu əsər bu gün yazı masamın üstündə əvəzolunmaz bir yer tutur. Çünki, “Bakı və bakılılar”da mənim diqqətimi daha çox cəlb edən bir jurnalist, bir mətbuat tarixinin tədqiqatçısı kimi 20-ci yüzilliyin əvvəllərində fəaliyyətdə olan dövrü mətbuat haqqında verilən geniş və dürüst məlumatdır. Yəqin ki, mətbuat tarixi tədqiqatçıları mənimlə razılaşarlar ki, bolşevik mətbuatının tədqiqatçılarından fərqli olaraq Qılman müəllim 20-ci yüzilliyin əvvəllərində dövrü mətbuatımızın inkişafını heç bir qrupa bölmədən onlar haqında informasiya verir və o zaman Azərbaycanda maarifin, mədəniyyətin, teatrın, hətta iqtisadiyyatın (xüsusən də neft sahəsində) inkişafında dövrü mətbuatın mühüm rol oynadığını faktlarla əsaslandırır. Bu sahədən söhbət acan müəllif, “1905-1906-cı illərdə mətbuat” və “1907-1917-ci illərdə mətbuat” yarımbaşlığı altında bu illər ərzində Azərbaycanda milli mətbuatın yaranmasından, inkişafından bəhs etməklə yanaşı onun necə çətin bir şəraitdə fəaliyyət göstərməsini isə “Mühərrirlərin təqibi” yarımbaşlıqda qeyd edir. Və bu sahədə ziyalılarımızın, xüsusən də jurnalist və publisistlərimizin çətinliklə nail olduqları yeniliklərdən qürurla söhbət acır.

“Bakı və bakılılar”da elə mətbu orqanlarının adları ilə rastlaşdım ki, onları haqqında ilk dəfə idi ki, eşidirdim. Məsələn, “Müraat” məcmuəsi. Müəllif yazır ki, “1910-cu ildə çap edilən bu məzhəkə məcmuənin yalnız bir sayı işıq üzü görüb”. Və yaxud, “Asari həqiqət”, “Təzə xəbər” (Bu “Təzə xəbər” qəzeti Haşım bəy Vəzirovun “Tazə həyat” qəzeti deyil. Bu 1912-ci ildə Qədir Heydərovun müdirliyi ilə çap olunan və ömrü çox qısa olan həftəlik bir qəzet olub) və s. Əsərdə “Ziyalılar” və “Bakılı ziyalılar” bölümündə müəllif bir daha mətbuat mövzusuna qayıdaraq dövrü mətbuatın yaranmasında, inkişafında bu ziyalıların əvəzolunmaz xidmətlərini fəxirlə qeyd edir.

Əsərdə ürək ağrısı ilə oxunan bölüm “Bakı rus işğalı dövründə”dir. Tarixi hadisələr, bütün arxiv sənədləri, materialları dönə-dönə sübut edir ki, zaman-zaman Şimal qonşumuz tərəfindən dəfələrlə çox amansızcasına işğala məruz qalmışıq. Bu işğalın son ağrılı, acılı dövrü Sovetlərin hakimiyyətə kəlməsi oldu ki, onda Azərbaycan yalnız ziyası olan ziyalılarını deyil, həm də mənəviyyatını itirmək təhlükəsində qaldı. Rus imperatorluğunun mənafeyini düşünən I Pyotr nəyin bahasına olursa-olsun bu zəngin məmləkətə sahib olmaq və onu əsarətdə saxlamaq üçün cızdığı planların həyata keçirilməsini gələcək nəsillərə vəsiyyət etdi. Odur ki, uzun illər Azərbaycan onların işğalı altında qaldı. Müəllif yazır ki, “I Pyotru xüsus maraqlandıran Bakıda istehsal olunan neft idi. Zəfəran istehsalı da hakim dairələrin diqqət mərkəzində idi”. Rus işğalçılarına qarşı Bakılıların necə mərdliklə vuruşması, Sisianovun öldürülməsi səhnələrini qürurla vəsf edən müəllif həm də xalqın vətənpərvərliyini bəyan edirdi.

Doğrusunu deyim ki, bu əsəri oxuyana qədər mənim anlamımda qoçu sözünə qarşı yalnız mənfi münasibət var idi. Lakin “Bakı və bakılılar”ı oxuduqdan sonra fikrimi büsbütün dəyişdim. Məlum oldu ki, məşhur 1918-ci ilin mart faciəsində və ondan da bir necə il əvvəl Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda müəllif yazır ki: “1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının Erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər”.

Bir həqiqət vardır ki, “qoçuluq ictimai bir hadisə kimi keçən əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır”. Doğrudan da qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda da rast gəlirik.

Doğrusunu deyim ki, bu əsərdə daha maraq və qürur hissi ilə oxuduğum “Bakı milyonçuları” xüsusən Hacı Zeynalabdin Tağıyev haqqında olan hissədir. Müəllif çox haqlı olaraq yazırdı ki: “Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Öz zəhmətləri, kamal və səyləri onları irəli aparmışdı... xüsusən də Hacı Zeynalabdin Tağıyevi”.

Müəllif başmaqçı ailəsində anadan olan Hacı Zeynalabdin Tağıyevin bu sərvətə necə yiyələndiyini və o sərvəti xalqı yolunda necə qürurla, ürəklə sərf etdiyini oxucusuna bəyan etmək üçün onun həyatının ən qiymətli anlarını qələmə alıb. Bir azərbaycanlı oğlunun təkcə Azərbaycanda, Rusiyada deyil, bütün Avropada iri iqtisadi və ticarət əlaqələrində nüfuzlu bir simaya çevrilməsindən, böyük nüfuz sahibi olduğundan qürur hissi duyan Qılman İlkin Hacının xeyirxahlığından söz acmaqla “hər milyonçu Tağıyev ola bilməz” deməkdə nə qədər haqlı imiş. Azərbaycan maarifinin, mədəniyyətinin, iqtisadiyyatının inkişafında əvəzolunmaz bir simaya çevrilən Hacını “Qafqaz müsəlmanlarının fəxri” adlandıran müəllifin ona qarşı xüsusi rəğbəti əsərin hər cümləsində özünü büruzə verib. “Tağıyevin belə tanınması onun milyonları sayəsində olmuşdumu? Qətiyyən yox. Təsadüfi deyil ki, Hacı haqqında rəy söyləyənlər birinci növbədə onun milyonları barədə deyil, insanpərvərliyi, maarifpərvərliyi, mülayimliyi, xalqa əl tutması haqqında ağız dolusu söhbət açırdılar. O, cəmiyyətdə tutduğu mövqe, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsindəki misilsiz xidmətləri ilə başqa milyonçulardan fərqlənirdi”. Qılman müəllim bu fikirlərini təsdiq etmək üçün o dövrdə rus və Azərbaycan dillərində çap edilən mətbuat orqanlarından saysız-hesabsız sitatlar gətirməklə bir daha Hacının böyük şəxsiyyət olduğunu isbat edidi.

Bakıda toxuculuq fabrikinin tikdirməklə Azərbaycan yüngül sənayesinin bünövrəsini qoyan Hacıya burada “bezin pudu 24 manat 63 qəpiyə başa gəlsə də, o camaatın xeyrinə olaraq, 18 manat 70 qəpiyə satdırırdı”.

Sonda yenə də hörmətli alim Fuad Qasımzadənin ön sözdə yazdığı son sözlərini xatırladım: “İnanıram ki, Azərbaycan tarixinin öyrənilməsində “Dərbəndnamə”yə, “Qarabağnamə”yə indi də müraciət etdikləri kimi nəinki çağdaş nəsil, elə gələcək nəsillər də Qılman İlkinin “Bakı və bakılılar” kitabına müraciət edəcəklər. Bakı və bakılıların tarixini öyrənməkdə ondan faydalanacaqlar”.

Bəli, bu gün qürurla demək olar ki, Qılman müəllim uzun illər heç bir əsər yazmasaydı belə, təkcə “Bakı və bakılılar”ı yazmaqla tarixə düşəcək, oxucu qəlbini fəth edəcək bir yazara çevrildi. “Bakı və bakılıları” oxuduqca bir daha mənə bəlli oldu ki, bu gün başqa kitablardan oxuduğum faktları ilk dəfə elmi ictimaiyyətin diqqətinə Siz çatdırmısınız. Amma bunun görə Sizi heç qürurlanan görmədim. Allah Sizə rəhmət eləsin!

Qərənfil Dünyamin qızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112