“Qalx ayağa Azərbaycan”

“Qalx ayağa Azərbaycan”

Cəmiyyət
18 Noyabr 2014, 16:04 1180
Milli Dirçəliş Günü münasibətilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında Rəşid Behbudov adına Mahnı Teatrında Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq İftixar Piriyevin ssenarisi əsasında “Qalx ayağa Azərbaycan” tamaşası səhnələşdirilib. Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan tamaşada Azərbaycan xalqının milli dirçəlişə, milli şüurunun oyanmasına, dövlət müstəqilliyini əldə etməsinədək keçdiyi keşməkeşli tarixdən bəhs olunub, üzləşdiyi soyqırımılar obarzların dili ilə canlandırılıb. Əsərdə inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi vurğulanıb.

Tamaşadan sonra əsərin müəllifi İftixar Piriyev, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri professor Asəf Zamanov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış ediblər. A.Əliyeva çıxışında tədbir iştirakçılarını Milli Dirçəliş Günü münasibətilə RİH başçısı adından təbrik edib. RİH başçısının müavini xalqın gerçək oyanışı və vahid ideya ətrafında birləşməsinin məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olduğunu bildirib. O, bu gün Prezident İlham Əliyevin həmin birlik və həmrəyliyin təminatçısı olduğunu qeyd edib.

R.İSMAYILOV