AZE | RUS | ENG |

Müasir texnologiyalı Azərbaycan məhsulu - Reportaj

Müasir texnologiyalı Azərbaycan məhsulu - Reportaj
Polad Boru Zavodunda istehsal olunan, daxili və xarici bazara çıxarılan məhsullar beynəlxalq standartlara tam cavab verir
Uzun illərdir neft ixrac edən və bunun sayəsində böyük həcmdə gəlirlər əldə edən Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə sahibkarlara hərtərəfli dövlət dəstəyi göstərilib, yeni istehsal müəssisələrinin yaradılması üçün güzəştli kreditlər verilib, digər bu kimi çoxsaylı addımlar atılıb. Prezident İlham Əliyevin fərmanları ilə texnoparkların yaradılması, müasir istehsal sahələrinin istifadəyə verilməsi də qeyri-neft sektorunun, ümumilikdə Azərbaycan iqtisadiyyatının gücləndirilməsinə, rəqabətədavamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açıb. Belə texnoparklara nümunə kimi Sumqayıt Kimya Sənaye Parkının (SKSP) adını çəkmək olar. Texnopark Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli sərəncamı ilə yaradılıb və 2013-cü il oktyabrın 3-də dövlət başçısı şəxsən parkın təməlqoyma mərasimində iştirak edib. Sözügedən parkın ilk sərmayəçisi isə “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Hazırda texnoparkda bu MMC-nin 3 zavodu fəaliyyət göstərir. Onlardan biri və birincisi Polad Boru Zavodudur. Zavodla əyani tanış olmaq, istehsal prosesini izləmək, məhsulların çeşidlərini, işçilərin iş şəraitini yerində görmək məqsədi ilə dünən bu zavodda olduq.

Məlumat üçün qeyd edim ki, SKSP Bakı-Quba yolunun kənarında, Sumqayıt şəhərinin yaxınlığında yerləşir. Buradakı Polad Boru Zavodu beynəlxalq standartlara cavab verən spiral tikişli polad borular istehsal edir. 27 min kvadratmetr qapalı istehsal sahəsinə sahib olan zavodda 3 xətt quraşdırılıb. 350 nəfər bu zavodda daimi işlə təmin olunub. Zavodun illik istehsal gücü 200 min tondur. İstehsal müəssisəsinin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə meneceri Mustafa İbrahimov əvvəlcə zavodun məhsulu barədə məlumat verərək bildirdi ki, spiral qaynaqlı polad borular spiral formasında və tamamilə tozaltı qaynaq üsulu iləqövs şəkilli birləşdirilərək istehsal olunan polad borulardır. Daha sonra bələdçimiz istehsal prosesindən danışdı: “Birinci mərhələdə xammal kimi alınmış 30 tonluq rulonlar tam avtomatik olaraq spiral qaynaq aparatına bağlanılır. Ardınca bu rulonlar açılıb ütülənərək bükülməyə verilir. Qaynaq işləri görüldükdən sonra boru xüsusi müayinədən keçir. Növbəti mərhələdə boru hidrotest vasitəsilə yoxlanılır. Zavodda məhsulun keyfiyyətini tam yoxlamaq üçün rentgen müayinəsi aparatı da quraşdırılıb. Bu mərhələləri keçdikdən sonra boru üzərindəki pasdan və çirkdən təmizlənmək üçün qumlama və boyama bölmələrinə ötürülür. Ümumiyyətlə, istehsal xətti boyunca borular mütəmadi olaraq müvafiq testlərdən keçirilir. Hazır məhsul avtomatlaşdırılmış plazma dəzgahı ilə standart və ya müştəri tələbinə uyğun ölçülərdə kəsilir. Zavod divar qalınlığı 6-25 millimetr (mm), diametri 406-2540 mm, uzunluğu 6000-16000 mm olan borular istehsal edə bilir. Müştəri tələbindən asılı olaraq, zavodun izolyasiya bölümündə borular korroziyaya qarşı uzun illər dayana bilməsi üçün iç tərəfdən eboksit boya ilə, çöldən isə öncə quru boya ilə boyanır və polietilen materialla örtülür. Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında istehsal olunan polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunur”.

Menecerlə istehsal sahəsini gəzərkən zavodda təhlükəsizlik qaydalarına ciddi riayət edildiyini müşahidə etdik. Nəinki zavodda çalışan, hətta istehsal sahəsinə daxil olmağa icazəsi olan istənilən kəs mütləq dəbilqə geyinməli, qızğın iş prosesinə mane olmamaq, həm çalışanların, həm də özünün şəxsi təhlükəsizliyini təmin etmək üçün təlimata ciddi riayət etməlidir. Mən və zavodun meneceri də bu qaydalara tabe olub dəbilqə geyindik və iş prosesini daha yaxından izlədik, eyni zamanda bəzi işçilərlə həmsöhbət olduq. Qaynaqçı vəzifəsini icra edən Elşad Muradov borunun ilkin istehsal prosesinə məsul olduğunu söylədi. İşinin ağır və məsuliyyətli olmasına rəğmən, bundan yorulmadığını, zəhmətə qatlaşıb həvəslə çalışdığını qeyd etdi. Sumqayıtda yaşadığını bildirən həmsöhbətim işlədiyi zavoda gəlib-getməyin rahat, aylıq məvacibin də qənaətbəxş olduğunu dedi. O, bu cür zavodların açılmasının həm insanların işsizlik probleminin aradan qaldırılmasına, həm də iqtisadiyyatın inkişafına böyük töhfə olduğunu vurğuladı.

Zavodu gəzib istehsal prosesini izlədikdən sonra “Azərtexnolayn” MMC-nin keyfiyyətə nəzarət üzrə mühəndisi Cavid Hacızadə ilə də söhbətləşdik. Xəzər Universitetinin məzunu olan və iki ilə yaxındır zavodda işləyən Cavid peşəkar kadr kimi bu istehsal müəssisəsində formalaşdığını dilə gətirdi. Öz üzərinə düşən iş barədə məlumat verən mühəndis bildirdi ki, xammalın qəbulundan başlamış istehsalın müəyyən mərhələlərinə və sonuna qədər keyfiyyətə ciddi nəzarət edilir: “Burada hər şey ən yüksək səviyyədə təşkil olunub. Bu da imkan verir ki, keyfiyyətə tam nəzarət edə bilək. Azərbaycan istehsalı adı ilə daxili və xarici bazara çıxacaq məhsulların standartlara tam cavab verməsinə çalışırıq. Borunun istehsalında istifadə olunan xammalı isə Rusiyadan alırıq. Rulon formasında biz xammalı alır və istifadəmizdə olan müasir dəzgahlar vasitəsi ilə müxtəlif ölçüdə və diametrdə borular istehsal edirik. İstehsal prosesinin müəyyən mərhələlərində borunun keyfiyyəti yoxlanılır, müxtəlif testlərdən keçirilir. Hazırda istehsal olunan borulardan daxili bazarla yanaşı, liman vasitəsilə Türkmənistana da göndərilir”.

Keyfiyyətə nəzarətdən söz düşmüşkən onu da qeyd edək ki, zavodda müasir tələblərə cavab verən laboratoriya da fəaliyyət göstərir. “Azərtexnolayn” MMC-nin laboratoriya üzrə mühəndisi Məmməd Həsənov laboratoriyanın fəaliyyəti ilə bizi tanış edərək bildirdi ki, zavodda istehsal olunan borulardan nümunələr alınır və burada test edilir. Qafqaz Universitetinin məzunu olan həmsöhbətimiz dedi ki, eyni qayda ilə xammal da laboratoriyada testdən keçirilir. Laboratoriyanın imkanlarından kənar şirkətlər də yararlana bilirlər: “Əməkdaşlar həmin şirkətlərdən qəbul olunan sifarişlərə uyğun olaraq laborator müayinələr, testlər aparırlar. Buna misal olaraq, dartma, zərbə, bərklik testlərini, metalın kimyəvi tərkibinin analizini və sairi göstərmək olar”.

Zavodla tanışlıq bizdə bir daha əminlik yaratdı ki, bu cür müasir istehsal müəssisələrinin istifadəyə verilməsi ölkə sənayesinin tərəqqisini sürətləndirir, rəqabətədavamlı məhsul istehsal edilməklə, Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verir. Belə zavodlarda istehsal olunan keyfiyyətli məhsullar xaricə ixrac olunmaqla ölkəmizə böyük gəlirlər gətirir. Ən nəhayət, bütün bu addımlar ölkədə işsizliyin azalmasına, kadrların peşəkarlığının artırılmasına, vətəndaşların sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərir.

Rufik İSMAYILOV "> "> "> "> "> "> "> ">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000