AZE | RUS | ENG |

Mənəviyyatımız əldən gedir…

Mənəviyyatımız əldən gedir…
Musa Qasımlı: “Övladlarımızın gələcəkdə yaxşı vətəndaş olmasını istəyiriksə, uşaq televiziyasının yaradılması istiqamətində ciddi addımlar atmalıyıq”

“Bütün dünyada nə qədər xalqlar varsa, hər birinin mədəniyyəti, tarixi var. Amma bizim üçün qürur vericidir ki, xalqımız dünya mədəniyyəti yaradan bir xalqdır. Dünya mədəniyyəti yaratmaqsa o deməkdir ki, həmin xalq zədələnərsə və ya böhrana düşərsə, dünya mədəniyyəti ondan ziyan çəkər. Yəni biz mədəniyyətimizə təkcə daxili amillər baxımından deyil, eyni zamanda beynəlxalq amil baxımından da yanaşmalıyıq. Hərçənd mədəniyyətimizi yaradan bizim Azərbaycan coğrafiyasının siyasi sərhədləri daxilində olan xalqımızdır”.
Bu fikirləri millət vəkili Musa Qasımlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu” adlı konfransda səsləndirib. Parlamentari çıxışında diqqəti kitaba olan marağın azalmasına da yönəldib. Qeyd edib ki, internet meydana çıxandan sonra bütün dünyada kitab oxuyanların sayı azalıb:

“Əgər bir uşaq kitab oxumursa, o, internetdə heç bir zaman kitab axtarmayacaq, tamam başqa şeylər axtaracaq. Burada iki məqam var. Onun biri odur ki, dövlətin siyasəti mədəniyyətə istiqamətdə necədir? Dövlətimizin mədəniyyət strategiyası siyasəti var. Bu tamamilə doğrudur. Amma gəlin görək, vətəndaş-mədəniyyət münasibətləri necə olmalıdır? Son vaxtlar hamınız müşahidə edirik ki, gözəl kitabların təqdimatları restoranlarda keçirilir. Bu, normal bir şey deyil. O gözəl kitabın təqdimatları kitab dükanlarında keçirilməlidir. Qoy ora beş-on nəfər gəlsin. Hərə gedəndə bir kitab alacaqsa, kitaba maraq artacaq. Mənim qənaətim həmişə ondan ibarət olub ki, kitabı bağışlayırsansa, o kitab oxunmur. Ancaq, kim kitab alırsa onu oxuyur. Ona görə biz kitab dükanlarımızın da təbliğatını aparmalıyıq. Bəzən deyirlər ki, Bakıda kitab mağazalarının sayı azalıb. Bakıda kiçik dükanları ilə birlikdə kitab mağazasının sayı 35-40-a yaxın ola bilər. Biz kitaba olan həvəsi artırmaqdan ötrü mütləq kitab təqdimatlarını, imza törənlərini, şairlərimizin, yazıçılarımızın çıxan kitablarının təqdimatlarının orada keçirilməsinə mütləq diqqət yetirməliyik”.

Tarixçi alim Azərbaycanda uşaq televiziyasının yaranmasının vacibliyindən də danışıb. O, xarici kanalların təbliğ etdiyi cizgi filmlərini sərt tənqid edərək bildirib ki, əgər övladlarımızın gələcəkdə yaxşı vətəndaş olmasını istəyiriksə, bu sahəyə aid olan televiziya kanalı da mütləq yaradılmalıdır: “Bizə uşaq televiziyası lazımdır. Bu uşaqlar gələcəkdə yeniyetmə olacaq, gənclər olacaq, sonra Azərbaycanın idarəçiləri olacaqlar. Bu uşaqlar indidən xarici teleserialların təsiri altında olacaqlarsa, xarici uşaq proqramlarının təsiri altında olacaqlarsa, onların Azərbaycan üçün kamil insan olması sual altındadır. Təbii ki, qloballaşma gedir, kimsəyə qadağan etmək olmaz, amma alternativlər yaranmalıdır. Bu günlərdə təsadüfən uşaq cizgi filminə baxdım. Bizim kanalların birində uşaq cizgi filmi göstərilir. Bir neçə uşaq əlinə balta götürüb bir-biri ilə vuruşurlar. Mən həmin telekanalın rəhbərliyi yerinə özümü qoyub fikirləşirəm ki, doğrudanmı uşağa bu filmi göstərmək olar? Uşaqlar əllərində tüfəng, balta bir-biriləri ilə dalaşırlar. Amma başqa bir kanalımızda çox gözəl olaraq bizim uşaqlarımıza masa arxasında oturmaqdan tutmuş, çəngəl-bıçaq tutmağa qədər hər şeyi öyrədirdilər. Bütün bunlar hamısı maarifçilikdən gəlir və biz gözləsək ki, özbaşına mədəniyyətimizdə, məişətimizdə hər şey düzələcək, bu, düzəlməyəcək. Bir tərəfdən maddi mədəniyyətimizdi, o biri tərəfdən mənəvi mədəniyyətimizdi. Mənəvi mədəniyyətimizdə aşınmalar gedəcək. Ona görə də mən hesab edirəm ki, mədəniyyətin təkcə cəmiyyətin formalaşmasında rolu yoxdur, eyni zamanda fərdlərin və o yükü çiyinlərində daşıyan şairlərin, yazıçıların, alimlərin, ictimai fikrə təsir edən şəxslərin də rolu var. Onlar da öz məsuliyyətlərini dərk etməlidirlər”.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9143
GEL 1 1 Gürcüstan larisi 0.609
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1553
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1797
CHF 1 1 İsveçrə frankı 1.716
KWD 1 1 Küveyt dinarı 5.598
TRY 1 1 Türkiyə lirəsi 0.294