AZE | RUS | ENG |

“Hiss etdim ki, elmdə yeni nə isə etməliyəm” – Uğur hekayəsi

“Hiss etdim ki, elmdə yeni nə isə etməliyəm” – Uğur hekayəsi
Lissabon Universitetinin alimi Kamran Mahmudov: “Özünü elmə həsr edərkən özündən başqa hamını düşünürsən”


50 yaşında da özünü laboratoriyada görür. Deyir bu, onun həyat tərzidir və zövq aldığı işlə məşğuldur. Müsahibimiz Lissabon Universitetində çalışan həmyerlimiz kimyaçı alim Kamran Mahmudovdur. Onunla Lissabondakı işləri, elm sahəsində gördüyü işlər və s. barədə danışdıq.

Qeyd edək ki, Kamran Mahmudov 1980-ci ildə Tovuzun Nəmxoş kəndində ziyalı ailəsində doğulub. 2001-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə BDU-nun Analitik kimya ixtisası üzrə aspiranturasının əyani şöbəsində namizədlik dissertasiya işini müdafiə edərək fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 32 yaşında elmlər doktoru olub.

- Əvvəlcə elm ardınca getməyiniz barəsində danışardınız, zəhmət olmazsa. Necə oldu ki, elm ardınca getməyə qərar verdiniz? Çünki Azərbaycanda alimlərin aldığı məvacibdən xəbərdar olmamış deyildiniz.
- Biz ailədə üç qardaşıq. Atam isə respublikanın tanınmış pedaqoqudur. Onun PhD dissertasiyasının bir hissəsi Moskvada dərslik kimi tövsiyyə edilib. Evimiz kitabxananı xatırladır. Bizdən də kim isə bu işi davam etdirməli idi. Bu yolu da mən seçdim. Məvacib mühüm deyil, desəm, yalan olar, yaşamaq üçün lazım olan minimum şərtlərə bizim də ehtiyacıız var. Ancaq əsas məsələ məşğul olduğun işdən ləzzət almaqdır ki, onu da bu sahədə tapıram.

- Elmlə məşğul olmanın çatışmazlıqları və üstünlükləri nələrdir?
- Bu, çox çətin işdir. Başlanğıcda gördüyüm çatışmazlıqlar odur ki, istədiyin kimi istirahət edə bilmirsən. Məsələn, Lissabonda 2013-cü ilin yayında Atlantik Okeanında bircə dəfə oldum, çünki “review” məqalə yazırdım. Özünü elmə həsr edərkən özündən başqa hamını düşünürsən. İstəyirsən ki, hamı üçün faydalı olasan. Sonda görürsən ki, özün üçün ortada heç nə yoxdur . Yuxusuzluq və s. də üstünə gələ bilərik. Amma elmlə məşğul olmanın üstünlüyü də odur ki, bu işdən zövq alırsan və bu hiss əvəzolunmazdır.

- Kamran bəy, Portuqaliyaya getməyə nə vaxt və necə qərar verdiniz?
- 2006-cı ildə PhD dərəcəsi aldım, 2007-2008-ci illərdə BDU-da laboratoriya dərsləri aparırdım. Bir dəfə mühazirə zamanı auditoriyada 100-dən çox tələbə var idi. Sakit olmaq bilmirdilər. Dedim ki, “qaib” yazmayacağam, getmək istəyən getsin, səs salmayın, yoldaşlarınıza hörmətlə yanaşın. Beş dəqiqə sonra auditoriyada 15 nəfər qalmışdı. Onlar da laboratoriya dərsi keçdiyim tələbələr idi. Müasir materialla auditoriyaya daxil olasan və səni belə məyus edələr - insana pis təsir edir. Bundan başqa, hiss etdim ki, elmdə də yeni nə isə etməliyəm. Çünki eyni işlərin təkrarlanması məni sıxırdı, istəyirdim yeni nə isə edim. Buna görə də Avropa və Amerika alimlərinə özüm haqqında informativ məktub yazdım və CV-mi göndərdim. Qısa müddətdə Lissabon Universitetinin professoru Armando J.L.Pombeiro öz qrupunda çalışmaq üçün məni dəvət etdi. Odur ki, həmişə yeniliyə can atmaq və onu reallaşdırmaq lazımdır.

- Hazırda Portuqaliyada harada çalışırsınız və işinizdən, işinizin gedişatından, yaşam tərzinizdən razısınızmı?
- Səmimi deyirəm, Portuqaliyada özümü çox rahat bir şəraitdə hiss edirəm. Hazırda Lissabon Universitetində PhD dərəcəsi almaq istəyən dörd tələbəyə rəhbərlik edirəm. Onlardan 2-si İtaliyadan 6 aylıq gəlib. Bizim qrupun 25-dən çox üzvü var ki, onlar da müxtəlif ölkələrdəndilər. Ayda iki dəfə “group meeting”imiz (“qrup iclasımız” – L.M.) olur, çox maraqlı elmi diskussiyalar aparırıq, özümüzü inkişaf etdiririk.

- Elmi fəaliyyətdən başqa, Portuqaliyada Azərbaycanın tanınması üçün hansısa ictimai fəaliyyətlə məşğul deyilsiniz?
- İctimai işlərlə məşğul olmağa vaxtım yoxdur və bu işi qəti şəkildə xoşlamıram, ona vaxt itkisi kimi baxıram. Hesab edirəm ki, təkcə Portuqaliyada deyil, bütün dünyada Azərbaycanın tanınması üçün işlər görürəm. Çünki bizim işlər məşhur nəşriyyatlarda çap olunduğundan bütün dünyada oxuyurlar (Elsevier, Wiley, RCS, ACS). Məsələn, Azərbaycanın elm tarixində onun adı ilə ən yüksək impakt faktora malik jurnallardan birində (Coordination Chemistry Reviews, impakt faktor 12) 2 məqalə nəşr etmişik. Belə yüksək nəticəyə görə müəlliflərə Türkiyədə 50 min avro qonorar vermişdilər, bizdə isə əminəm ki, Təhsil Nazirliyində bu işə cavabdeh insanın bu məqalələrdən xəbəri belə yoxdur. Çünki adi məktubuma 3 aydan sonra cavab yazdı, daha nə gözləyəsən.

- Gənclərimizə nə tövsiyə edərdiniz? Karyera pillələrində irəliləmək, uğur qazanmaq üçün nə etsinlər.
- Hər kəs bacardığı işin ardınca getsə, daha yaxşı olar. Elm sahəsində olmaq üçün idə həyatın çoxlu gözəlliklərindən məhrum olacağını əvvəlcədən qəbul etməlisən.

- Portuqaliyadakı gənclərlə Azərbaycandakı gənclər arasında hansı fərqlər var?
- Sözsüz ki, fərqlər çoxdur. Məsələn, əvvəldə qeyd etdiyim kimi 100 tələbədən auditoriyada 15-i qalırsa, nə deyəsən. O tələbələrlə də laboratoriya dərsi apardığım üçün mənə “hörmət” mənasında qalmışdılar. Portuqaliyadan deyil, İtaliya, Polşa, Tunis və s. ölkəılərdən tələbələrim olub. Əminəm ki, onlar auditoriyanı tərk etməzdilər. Portuqaliyada mühazirələrdə iştirak edirəm, orada sistem mən nəzərdə tutduğum kimidir, yəni gənclər özləri savadlı olmaq üçün çalışırlar və auditoriyada xoşagəlməz heç bir fəaliyyətə yol vermirlər. Çünki həmkarlarına hörmətlə yanaşırlar. Bizdə gənclərin əlində kitab görmürəm, bu, məni məyus edir, ancaq telefon, oyunlar… Nə qədər olar axı. Əlbəttə, kifayət qədər yüksək intellektə malik gənclərimiz də var. Məsələn, Məmməd Mirzəyev hazırda Kanadada PhD tələbəsidir, çox savadlıdır, onunla qürur duyuram.

- Portuqaliyadan baxanda Azərbaycanda elmi sfera necə görünür?
- Bu məsələ haqqında vaxtilə Azərbaycan KİV-lərindən birinə danışmışdan və sonra xeyli xoşagəlməz təhlillər eşitdim. Məsələn, guya mən demişəm ki, Azərbaycanda alim yoxdur. Yəni bəzi “alimlər” mənim haqqımda belə qarayaxma apardılar. Qeyd edim ki, Azərbaycanda dünya səviyyəli alimlərimiz var. Məsələrn, Tomson Röyters Agentliyinin Elmi İnformasiya İnstitutunun (ISI) “ISI Web of Knowledge” (ISI = International Scientific Index) axtarış sistemində h indeksi 20-dən yüksək olan bəzi alimlərimiz var. Ümumiyyətlə, Portuqaliyadan baxanda Azırbaycanda elmi sfera iki formada görsənir: 1) dünyadakı prosesləri duyub və müasir elmi iş görməyə cəhd edən insanlar, təəssif ki, bunlar çox azdır; 2) “yumurtanın” içində özünü “alim” hesab edənlər. Acınacaqlı hal odur ki, bu tiplər ümumiyyətlə, heç kimi dinləmək qabiliyyətində deyillər. Məsələn, bir gənc doktorant onun elmi rəhbərinin verdiyi mövzunu adi “google” axtarış sistemində yoxlayib, görüb ki, məlumdur. Vəziyyəti elmi rəhbərinə deyəndə, onun cavabı bu olub ki, “sən məndən çox bilirsən?! Nə deyirəm, onu et”. Bu, Azərbaycan elmi üçün ağlamalı bir epizoddur.

- Gələcək planlarınız nədir? 50 yaşınızda özünüzü harada görürsünüz?
- Əsas planım odur ki, işlərim Chemical Reviews (impakt faktor 41) jurnalında nəşr edilsin. Bu, o deməkdir ki, ondan sonra məni dünya alimləri qəbul edəcək. Bilmirəm ki, 50 yaşa çatacağam, ya yox. Ancaq özümü yenə də laboratoriyada görürəm. Bu, mənim həyat tərzimdir.

- Azərbaycana qayıtmaq fikriniz varmı?
- Hesab edirəm ki, Azərbaycan üçün xaricdə çox lazımam, nəinki Azərbaycanın özündə. Çalışacağam, ölkəmiz üçün mümkün qədər daha effektiv nəticələrə nail olum. Məsələn, bu il Azərbaycanın adı ilə beynəlxalq jurnallarda 15 məqalə çıxarmışam.
- Qürbətdə yaşamaq çətin deyil ki?
- Əlbəttə, çətindir. Hər mənada çox möhkəm olmalısan. Onlardan fərqli olmalısan ki, sənin dəyərini bilsinlər.

Lalə MusaqızıUğur hekayəsi"> Uğur hekayəsi">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163