AZE | RUS | ENG |

Hardasan, könül yiyəsi?!

Hardasan, könül yiyəsi?!
Çiçək Məmmədova: "Bir saz havasının məni götürüb apardığı yer - Tanrının özünün də bardaş qurub, əl çənədə, dirsək dizdə dinlədiyi məqamdı..."


Şair deyir ki:
"...bu, elə ağrıdı mən çəkməliyəm,
bu elə ağrıdı, sən çəkən deyil... "

...bəzi ağrılar adamın ürəyinin başından başlayıb dilinin ucuna qədər uzanır. Bilərək elə yerdə qərar tutur ki, ordan qopan burda süzülsün. Hünər o ağrının acısını sinədə basdırıb ləzzətini dilinə gətirəndədi. Necə deyərlər "çor" udub "can" deməkdədi. Bir də bu "can"ın dadını, ləzzətini evimizə daşımaqdı. Nə cürmü?
Müsahibim bölgə televiziyalarından birinin "Xoş Ovqat" verilişinin aparıcısı şairə Çiçək Məmmədovadır. Heç nə demirəm, kaş bizim telekanallarda bu xanımdan bir iki dənə də olaydı. Elə-eləcə, dadımlıq...
Çiçək xanım özü boyda ürəkdi, candı. Bir udum dağ havasıdı, misralara düzülüb ürəyimizə süzülür. Evlərimizə qonaq olur. Bir saz havasıdı sarı sim üstdə qan ağladır. Dəyərdi bu xanım, dəyərini bilənə...
İncə dərəsindən salam gətirən xanımla baş-başa buraxırıq sizi:


- Çiçək xanım özünü necə tanıdardı oxucularımıza?
- Xoş gördük, Nigar xanım. Həmişə verilişlərimdə qonaq olanlar üçün sualları özüm verdiyimdən maraqlı cavablar aludəsində olmuşam və içimdə qəribə bir hiss keçirmişəm ki, görəsən hansısa bir jurnalistə müsahib olsam mənə hansı sualları verərdi yaxud mən necə cavablandırardım. Və belə yazılarda, ya maraqlı, ruhumuza qida verəcək hər hansı bir verilişdə olsun, sualla-cavablandırmanın gücünü, dəyərini 50-50-yə sanmışam və bu kiçicik müsahibədə sizə də, özümə də könlümdən keçənləri arzulayıram. Çiçək xanım kimdi bilmək istəsəniz bircə cümlə ilə deyim, sevda qulu, könül qulu, söz qulu...Və bütün ömrünü, bütün həyatını bu sadaladığım üç müqəddəs varlığın yolunda peş qılan bir Tanrı bəndəsi...

- Bəs bu Tanrı bəndəsi ruhunu ona verilən efir vaxtına sığdıra bilirmi?
- Mənə verilən efir vaxtında mən tək öz ruhumla baş-başa qalmadığımdan özümdən danışmağa dəymir. Mən bu zamanı dəvət etdiyim qonaqlarımla bölüşdüyümdən o vaxta onları necə sığışdırıram, bax ondan danışsaq daha düz oardı. Bu da bütün jurnalistlərin hər zaman önəm bildiyi bir şeydir ki, istər mətbuat səhifələrində, istər televiziya verlişlərində olsun, qarşısındakı müsahibin söz çəkisi, intellekt çəkisi nə qədərdisə o səviyyədə də verlişin, yazın alınır. Zəif yüklü bir yazarla necə güclü veriliş aldırmaq olar? Axı onun çəkisi yaradıcılığında görünür, sözündə, məntiqində görünür. Ariflər sultanı Hz.Mövlana deyirdi ki, "söz canın ətridir". Odur ki, hər kəs öz sözünün ətrilə bəllənir, hər kəs öz sözündə var olur, öz sözü ilə hesabat verir, öz sözünün qiyafəsində görünür. Böyük Füzuli demiş:
"kim nə miqdar olsa, əhlin eylər ol miqdarı söz".
Bu baxımdan vaxta sığışmaq gələn qonağın söz-sənət yükündən asılıdı. Əlbət ki, elə şairlərimiz, ustadlarımız var ki, onları nəinki bir verilişə heç silsilə verilişlərə də sığdırmaq olmur, elə qonaqlarımız da olur ki, sadəcə sözünü musiqi və sazla bəzəyib ötürməli oluram. Bir sözlə bu asılıdı qarşındakı obyektdən...

- Paytaxt sakinləri sizi dinləyə bilmir, amma sosial şəbəkələrdən yaxşı tanıyır. Necə bilirsiniz bu yetərlidimi?
- Bütün hallarda mən öz efirimizlə daha çox tanınmışam. Sosial şəbəkələrdə də payladığım bizim Türkel tv-nin məhsuludu. Yetərincə tamaşaçı yığmışdı mənim "XOŞ OVQAT" verilişim... ( yeri gəlmişkən deyim ki, bu mövsümdən artıq Gəncənin "Kəpəz" televiziyasında DÜYĞULU KÖNÜLLƏR-lə gəlirəm tamaşaçılarla görüşə...) Səsi-sorağı çox-çox uzaqlardan gəlir “XOŞ OVQAT”-in. Əlbət ki, bu yayımın genişlənməsində sosial şəbəkələrin də rolu danılmazdı, bütün dünya izləyə bilir, amma mən Borçalıların, Kəlbəcərlilərin, Gəncədə, Tovuzda, Qazaxda, Şəmkirdə, Yevlaxda, Ağdaşda, Mingəçevirdə (bütünlüklə qərb bölgəsində yaşayan) yüzlərlə, minlərlə insanın sevgisini dünyada heç nəyə dəyişmərəm. Mərkəzi televiziyalarda gedən verilişlərin aparıcılarından heç də az sevmirlər məni, ona görə ki, mən xalqın ruhuna nə doğmadı, ruhu nəyə ehtiyacdı bax onu çatdırıram, daim də tamaşaçıların arasındayam. Baxmayaraq ki, televiziya ilə minlərlə könülə məlhəm oluram,vaxt tapdıqca mənə ehtiyacı olan sınıq könüllərin ziyarətinə gedirəm, hər bir bölgədə, məni gözləyənlərlə görüşürəm. Bəlkə də bu yazdığım özünü reklama bənzər, yekəxanalıq kimi görsənər, əstafürullah, insanlar görmüşəm ki, məni görəndə sevincdən gilə-gilə yaş axıdıb, duz kimi yalayıblar, özüm də donmuşam ki, nədən? Mən nə iş görmüşəm ki, mən bu insanlara nə vermişəm ki? Nə bilim, bəlkə də Allahın gözəlliklərini paylaşıram deyə məni sevirlər. Hər bir halda Tanrının verdiklərinə şükür, çünki bu bir Tanrı lütfüdü...

- Zamanın "cılız"laşdığı bir vaxtda o mənəvi aləmi bu qədər gözəl saxlamaq necə mümkün olur? Çiçək xanımın "yara"sı çoxdumu?
- Məni həyatda yaşadan sazdı-sözdü. Mən çox incə ruhlu insanam, hədsiz həssaslığım var, ən incə nöqtələri duyan, görən və tezcə də sınan birisiyəm. Elə adımın mənası nəyi açır, içdə də, çöldə də çıçəyəm ki, Çiçəyəm. Öz ruhum, öz könlüm, öz saflığım çəkidə çox az adam gördüm. Dostlarım da bəzən etiraf edirlər ki, biz sən qədər həssas, diqqətli, qayğıkeş, yanımcıl ola bilmərik. Amma belə olmaq da heç bir şey deyilmiş, mənim həyatımı yarıbayarı etdi duyğusallığım, həssaslığım, kövrəkliyim... Dostlarım üçün ürəyimi çıxarıb verməyə hazır olmuşam, amma bəzən qarşılığı görməyəndə sınmışam, biganəliklə, laqeydliklə, xəyanətlə qarşılaşmışam, insanları aldatmaqla heç barışmamışam. Ən böyük zərbələri də ən yaxın adamlarımdan almışam. Zamanın bu gedişatında, problemlərin artdığı, qayğıların çoxaldığı, insanların bir-birindən uzaqlaşdığı, soyuduğu hətta salam-kəlamın kəsildiyi bir vaxtda, halal pulun, halal qardaşın, halal dostun çox az tapıldığı bir məqamda mənəviyyatı saf saxlamaq ən ağır dərddi-çəkənə... Bu həyat məni ağac kimi budayıb zaman-zaman, payız ömrü, qış ömrü yaşamışam, amma bahar gəlib bir də torpaq altdan baş qaldırıb çiçəkləmişəm. Bəndələr məni yıxıb quyuya atanda, Allahım ucalıqlara qaldırıb məni, qanadında saxlayıb. Bir şerimin bircə bəndi ilə fikrimə yön verim:

Tər qönçədə çiçək idim,
Açıldım sabah eşqınə,
Nə biləydim ətrim-rəngim,
Yazılır günah eşqinə...

Yaxud başqa bir şerimdə belə bir bəndim var:

Bəndi, bərəsimi vardı könlümün,
Amanat yuvaydı, dağıldı getdi.
Neynirsən axtarıb gidi dünyanı,
Bu qız da bir yuxu, nağıldı getdi...

Şeirlərim də öz həyatım, öz taleyim, öz könlümdü... Ədəbiyyatşünas alimimiz Rüstəm Kamal bir yazısında belə deyir: "Çiçəyin olan-qopanı, varı-yoxu bircə könlüdü". Doğurdan da elədir. Olan-qopanım tək bircə könlümdü. Zaman ilan kimi boynuma dolananda da mən könlümü heç nəyə dəyişməmişəm. Mövlanələrdən üzü bu yana mən ancaq könül aşiqlərinin quluyam...

Könül Tanrının taxtı
Könlümə Tanrı baxdı...(Y. İmrə)

- Deyirlər ki, "qu quşlarının suyun üzərində sakit duruşuna baxmayın, elə durmaq üçün nələr çəkdiyini bir özləri bilir"...
- O məsəl ancaq mənimçün deyilib. Sonalar göldə necə görünər, kənardan seyr edənləri dəli etməzmi ki, gözəllikləri... Bütün aşiqləri bəndə salacaq gözəllik deyilmi? Məni el şənliklərində, verilişlərdə görənlər həmişə tanıyanlarımdan soruşurlar-"Bu bəxtəvərin dərdi varmı görəsən? Allah ki, bunu Çiçək yaradıb" . Bax məni belə görür, belə tanıyırlar, Nigar xanım, Bəhmən Vətənoğlunun bir şeiri var Zəlimxan Yaquba, yazır:

Ay Zəlimxan, elə kövrək olmuşam,
Səhər-səhər meh də dəyir xətrimə.
İncimişəm suların da səsindən,
Çəmənlikdə şeh də dəyir xətrimə..."

Mən də elə çəmənlikdə bir xəfifcə mehdən, bir xırdaca şehdən inciyən, küsən, bağrı xallı bir lalə ömrü yaşayıram... Qoy elə bir bənd şeirimlə yekun verim bu sualınıza da:

Könlüm nədi - dağ lalası,
Ləçəyində şeh nalası,
Yetim qalan quş balası,
Yurd-yuvasın kim tikəsi?
Hardasan, könül yiyəsi?...

Amma bütün bu incəliklərin, bu kövrəkliklərin qarşısında eyni zamanda çox məğrur, çox mübariz, əzmkar, girdiyim döyüşlərdən qalib çıxmağı bacaran, həmişə öndə olmağı sevən, arxasınca yüzləri aparmaq bacarığı olan birisiyəm. Bu mənim xarakerimdi. Ən incə, ən xırda bir şeydən sınan mənin ən böyük zərbələrə qoca bir palıd dözümü var. Allahımdan qeyri heç kim məni sındara bilməz. Həyat məni polad kimi bərkidib. Qoy bunu bütün məni qırmaq istəyən mərd düşmanım da, namərd dostum da bilsin...

- Yaşamaq çətindirmi?
- Mən bugünkü qayğıları, problemləri önəmləyib adi insan yaşayışından danışıb-hə çətindi, desəm zamanın üzünə necə baxım, bizimki yaşamaqdımı ki? Yaşayan Nəsimidi, Həllac Mənsurdu. Dabanından soyuldular, tikə-tikə doğrandılar, Allahdan doymadılar, Allahdan dönmədilər, doğrananda, soyulanda yerə düşən qanları da "Ənəl-Həqq", "Allah-Allah" kəlməsini yazdı. Necə ki, Züleyxanın barmağın kəsəndə onun qanı "Yusif" kəlməsini yazmışdı. Yaşamaq budu mənimçün. Əsil Aşiq ömrü yaşamaq və bəlayi eşqin şəbi-hicran günlərinin cəfasını çəkmək və bu zövqi səfanı şərbət tək başına qaldırıb içməkdi - yaşamaq. Bunu da ancaq EŞQ zövqü olanlar bilir. Qulu-Haqqa, bəndəni-Allaha, aşiqi-məşuqə, yarı-canana bağlayan ən ali, ən uca hiss olan EŞQ-in cəfasını və səfasını çəkənlər bilir. Bütün bu ali məqamlardan enib bizim kimi insanların yaşamasından danışsaq o dəm L.Tolstoyun bir fikri yadıma düşür, Tolstoy yazır ki, "biz başqaları üçün yaşayanda özümüz üçün yaşayırıq". Bax mən Tolstoy deyən insanlardanam, ömrü boyu başqaları üçün yaşamışam və deyim ki, bunu planlaşdırıb etmişəm, yox, sadəcə rahatlığımı, özümü bu yolda tapmışam, kimlərisə yaşatmaqdan zövq almışam və o zövqün də səfası məni yaşadıb. Yaşamaq nə deməkdi ki? Yaşamaq könülləri oxşamaq, qəlbləri fəth etmək, dərdlinin dərdini dağıtmaq, ayaqda durmağı bacarmaq, göz yaşlarında işlanmaq, gerçəkdən sevmək-sevilmək və həyat qumsallarında öz izini açmaq deməkdi, yasamaq elə yaşatmaq deməkdi mənimçün, mən də həmişə könüllər qurub o, könülləri yaşatmaqla yaşamışam. Və bu yolda çox-çox çətinliklərim olub, təbii ki...

Bunu xırdalasam çox çəkər əlbət. Ümumiyyətlə yaradıcı xanımların həyatı və yaradıcılıq fəaliyyəti cəmiyyətimiz tərəfindən birmənalı şəkildə qarşılanmır bilirsiniz, mən də çoxları çəkən ağrıları yaşamağa məhkum olmuşam. Bütün insanlar hərəni olduğu kim görsəydilər nə vardı ki. Hz. Mövlana deyirdi: " Eyni dildə danışanlar deyil, eyni duyğunu, eyni ruhu daşıyanlar bir-birini daha gözəl anlayar". O baxımdan mən həmişə ruhumun adamlarını axtarmışam, onlarla yaşamışam, qeyri insanlarla yaşaya bilməmişəm, ünsiyyət qura bilməmişəm, məni axtaranlar o ruhun daşıyıcıları olub. Bu cəmiyyətdə bunu yaşamaq çətin də olsa, ruh adamlarını, könül adamlarını tapıb yaşayıram hələ, Allaha pənah...

- Saz dinləyəndə hiss elədiyiniz duyğu...
- Bir saz havasının məni götürüb apardığı yer -Tanrının özünün də bardaş qurub, əl çənədə, dirsək dizdə dinlədiyi məqamdı... Ruhumun Tanrıya, varlığın yoxluğa, yoxluğun da Var olana qovuşduğu məkandı... Bundan aşağı məqamdan danışsam, göz yaşlarımda yuyulub durulduğum və paklaşdığım dəmlərdi...

- Bir az ailənizdən, sevdiklərinizdən bəhs edəkmi?
- İki övladım var, oğlum və qızım, barmaq sayı özümə çox yaxın dostlarım, atam-anam və bir qardaşım. Sevdiklərim də elə bunlardır, ən yaxın, ən doğma münasibətdən danışsaq. Əgər efir arenasından danışsaq məni sevən yüzlərlə, minlərlə insanı mən də sevirəm. Onlara olan sevgilərim qarşılıqlıdı,yaradıcı insanlardan, şairlərdən mənim də sevdiyim çox insanlar var, həmişə onlarla olmaqdan zövq alıram, saatlarla dinləməkdən doymuram, ömrümün əsas hissəsi elə yaradıcı adamlar və dostlarımla keçib, məni yaşadan da bu ünsiyyət, bu ülviyyətdir. Və deyim ki, məni sevməyənlər də var, hər zaman vurmaq və yıxmaq iştəyənlər, mən onlara da minnətdaram ki, bu gün mənim ayaqda qalmağıma, əzmkarlığıma, möhkəm olmağıma, sınmamağıma səbəbkar elə onlar özləridir. Məmməd İsmayılın bir yaxşı sözü var yadımda qalan, dedi, məni sevənlər mənim özümü sevmirlər ki, Allahın mənə verdiyi nuru, işığı sevirlər,onlar Allahın gözəlliklərini məndə görüb deyə məni sevirlər, sevmiyənlər isə, məndə içlərindəki şeytanı görürlər, o şeytan onları qoymur məndəki gözəllikləri görməyə, hamını elə o donda-cin, şeytan donunda görürlər. Eynən çox sevdiyim Məmməd İsmayılın dediklərini yaşayıram mən. Və sonda mənim ən yaxın,ən uca dostum, sevdiyim və sevənim tək Allahım olduğundan, onun verdiyi bütün nemətlərə şükür deyirəm...
Sizin suallarınızdan görünən “mən” buyam, Nigar xanım. Duyğusal, həssas, həddindən artıq kövrək, tez sınan, tez küsən və bütün insanlardan qaçan, uzaq olmaq istəyən, tək olan Allahına sığınıb gecələr dərdini göz yaşı ilə bölüşən tənha bir könül sahıbi. Fəqət, Allahın verdiyi bir ömür payını şam kimi əridib, könlünün nurunu, sevgisini, sevincini, ürəyini, bir tikə çörəyini min tikə edib insanlara paylamaqdan zövq alan könül qulu, sevda qulu, yol qulu... Və sonda mən sizdən soruşuram: Mənim kimi birisini yaralamaq və sındırmaq nə dərəcədə Allaha xoş gedər? Nə dərəcədə qəbul olunar—mənim suyumu bulandırmaq, könlümü qırmaq? Nə yazıqlar ki, bu işlərin peşində olanlar da var...

Söhbətləşdi:
Nigar İsfəndiyarqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112