AZE | RUS | ENG |

Gözdən əlillərin kitabxanasından Reportaj

Gözdən əlillərin kitabxanasından Reportaj
Burada çalışan 20 işçinin 15-i görmə qüsurludur


Ölkəmizdə gözdən əlillər üçün kitabxananın varlığını eşitdikdə çox təəccübləndik. İstər-istəməz düşündük ki, gözləri normal görən insanların belə kitab oxumadığı bu ölkədə ürəkləri deyil, gözləri dünya işığından məhrum olanlar necə kitab oxuya bilər? Bu sual ətrafında düşünə-düşünə bizə verilən ünvana yollandıq.
Sözügedən kitabxana metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşir. Kitabxana qarışıq yerdə olduğundan bizi metronun qarşısında kitabxananın işçisi Sevinc Bağırova qarşıladı. Yol boyu Sevinclə kitabxana haqqında söhbətləşdik. Görmə qüsurlu həmsöhbətimiz deyir ki, vaxtilə özü də bu kitabxananın oxucusu olub. Onun sözlərinə görə, kitabxanada o qədər doğma münasibət var ki, oxucu ilə işçilər fərqlənmir: “Biz burada kitab oxumaqla yanaşı, dostluqlar qururuq. Kitabxanada o qədər səmimi münasibət var ki, insan özünü evindəki kimi hiss edir”.

Tayı-bərabəri olmayan kitabxana

Kitabxanaya daxil olduqda bizi doğurdan da mehriban kollektiv qarşıladı. Əvvəlcə kitabxananın fəaliyyəti ilə tanış olmaq üçün direktor müavini Tofiq Balayevlə söhbətləşdik. Tofiq müəllim deyir ki, bu kitabxana respublikada gözdən əlil şəxslərə xidmət göstərən yeganə kitabxanadır. Onun sözlərinə görə, kitabxananın fondunda 10 mindən çox kitab mövcuddur: “Fonddakı kitablar Azərbaycan, rus və türk dilindədir. Kitabxanada 3 formada - kaset, CD və brayl əlifbası ilə yazılmış kitablar var. CD və kaset formasında olan əsərləri diktorlar səsləndirir və həmin səslər montaj olunub disklərə yazılır”.
Direktor müavininin sözlərinə görə, kitabxanada oxucularla yanaşı, işçilərin də əksəriyyəti gözdən əlildir: “Əgər kitabxanada 20 işçi çalışırsa, onun 15-i gözdən əlildir. Qalan 5 nəfər isə qeydiyyat işləri ilə məşğul olur”.
Məlumat üçün bildirək ki, Respublika Gözdən Əlillər Kitabxanası 1981-ci ildən fəaliyyət göstərir.

Onlar kitabı qulaqları ilə oxuyur

Tofiq müəllimlə söhbətləşdikdən sonra oxu zalına daxil olduq. Yay olduğundan oxucular o qədər də çox deyildi. Amma Tofiq müəllim deyir ki, əlillərin çoxunun gəlmək imkanı olmadığı üçün onlar evlərində oxuyurlar. Direktor müavininin sözlərinə görə, oxucuların 95 faizi evdə oxumağa üstünlük verir.
Oxu zalında oxucuların gözləri görmədiyi üçün onlar əsəri duyaraq oxuyurlar. Kimisi bunu qulaqları ilə qulaqcıqlar vasitəsilə həyata keçirir, kimisi də brayl əlifbası ilə barmaqlarının köməkliyi ilə hiss edərək oxuyur. Amma bir həqiqət var ki, onlar bəzi fiziki qüsursuz insanlardan fərqli olaraq kitab oxuyaraq maariflənməyə çalışırlar.

“Evdə mənim gözlərim anamdır”

Kitabı qulaqcıqlar vasitəsilə “oxuyan” oxuculardan biri də Anar Ömərovdur. Kitabxana yarandığı gündən oxucusu olan Anar deyir ki, təhsil almasında bu kitabxananın böyük rolu olub. Hazırda Bakı Dövlət Universitetinin tarix üzrə doktorantura pilləsində təhsil alan həmsöhbətimiz detektiv janrını çox sevir: “Azərbaycanda belə kitabxananın olması sevindiricidir. Amma mən istəyərdim ki, regiondakı gənclərimiz üçün də kitabxanalar fəaliyyət göstərsin. Mən burada əsasən öz ixtisasıma uyğun kitablar oxuyuram. Amma boş vaxtlarımda detektiv janrını sevdiyim üçün Elxan Elatlının, Aqata Kristinin, Çingiz Abdullayevin də əsərlərinə qulaq asıram”.
Kitabxana kitabları audio vasitəsilə mənimsəyən müsahibimiz bəzən evlərində əsərləri onun üçün anasının oxuduğunu deyir: “Bir çox hallarda oxumaq istədiyim kitabları mənim üçün anam oxuyur. Kitabları burada qulaqlarımla mənimsəyirəmsə, evdə mənim gözlərim anam olur”.

“Görən də, görməyən də oxumalıdır”

Oxucularla söhbətimiz zaman məlum oldu ki, burada bəzi oxucular şeir də yazır. Hətta onları həvəsləndirmək üçün kitabxana rəhbərliyi şeir müsabiqələri təşkil edir. Belə oxuculardan biri də Fərqanə Fətəliyevadır. Fərqanə xanım deyir ki, şeir oxumağı çox sevir və o, kitabxana fəaliyyət göstərdiyi ilk günlərdən burada şeir kitabları oxuyur: “Mən əsasən şeiriyyata üstünük verirəm və özüm də şeirlər yazıram. Burada əsasən Bəxtiyar Vahabzadənin, Nüsrət Kəsəmənlinin şeirlərini oxuyuram. Bu gün cəmiyyətdəki gənclərin çoxu boş vaxtlarını internetə sərf edirlər. İstərdim ki, hər kəs kitab oxusun. Çünki kitab oxumağın insana verdiyi həzzi başqa heç nədən almaq mümkün deyil. Kitab oxuyanda insan mənəvi qida alır. Bu səbəbdən görən də, görməyən də kitabın gözəlliklərindən faydalanmalıdır”.
Kitabxananı müşahidə edərkən brayl əlifbası ilə kitab oxumağa çalışan qız diqqətimizi çəkdi. Söhbətləşmək üçün ona yaxınlaşdıq. Adının Səma olduğunu söyləyən bu xanım da digər oxucu kimi şeir oxumağa üstünlük verir. O, gözdən əlillər məktəbinin 9-cu sinfində təhsil alır: “Brayl əlifbasını məktəbdə öyrənmişəm. İnsan gözləri görməsə belə, istəsə digər insanların etdiyini edə bilər. Mən məktəbə daxil olduqdan sonra bu kitabxanaya gəldim. Burada əsasən Bəxtiyar Vahabzadənin, Mirzə Ələkbər Sabirin kitablarını oxuyuram. Şeiri çox sevirəm və özüm də şeir yazmağı bacarıram. Kitab oxumaq insanın intellektual səviyyəsini artırır. Buna görə də hər kəs - görən də, görməyən də kitabın bu gücündən faydalanmalıdır”.
Səma həm də özünü inkişaf etdirmək üçün musiqi məktəbində təhsil alır.

“Təhsilimi kitabxanaya borcluyam”

Kitabxanada olduğumuz müddətdə oxucularla sanki öz doğmaları kimi davranan kitabxanaçı Nazlı Əliyeva diqqətimizi çəkdi. O, həm oxucularla zarafatlaşır, lazım olduqda onlara müəyyən məsləhətlər verirdi. Gözdən əlil olan həmsöhbətimiz artıq 12 ildir ki, bu kitabxanada çalışır. Nazlı xanım da digər oxucular kimi təhsil aldığı müddətdə kitabxananın xidmətlərindən istifadə edib. O deyir ki, universitetdə təhsil almasında kitabxananın böyük faydaları olub. Oxucularla doğmaları kimi rəftar edən müsahibimizi narahat edən məsələlər də var. Onun sözlərinə görə, kitabxana ölkə ərazisində yalnız Bakda olduğu üçün regionlarda yaşayan gözdən əlillər bundan yararlana bilmirlər: “Əvvəllər regionlarda yaşayan əlillər üçün müəyyən güzəştlər edilirdi. Onlar burada gəlib kitab oxuya bilirdilər. Hətta elə günlər olurdu burada növbə yaranırdı. Hazırda biz çalışırıq ki, regionlarda yaşayan oxucuları da kitablarla təmin edək. Bunun üçün nazirlik bizə maliyyə ayırıb və rayonlara ezamiyyətə çıxaraq onları kitablar, disklərlə təmin edirik. Biz istəyirik ki, gözdən əlillər heç kimin köməyi olmadan kitabdan istifadə edə bilsinlər”.
“Əlil uşaqlar lazımsız əşya deyil”
Müsahibimizin sözlərinə görə, bəzi valideynlər əlil uşaqlarını lazımsız əşya kimi evdə saxlayırlar. O, qəzetimiz vasitəsilə əlil uşaqların valideynlərinə səsləndi: “Əlil uşaqlarınızı heç vaxt heç nədən təcrid etməyin. Gözdən əlillər üçün xüsusi internat məktəbləri var. Onlardan utanmaq, çəkinmək lazım deyil. Uşaqlarınıza təhsil verin ki, cəmiyyətə yararlı olsunlar. Onlara şəxsiyyət kimi yanaşsınlar və əlillərin cəmiyyətə qaynayıb-qarışmasına köməklik etsinlər. Unutmayın ki, bəzən əlil uşaq sağlam uşaqdan qat-qat artıq uğur gətirir və valideynlərinin fəxri olur”.
Məlumat üçün bildirək ki, kitabxana rəhbərliyi Ramazan bayramında oxucuları sevindirmək üçün müqəddəs kitabımız olan “Quran”ın brayl əlifbası ilə nəşrini oxuculara təqdim edib.
Oxucular və rəhbərliklə sağollaşdıqdan sonra kitabxanadan ayrılırıq. Onlarla söhbətləşdikdən sonra bir daha əmin oldum ki, əlillik məhrumiyyət deyil və insan əgər istəsə, gözləri görməsə belə, həyatda uğurlar qazanmağa qadirdir. Təki ürəyi işıqlı olsun, görsün, duysun, hiss etsin...

Aygün ƏZİZReportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163