Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi qeyd edilib

Cəmiyyət
29 Dekabr 2014, 14:54 1068
Binəqədi rayonundakı “Versal” şadlıq sarayında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə 2014-cü il ərzində Binəqədi rayonunda aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, iqtisadiyyatımızın inkişaf etdiyi, Dövlət Proqramlarının uğurla icra edildiyi, ümumilikdə, 2014-cü ildə ölkə qarşısında duran bütün vəzifələrin şərəflə yerinə yetirildiyi bildirilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin gündən-günə daha geniş vüsət aldığını bildirib.

İcra başçısının çıxışından sonra rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxs fəxri fərmanlarla mükafatlandırılıblar.
Ardınca, Binəqədi rayonunda 2014-cü ildə əldə edilən nailiyyətləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirilib.
Binəqədi rayonunun balaca sakinlərinin də iştirak etdiyi tədbirə Şaxta baba və Qar qızın qatılması isə şənliyə ahəng qatıb. Maraqlı əyləncəli viktorinalar, möhtəşəm rəqslər, şou proqram tədbir iştirakçılarında yüksək əhval-ruhiyə yaradıb.
Tədbirin sonunda Dünyanın müxtəlif ölkələrində yaşayan Binəqədililərin təbriklərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Rufik İSMAYILOV