AZE | RUS | ENG |


“Bizim istədiyimiz dünya” Zaqatalada müzakirə olunub

“Bizim istədiyimiz dünya” Zaqatalada müzakirə olunub
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə gənclər 2015-ci ildən sonrakı dövr ərzində əsas inkişaf prioritetlərini müzakirə etmək üçün “Bizim istədiyimiz dünya” devizi altında Zaqatalada milli gənclər müzakirəsi keçirilib. Tədbirdə Zaqatala, Şəki, Qax, Balakən rayon gəncləri iştirak edib.

Tədbirdə “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova və UNICEF-in əməkdaşı Aida Ailarova 2015-ci ildən sonrakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi məqsədilə başlamış bu qlobal təşəbbüs haqda, eyni zamanda Minilliyin İnkişaf Məqsədləri, əldə olunmuş tərəqqi və gələcək fəaliyyət barədə çıxış ediblər. Bu layihənin gənclər üçün Azərbaycanın dinamik inkişaf təcrübəsini dəyərləndirmək imkanı yaratdığını qeyd edən natiqlər bu inkişafın davamlı və dayanaqlı olması üçün gənclərin üzərinə düşən vəzifələrdən danışıblar.

Sonra təlimçilər Pərvanə Məmmədova və Sərdar Hüseynovun rəhbərliyi ilə müzakirələr davam etdirilib. Gənclər fəal şəkildə təqdimatlar, qrup işi və plenar müzakirələrdə arzuladıqları dünya ilə bağlı narahatlıqları və təklifləri ilə bölüşüb, cəmiyyətlərinin inkişafı naminə yeni təşəbbüslərlə çıxış ediblər.

Müzakirələrdə işsizlik, işə qəbulun şəffaflığının artırılması, məşğulluq idarələrinin fəaliyyətinin gücləndirilməsinin vacibliyi, gənclərin zərərli vərdişlərin onlara və ətrafındakılara vurduğu ziyan barədə biliklərinin yetərsiz olması qeyd olunub. Təhsil sisteminin keyfiyyətinin yaxşılaşdırılması informasiya əldə etmə imkanlarının məhdudluğu ilə bağlı fikirlər səslənib. Gənc ailələrə qayğının , ailə üzvlərinin hamiləlik və analıq dövrü barədə biliklərinin artırılması, ipoteka krediti şərtlərinin yüngülləşdirilməsinin boşanmaların qarşısını almaqda kömək olacağı bildirilmiş,. Əlilliyi olan gənclərin cəmiyyətdən təcrid olunmasının aradan qaldırılmasının vacibliyi vurğulanıb. Fiziki imkanları məhdud şəxslər üçün ictimai nəqliyyat vasitələrindən istifadənin yaratdığı çətinlik, əlilliyi olan uşaq və gənclərin əlilliyi olmayan həmyaşıdları ilə eyni məktəblərdə oxumamaları, onlara qarşı cəmiyyətdə mövcud olan münasibətlər, verilən təqaüdlərin az olması, eləcə də uyğun əmək fəaliyyəti göstərmələri üçün imkanların məhdudluğu məsələləri qaldırılıb.

İştirakçılar ətraf mühitin, xüsusilə su hövzələrinin çirkləndirilməsi ilə bağlı narahatlıqlarını bildiriblər, gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, saxtadərmanların istifadədən çıxarılmasının, , vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün elan olunmuş son tarix yaxınlaşdığı üçün BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsinə artıq hazırlıq başlanıb. Bu məqsədlə elmi dairələr, kütləvi informasiya vasitələri, özəl sektor, işəgötürənlər və həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və hökumət qurumlarının təklif və tövsiyyələrini cəmləşdirmək məqsədilə BMT genişmiqyaslı məsləhətləşmələr həyata keçirir.

Müzakirələrin ümumi hesabatında Azərbaycan gənclərinin rəy və təklifləri nəzərə alınacaq. Milli müzakirələrin hər birində 30 nəfər olmaqla, cəmi 150 gənc iştirak edəcək. Gənclərin müxtəlif təbəqələrinin əhatə olunmasını təmin etmək üçün məsləhətləşmələrdə iştirak edən gənclərin seçimində UNİCEF-in digər tərəfdaşı World Vision təşkilatı da iştirak edir. Növbəti milli müzakirələr 25-26 aprel tarixində Tərtərdə keçiriləcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN