Binəqədidə humanitar sahədə görüləcək işlər müzakirə edilib

Binəqədidə humanitar sahədə görüləcək işlər müzakirə edilib

Cəmiyyət
24 Noyabr 2014, 12:56 1082
Binəqədi Rayon İcra Hakimiyyətində (BRİH) humanitar sahədə ətraflı və dolğun təhlillərin aparılması və strateji istiqamətlərin müəyyən edilməsi müzakirə edilib. BRİH mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, tədbirdə İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi və bu siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiyalı fəaliyyəti BRİH qarşısında duran prioritet məsələlərdən biri kimi səciyyələndirilib.

Yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti və digər sahələrdə qarşıda duran vəzifələrin icrası məqsədi ilə BRİH başçısı sərəncam imzalayıb. Sərəncama əsasən tədbirlər planı hazırlanıb və orada müvafiq istiqamətlər üzrə strateji hədəflər müəyyənləşdirilib.

BRİH başçısı Xaləddin İsgəndərov tədbiri açıq elan edib və giriş nitqi söyləyib. RİH başçısı çıxışında indiyədək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Tədbir RİH başçısının müavini Aygün Əliyevanın Tədbirlər Planı barədə ətraflı məlumat verməsi ilə davam edib. A.Əliyeva rayonda təhsil, səhiyyə, mədəniyyət, ekologiya, turizm, gənclər və idman sahəsindəki mövcud vəziyyəti barədə geniş məruzə çıxış edib, uğurlarla yanaşı, həmin sahələrdə mövcud olan bir sıra çatışmazlıqları da diqqətə çatdırıb və onların aradan qaldırılması ilə bağlı görüləcək işlərdən danışıb.

Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Asəf Zamanov çıxışında humanitar sahədə görülən işlərdə uğur qazanılması üçün cəmiyyətin bütün fəalları, xüsusilə də ziyalıların təşəbbüskarlığının vacibliyini qeyd edib.

Tədbirlər Planı ətrafında çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov ictimai asayişin qorunması, cinayətkarlıq və digər hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolunun əhəmiyyətini vurğulayıb.

Müzakirələr BRİH başçısı Xaləddin İsgəndərovun yekun çıxışı ilə başa çatıb. RİH başçısı qeyd olunan sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin daha da intensivləşdirilməsi üçün aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verib.

R.İSMAYILOV