Binəqədi rayonunda gül bayramı keçirilib

Binəqədi rayonunda gül bayramı keçirilib

Cəmiyyət
04 May 2015, 12:17 1163
Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon gül bayramı keçirilib. Rayonun 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Rafael Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram tədbirində Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar təbii güllər və çiçəklərdən hazırlanmış müxtəlif növ idman növlərini simvolizə etdirən kompozisiyalar nümayiş olunub. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü sakinlərdə xoş ovqat yaradıb. Ümummilli lider Heydər Əliyevin portreti və imzasını əks etdirən kompozisiya xüsusi maraqla qarşılanan komponentlərdən olub.
Heydər məscidindən başlayaraq 246 saylı məktəb istiqamətində Üzeyir Hacıbəyov küçəsi boyunca yolun hər iki tərəfində rayonun orta məktəblərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış sərgilər, rəqslər, bədii qiraət və uşaqların ifasında müxtəlif idman növlərinin nümayişi bayram şənliyinə xüsusi ovqat qatıb.
Rayon rəhbərliyi və qonaqlar kompozisiyalara baxış keçirdikdən sonra ulu öndərin anadan olmasının 92 illiyinə həsr olunan konsert proqramına tamaşa ediblər. İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş “Qızıl Aypara” Cəmiyyətinin rayon şöbəsinin sədri Afət Quliyevaya “Tərəqqi” medalını təqdim edərək, onu təbrik edib. Daha sonra konsert proqramı nümayiş etdirilib. Konsertdə respublikanın tanınmış incəsənət ustalarının və rayonun istedadlı gənclərinin ifasında Azərbaycana və ulu öndərə həsr olunan, könül oxşayan mahnılar və şeirlər səsləndirilib.

Kaspi.az