AZE | RUS | ENG |

Binəqədi Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib
Xaləddin İsgəndərov: “2014-cü ilin 12 ayında Binəqədi rayonunda 5620 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir”


Binəqədi Rayon İcra Hakimiyyətində (BRİH) İcra başçısı Xaləddin İsgəndərovun iştirakı ilə 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, ümumiyyətlə Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmə baxıblar.

Sonra hesabat məruzəsi ilə çıxış edən BRİH-in Başçısı X.İsgəndərov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticələrindən söhbət açıb. O, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına toxunaraq, Azərbaycan iqtisadiyyatının dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 38-ci yerdə qərarlaşdığına diqqət çəkib. İcra başçısı bunu ölkəmizin inkişaf tempinin əyani göstəricisi kimi qələmə verib. X.İsgəndərov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2014-cü il ərzində görülən işlərin yekunu olaraq, bir sıra nəticələrin əldə olunduğunu bildirib. Məruzədə rayonun həyatında əlamətdar hadisə və hesabat dövründə əldə olunan nailiyyətləri stimullaşdıran hal kimi Prezident İ.Əliyevin ötən il ərzində Binəqədi rayonuna yeddi dəfə səfər etdiyi qeyd edilib. Prezident İ.Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi BRİH başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşlərinin olduğu, o cümlədən yerlərdə səyyar qəbullarının təşkil edildiyi, vətəndaşların müraciətləri, irad və təkliflərinin diqqətlə öyrənildiyi vurğulanıb. Həmin təkliflərin icrası üçün “Tədbirlər Planı”nın təsdiq olunaraq aidiyyəti qurumlara göndərildiyi, tədbirlərin icrasının nəzarətdə saxlanıldığı məruzədə xüsusi qeyd edilib.

X.İsgəndərov bildirib ki, sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 12,4, nəqliyyat sektorunda 38,9, rabitə sektorunda 1, iaşə sektorunda isə 15,4 faiz artım müşahidə edilib: “İstehlak bazarında və əhaliyə göstərilən pullu xidmətlərdə 2013-cü illə müqayisədə orta hesabla 20 faiz artım qeydə alınıb. 2014-cü ilin 12 ayında Binəqədi rayonunda 5620 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir. Eləcə də əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2014-cü il ərzində 2814 ailəyə və ya 11356 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilib, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə 4254 nəfər ünvanlı sosial yardım alıb. 2014-cü il yanvar-dekabr aylarında Binəqədi rayonunda 4109 nəfərin doğumu və 1424 nəfərin ölümü qeydə alınıb, təbii artım isə 2685 nəfər təşkil edib. İl ərzində ölkə başçısının təşəbbüsü ilə 17 yanvar 2014-cü il tarixində yeni “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilib. 2014-cü ilin 2-ci rübündə əsaslı təmirə başlamış 157 və 298 saylı orta məktəblər ən müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində şagirdlərin istifadəsinə verilib”.
Məruzədə 23 dekabr 2014-cü il tarixində keçirilmiş Bələdiyyə seçkiləri ölkənin hər yerində olduğu kimi, Binəqədi rayonunda da yüksək seçici fəallığı ilə müşahidə edildiyi vurğulanıb. Həmçinin bildirilib ki, 2014-cü il ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 4719 müraciət daxil olub. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1239 vahid və ya 20,4 faiz azdır. İcra başçısının sözlərinə görə, daxil olmuş şikayətlərin azalma səbəbi rayon sakinlərinin illərdən bəri yığılıb qalmış sosial problemlərinin həlli istiqamətində aparılan təxirəsalınmaz tədbirlərdir.

Məruzədə o da qeyd edilib ki, 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində 01.07.2014-cü il tarixdən “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Layihənin uğurla həyata keçirilməsi məqsədilə təbliğat və maarifləndirmə işlərinin təşkili istiqamətində Aparatın şöbələri tərəfindən bir sıra zəruri əhəmiyyət kəsb edən mərhələli və ardıcıl tədbirlər keçirilib.

Hesabat yığıncağında BRİH başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli çıxış ediblər.

Şura iclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra ötən il KİV DF ilə BRİH-in birgə elan etdiyi “Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda müsabiqəsi üzrə mükafatlandırma mərasimi olub. Müsabiqədə iştirak edənlərdən 6 nəfərə qalib mükafatları, 19 nəfərə isə həvəsləndirici mükafatlar təqdim edilib.
Hesabat yığıncağına RİH başçısı X.İsgəndərov yekun vurub.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289