“Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib

“Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib

Təfsilat
19 Dekabr 2014, 18:29 1230
Bu gün Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) akt zalında BRİH, Rayon Gənclər və İdman İdarəsi, “Mənim təhsilim, mənim gəncliyim!” kampaniyası və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib.

Forumu Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov açaraq, tədbirin gənclər arasında maarifçilik işinin təşkili vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsinə, həmçinin bu istiqamətdə görülməli işlərin müzakirəsi və perspektivlərinin müəyyənləşdirilməsinə həsr olunduğunu bildirib. Ardınca Binəqədi rayonunda gənclərin təşəbbüslərini əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qısametrajlı filmdə bir il ərzində Binəqədi rayonunda həyata keçirilən və əsasən gəncləri əhatə edən tədbirlərin bəzisinin əks olunduğunu xatırladıb. Qeyd edib ki, bu videoçarx Binəqədidə gənclərin inkişafına yönəlmiş çox maraqlı layihələrin həyata keçirildiyini, onların ölkəmiz üçün sağlam ruhlu, vətənpərvər vətəndaşlar kimi tərbiyə olunduğunu bir daha nümayiş etdirir. Nazir müavini deyib ki, gənclərin müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, mədəniyyət, idman, ictimai münasibətlər sahəsində həm gənc lider, həm də peşəkar kimi formalaşması Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas məqsəd və istiqamətlərindən biridir: “Vaxtilə ümummilli lider Heydər Əliyevin istək, ideya və arzuları əsasında təməli qoyulmuş milli gənclər siyasətinin əsas fəlsəfəsi ondan ibarətdir ki, müstəqil dövlət üçün yeni nəsillər, müasir dövrlə ayaqlaşan, geniş dünyagörüşlü, bilikli vətəndaşlar tərbiyə olunsun. O gənclər, o nəsillər ki müstəqil dövlətdə yaşayacaq, cəmiyyətin formalaşmasında yaxından iştirak edəcək, məsuliyyəti üzərinə götürməyə qadir olacaqlar. Əgər biz ötən illərə nəzər salsaq, deyə bilərik ki, ulu öndərin arzu və istəkləri həyata keçib. Hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə biz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin yeni mərhələsini yaşayır, yeni hədəflərə, yeni məqsədlərə doğru inamla addımlayırıq. Artıq nəinki ölkə daxilində, eləcə də ölkə xaricində tanınan və nümunə kimi adı çəkilən Azərbaycan dövlət gənclər siyasəti modeli mövcuddur. Bu gün gənclər Azərbaycanda onlar üçün yaradılmış şəraitdən istifadə edərək, olduqca maraqlı layihələrə imza atırlar. Onlara bu istiqamətdə Prezident yanında Gənclər Fondu da böyük dəstək olur. Hazırda biz Maarifçilik Forumu adlı daha bir layihənin iştirakçısıyıq. Nəzərə almalıyıq ki, həyatın bütün təməli maarifçiliklə əlaqədardır. Ümumiyyətlə, insan gələcəkdə hər hansı peşəyə yiyələnmək istəyirsə, bu zaman maarifçiliyə böyük ehtiyac duyulur. Ona görə də keçirilən tədbiri yüksək qiymətləndirir və uğurlar arzulayıram. İnanıram ki, belə tədbirlərin keçirilməsi həm gənclərin özünün, həm də onların əhatəsində olan gənclərin inkişafına, şəxsiyyət olaraq formalaşmasına ciddi təsir edəcəkdir”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev gənclər təşkilatlarının hər zaman yeni təşəbbüslərlə çıxış etməsini müsbət dəyərləndirib. O, bunu Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti ilə əlaqələndirib. Bildirib ki, hazırda yaranmasının 3 ili tamam olan Gənclər Fondunun mövcudluğu da gənclərə dövlət dəstəyinin bir nümunəsidir. V.Quliyev Forumun əvvəlində Binəqədi rayonunda reallaşdırılan və gənclərlə əlaqədar olan çoxsaylı layihələr barədə iştirakçılara ətraflı məlumat verilməsinə diqqət çəkərək, gənclərə, gənclər təşkilatlarına, həmçinin onların layihələrinə dəstək verilməsi baxımından Binəqədi rayonunun digərləri üçün də yaxşı nümunə olduğunu söyləyib: “Binəqədi rayonunda belə bir Forumun keçirilməsi digər rayonlar üçün də mesaj ola bilər ki, onlar da fəal gənclərlə, gənclər təşkilatları ilə əlaqələrini daha da artırsınlar. Çox az rayonlar var ki, gənclərlə, onların yaratdığı təşkilatlarla əməkdaşlıq edir. Bu mənada, Binəqədi rayonunun təcrübəsindən yararlanmaq olar. Foruma gəlincə, burada qaldırılan məsələlər, paneldə müzakirəyə çıxarılacaq mövzu gənclər üçün olduqca əhəmiyyətlidir. Cəmiyyətin bütün sahələrinin inkişafına gedən yol maarifçilikdən keçir. Çünki əksər sahələrdə ən müasir infrastruktur qurula, sosial təminat yaradıla bilər. Amma geniş maarifləndirmə işi aparılmasa, orada yüksək nailiyyətlər əldə etmək qeyri-mümkündür. Ona görə də bu cür Forumların keçirilməsi həm dövlətimiz üçün, həm də cəmiyyətimiz üçün ciddi mesajlar verir”.

Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ümumilikdə Binəqədidə həyata keçirilən yüzdən çox layihə və tədbirin 24 minə yaxın gənci əhatə etdiyini bildirib. O, bunu Binəqədi rayonunun böyük uğuru kimi qələmə verib. F.Hacıyev təmsil etdiyi qurumun yaranmasının 3 ilinin tamam olmasını xatırladaraq, Fondun uğurlarına görə gənclərə minnətdarlığını çatdırıb. Deyib ki, bütün bunlar Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının bariz nümunəsidir: “Öz gənclərinə, onların təhsilinə investisiya yatırmayan dövlətlərin gələcəyi olmur. Məhz bu amili nəzərə alan ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyub, bilavasitə gənclərlə işləyən Gənclər və İdman Nazirliyini yaradıb. Hazırda isə Azərbaycanda gənclərə yönəlik uğurlu dövlət siyasəti həyata keçirilməkdədir. Heç bir gənc, heç bir vətəndaş bu siyasətdən, diqqət və qayğıdan kənarda qalmır”.

Forumda Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Müasir İqtisad Məktəbi” layihəsinin rəhbəri Mahmud Məmmədzadə, “Mənim təhsilim, mənim gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin rəhbəri Fəxrəddin Həsənzadə də çıxış edərək öz fikirlərini bölüşüblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək tədbir iştirakçılarına uğurlar arzulayıb. Eyni zamanda bildirib ki, rayonda görülən bütün işlərin, əldə edilən bütün uğurların ünvanı Azərbaycan Prezidentidir. İcra başçısı gəncləri səmimi dialoqa səsləyib və onlardan hər an təklif gözlədiyini qeyd edib.

Forumun rəsmi hissəsinin sonunda təşkilatçılar bir sıra KİV və QHT nümayəndələrini “Təhsil açarı” mükafatı ilə təltif ediblər. Media nümayəndələri arasında Azərbaycan Dövlət Televiziyası, “Kaspi” qəzeti və Modern.az xəbər portalı adıçəkilən mükafata layiq görülüblər.

Forumun ikinci hissəsindəki paneldə gənclər “Dağlıq Qarabağ həqiqətləri gənclər müstəvisində” tezisi ətrafında çıxış edib və müzakirələr aparıblar.

Rufik İSMAYILOV