AZE | RUS | ENG |

“Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol!”

“Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol!”
“Azərbaycan Könüllülük Xidməti” (AKX) Proqramı çərçivəsində Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) tərəfdaşlığı ilə “Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol!” seminarı təşkil olunub. Seminarın mövzuları “SALTO EECA” Resurs Mərkəzinin beynəlxalq təmsilçisi Natalya Nikitina tərəfindən tədris olunub. BRİH-in inzibati binasında gerçəkləşən seminarda 200-dən çox namizəd arasından seçilmiş 50 gənc iştirak edib.
Seminar Avropa Könüllülük Xidməti və Avropa Birliyinin "Erasmus+" Proqramı çərçivəsində Avropa ölkələri arasında uzunmüddətli könüllülük mübadiləsi həyata keçirmək, həmçinin iştirakçıların Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS ) ilə Avropa ölkələrində könüllü olmaq imkanı əldə etməsi məqsədi ilə həyata keçirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə təşkilatın beynəlxalq əlaqələrindən bəhs edib. Təşkilatın Avropa Gənclər Forumu, Avropa Şurası və BMT-in gənclər proqramlarında fəaliyyəti, Afrika və Şərqi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrindən danışıb. Qeyd edib ki, ötən il ərzində ARGTMŞ-ın üzvü olan 32 gənclər təşkilatının nümayəndələrinin “Erasmus+” çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə iştirakı təmin olunub və Azərbaycanlı gənc “Avropa Könüllülük Xidməti” çərçivəsində 2 aylıq Bolqarıstana göndərilib.
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov belə tədbirlərin gənclər üçün əhəmiyyətindən danışıblar.
Tədbirin rəsmi hissəsindən sonra təlimçi N.Nikitina seminara başlayıb. Seminar zamanı iştirakçılara beynəlxalq könüllülük, Avropada könüllü olmağın yolları, “Avropa Könüllülük Xidməti”nin üstünlükləri, “Avropa Könüllülük Xidməti”ndə maddi təminat, “Azərbaycan Könüllülük Xidməti” haqqında ətraflı məlumat verilib. Həmçinin iştirakçıların bu istiqamətdə sualları cavablandırılıb.
Məlumat üçün qeyd edək ki, Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS ) gənclərin öz ölkələrindən fərqli ölkədə könüllülük fəaliyyətini təşkil edən beynəlxalq nüfuzlu proqramdır. Proqram çərçivəsində könüllülərin nəqliyyat, viza, qida və yaşayış xərcləri Avropa Komissiyası tərəfindən qarşılanır. Avropa Könüllülük Xidmətinin Azərbaycan Modeli olan Azərbaycan Könüllülük Xidməti də Azərbaycan gənclərinin proqramda iştirakını və Avropada könüllülük fəaliyyətini təşkil edir. Bu istiqamətdə proqramın Fransa, Bolqarıstan, Türkiyə, Portuqaliya, Rumıniyadan olan təşkilatlarla əməkdaşlığı mövcuddur.
Azərbaycan Könüllülük Xidməti Proqramı həmçinin 2013-cü ildən Azərbaycanda ilk dəfə olaraq ölkədə regionlararası könüllü mübadiləsini həyata keçirir. Proqramın 2014-cü il layihəsi Azərbaycanın 13 regionundan 15 Gənclər Evlərini əhatə edib. Layihədə 15 könüllünün qrup rəhbərliyi etdiyi 20 könüllü, ümumilikdə 35 gənc iştirak edib. Könüllülər 1 aylıq ezam olunduqları digər regionun Gənclər Evlərində qrup rəhbəri ilə birgə müxtəlif istiqamətli fəaliyyət göstəriblər.

Kaspi.az

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289