AZE | RUS | ENG |

Arif Məlikovun rəsmlərinin musiqi ilə vəhdəti

Arif Məlikovun rəsmlərinin musiqi ilə vəhdəti
Yaradıcı insanlar, bir qayda olaraq, heç vaxt özlərini incəsənətin yalnız bir sahəsi ilə məhdudlaşdırmırlar. Hətta bir sıra rəssamlar həm də professional musiqiçi, eləcə də bir sıra görkəmli musiqiçilər gözəl rəssam olublar. Məsələn, görkəmli fransalı impressionist rəssam - A.Russo gözəl bəstəkar, pianoçu olmuşdur. O, həmçinin, öz dövründə “Klemans” romansı ilə də məşhurlaşmışdır. Təbii ki, bu kimi maraqlı təsadüflərə müasir dövrümüzdə də rast gəlirik. Çox uzağa getmədən qeyd edək ki, Azərbaycanda da bu kimi təsadüflər az deyildir. Tanınmış xanəndə Hacıbaba Hüseynov olduqca gözəl şeirlər yazan şair, aktyor Əli Haqverdiyev müğənni, bəstəkar İsmayıl Hacıbəyov rəssam kimi də yaddaşlarda qalmışdır. Eləcə də, məşhur azərbaycanlı rəssam Toğrul Nərimanbəyov ifaçı-müğənni, musiqişünas Xatirə Həsənzadə, pianoçu Rəna Rzayeva, bəstəkarlardan - Oktay Zülfüqarov, Arif Məlikov həm də istedadlı rəssamlardır. Lakin daha irəli getsək ilk rəssam kimi musiqiçilərdən Mir Mövsüm Nəvvabı və Üzeyir Hacıbəylini də göstərə bilərik. Belə ki, M.Nəvvabın “Quşlar” və digər rəsmləri, o cümlədən Ü.Hacıbəylinin “Kitabi-məzhəkə” miniatürləri onun satirik rəssamlığa olan həvəsindən xəbər verir.

Adları sadalanan musiqiçilər arasında Arif Məlikovun rəsmlərindən xüsusilə söz açmaq istərdik. Musiqi ilə paralel olaraq rəngkarlıq da onun həyatında əhəmiyyətli yer tutur. Çünki Arif Məlikov hələ uşaq yaşlarından, hətta musiqiyə gəlişindən də öncə rəssamlığa böyük həvəs göstərmişdir. Sonralar musiqi onun həyatında üstünlük qazansa da, rəssamlıq bütün həyatı boyu onun sevimli və çoşqun maraq obyekti olaraq qalmışdır. Nəticədə Arif Məlikov özünü həm gözəl musiqiçi, həm də istedadlı və orijinal rəssam kimi səciyyələndirməyi bacarmışdır.

Hər şeydən öncə, Arif Məlikovun orijinallığını onun ətraf mühiti, dünya görüşü ilə bağlamaq lazımdır. O, bir sıra ölkələri gəzmiş, bir sıra dünya şöhrətli alim, yazıçı, dirijor, kinematoqraflar, bəstəkarlar, ifaçılar, rəssamlar, xoreoqraflarla tanış olmuş, onlarla dostluq əlaqələri qurmuşdur. Rəssamlardan S.Bəhlulzadə, T.Salahov, T.Nərmanbəyov, M.Abbasov, A.Cəfərov, F.Xəlilov, T.Ağababayev, A.Məhərrəmov, fransalı rəssam A.Dino, rusiyalı T.İvanov, ukraynalı Y.Liseek, türkiyəli Savaş və bir çox başqaları ilə onu dostluq telləri bağlamışdır. A.Məlikovun bir çox rəssamlarla dostluğu həm də onun öz şəxsi rəssamlıq təfəkkürünün və təxəyyülünün inkişafında müəyyən qədər rol oynamışdır. Təbii ki, rəssam dostlarından A.Məlikov bir çox maraqlı tövsiyyələr almışdır. O, hətta yaxın dostlarından biri olan, rəssam Səttar Bəhlulzadənin avtoportretini belə çəkmişdir. Həmin rəsmdə A.Məlikov S.Bəhlulzadənin mənalı və fikrə dalmış gözlərini, ifadəli əllərini və barmaqlarını, ağarmış saçlarını xüsusi incəliklə, həssaslıqla çəkə bilmişdir.

A.Məlikovun təxəyyülü zəngin olduğu üçün rəsmlərinin bir çoxlarında da o, dərin fikir və fəlsəfi baxışlarını əks etdirməyi bacarmışdır. Bu kimi xüsusiyyətlərə onun “Çiçəkli badam ağacı”, “Şərq”, “Ankarada gecə”, “Xəzərin qara qızılı - aylı gecə”, “Aya Sofiya”, “Badam ağacının budağı”, “3 hissəli simfoniya-triptix”, “Zuqulba”, “Təəssürat”, “Fantaziya”, “Təzəpir-gecə”, “Təzəpir-gündüz”, “Təzəpir-Novruz bayramı”, “Qafqaz dağları”,” 20 Yanvar”, “Keçmişə baxış-diptix” , “Bakı”, “Əbədiyyət”,“Günəş”, “Həyat”. “Göy vaza”, “Vazada güllər”, “Qərənfillər”, “Ağ vaza”, “Sevimli şəkillər” və s. kimi rəsmlərində rast gəlmək olar.

Bəstəkar musiqidə klassikdir, lakin rəsmlərində isə daha çox impressionizm, postimressionizmin cizgilərini, bəzən də avanqardizmi, nonkonformizmi duymaq olar.
Məsələn, onun “Əks” rəsmi Klod Monenin “Günəşin çıxması”nı, “Göy vaza”, “Ağ vaza”, “Sevimli çiçəklər” rəsmi müəyyən qədər postimpressionist rəssam V.Van Qoqun “Günəbaxanlar”ını, “Xəzərin qara qızılı” məşhur peyzaj rəssamı Arxip Kuindjinin “Aylı gecə”sini, “3 hissəli simfoniya” rəsmi abstraktizm cərəyanının görkəmli nümayəndəsi olan Mandarianın “Buqi-Vuqi”sini və Kandinskinin “Kompozisiya”sını, “Qafqaz dağları”, “Fantaziya” əsəri nonkonformist rəssam C.Mircavadovun rəsmlərini xatırladır.

Lakin rəsmlərinin əsas mövzusunu təbiət, çiçəklər, tarixi abidələr və abstrakt mövzulardır.
Arif Məlikov, həmçinin, Şərq mövzularına da geniş yer vermişdir. “Təzəpir-gündüz”, “Təzəpir-gecə”, “Təzəpir-Novruz bayramı”, “Şərq”, “Bakı”, “Keçmişə baxış” rəsmləri deyilənlərə nümunədir. Onun “Bakı” adlı rəsmi kətan, yağlı boyanın ifadəsilə köhnə Bakını ala-toranlı şəkildə xatırladır. Sanki Bakının əvvəlki görünüşünü rəssam xatırlamağa, yada salmağa çalışır. Və ya “Təzəpir-gündüz”, “Təzəpir-gecə”, “Təzəpir-Novruz bayramı” rəsmlərində Təzəpirin müxtəlif vaxtlardakı görünüşünü verir. Yəni Təzəpir səhər də, axşam da, hətta Novruz bayramında da fərqli görünüşdədir. Ümumiyyətlə, hər hansısa mənzərənin müxtəlif zamanlarda görünüşünün təsvir edilməsi İmpressionist rəssamların yaradıcılığından irəli gəlmiş bir xüsusiyyətdir.

Arif Məlikovun “20 Yanvar” tablosu da son dərəcə ağrılı və təsiredici rəsmdir. Əsərdə bir qədər sürealizma xas bəzi elementlər də var. Tünd yaşıl və qara rənglərin əsasında çəkilmiş şam və axan al qırmızı qan bizim tarixi faciəmizin rəsmdəki əksidir. A.Məlikov hətta bu mövzuda “Mən mühakimə edirəm” kitabını da yazmışdır. Bu kitab və “20 Yanvar” rəsmi bəstəkarın qanlı Yanvar faciəsi ilə bağlı keçirdiyi iztirablardır.

Məlumdur ki, musiqi ilə rəssamlıq arasında terminoloji baxımdan da yaxınlıq var. Məsələn, “diptix”, ”triptix” kimi terminlər hər iki sahədə işlədildiyi kimi, A.Məlikov da bu termini öz rəssamlığında işlətmişdir. “Keçmişə baxış-diptix”i və “3 hissəli simfoniya-triptix”i deyilənlərə bir aşkar nümunədir.

“Keçmişə baxış” diptixi 2 fərqli görünüşlü dolçanın bənzər koloritli fonlarda təsviridir. Rəngarəng fonun önündə duran ayrı-ayrı rəsmlərdəki dolçaların birinin arxasında mavi, digərinin arxasında narıncı rəngdə dairələr əks olunur.

Bir çox rəssamlar hər hansısa nişanı simvolikləşdirərək öz yaradıcılığının əsas qayəsindən xəbər verirlər. Məsələn, T.Nərimanbəyov rəsmlərində həmişə nar meyvəsini simvolikləşdirir. A.Məlikovun da yaradıcılığında bu kimi prinsip var. O, demək olar ki, rəsmlərinin çoxunda dairəni gah günəş, gah ay, gah həyatı rəmz kimi göstərir. Dairə onun yaradıclığında sanki “başlanğıc və son” fikrini əlamətləndirir. Dairə onun üçün silsilənin tamamlanmasını, 360 dərəcədə dönməsini təkcə riyazi-həndəsi fikir kimi deyil, həmçinin öz həyatının hər hansısa mərhələsinin başlanğıc və son nöqtəsinin dövrəyə baş vurmasından xəbər verir. Onun məhz “Keçmişə baxış” rəsmi də bizdə müəyən qədər bu fikri aşılayır.

A.Məlikovun musiqisinin konkret forması olduğu kimi rəsmlərinin də özünəməxsus formaları var. Məsələn, “Fantaziya”, “3 hissəli simfoniya” rəsmləri özündə konkret, vahid forma cizgilərinə malikdir. Öncə qeyd etməliyik ki, simfoniya musiqidə iri həcmli instrumental janrdır. Lakin simfoniya həmdə XX əsrdə rəssamlığa da bir janr kimi daxil olur. İlk dəfə “simfoniya” janrı rəssamlığa Ceyms Uistlerin “Ağ rəngli simfoniya N1” əsəri ilə daxil olur. Həmin əsərdə rəssam simfoniya kimi ağ paltarlı gözəl bir xanımın təsvirinə bu adı verir. A.Məlikov isə C.Uistlerdən fərqli olaraq öz “3 hissəli simfoniya” kompozisiyasına rəssam-musiqiçi kimi yanaşaraq, zənnimcə onu musiqili formanın rəsmdəki təsviri kimi qəbul edir. Yəni onun üçün rəsmdəki simfoniya musiqili janr olan simfoniyanın rəsmdəki koloritli, rəngarən görünüşüdür. Rəsmdə forma hiss olunacaq dərəcədə duyulur. Əsərdə demək olar ki, bütün rənglər var. Həmin rənglər, fikrimizcə, orkestrdəki alətlərin boyalar vasitəsilə əksidir. A.Məlikov orkestr koloritini düzgün və gözəl seçdiyi kimi, rəsmlərinin də rəng koloritlərini də məharətlə seçməyi bacarır.

Simfoniyanın 1-ci hissəsində sarı rəngli yarımçıq dairə və yaşıl ay təsvir edilib. Görünür həmin dairə onun simfoniyasının başlanğıcıdır. Həmin rəsm elə bir konsepsiyada qurulub ki, sanki insana gecənin sonu və sübhün açılmasından xəbər verir. Bu hər hansısa mərhələnin başlanğıcından xəbər verir. 2-ci hissədə isə həmin dairə günəş kimi parlq və tam şəkildə təvir edilib. Sanki günorta çağıdır və ya insan həyatının keçdiyi hər hansısa mərhələnin ən parlaq səhifəsidir. Yəni, bu mərhələdə insan günəş kimi parlayır, günəş tək qürdrətlidir, həyatının ən işıqlı dövrünü yaşayır. 3-cü hissədə isə rənglər nisbətən tündləşir, solğunlaşır. Həmin rəsmdə dəniz və buludlar əks olunub. Ən maraqlı məqam burasındadır ki, sanki günəş qürub edir, ayın arxasına keçərək batır və yarımçıq ay uzqdan görsənir. Bu hissədə Arfi Məlikov rəssam fırçası ilə musiqiçi Arif Məlikovun yaradıcılığının müəyyən mərhələsinə yekun vurur. Kompozisiya avanqard üslubda çəkilsə də, əsəri diqqətlə izlədikdə rəssamın fikri insana tədricən aydın olur. Qeyd edək ki, “3 hissəli simfoniya-tiptix” 1989-cu ildə çəkilmişdir, lakin onu bəstəkarın simfonik musiqisi ilə də əlaqələndirmək olar. Hərçənd, A.Məlikovun bəstəkarlıq yaradıcılığında 3 hissəli simfoniyaya rast gəlinmir. Ancaq, bu “ 3 hissəli simfoniya” forma etibarı ilə bəstəkarın Heydər Əliyevə həsr etdiyi VIII “Əbədiyyət” simfoniyasına yaxındır. Belə ki, bəstəkar 1 hissə daxilində 3 hissəli bölgü yaratmışdır. Bu simfoniya barədə bəstəkar öz qeydlərində belə söyləmişdir:

“VIII simfoniya üçün mən qeyri-adi forma düşünmüşdüm. Simfoniya 3 bölümdən ibarətdir. I bölümdə dahi N.Hikmətin 6 fəlsəfi şeirinə musiqi yazılmışdır. II bölüm üçün sanki başlanğıcdan zirvəyə qədər qeyri-adi forma düşünmüşdüm. Bu bölüm üçün bir orkestr kifayət etmədi. İfa zamanı orkestr lent yazısı səslənən zaman daha 2 orkestr əlavə olunmuşdur. Burada musiqi ifadəliyinin müasir vasitələrindən biri istifadə edilmişdir. Musiqi zirvəyə çatıb qəflətən kəsiləndə, sükut içində görkəmli Azərbaycan şairi Almas İldırımın “Azərbaycan” şeirinə musiqinin səsi artır. Yekun olaraq, simli orkestrın akkordlarının fonunda royal səslənir. Bu bölümdə təskinlik, sakitlik, əbədiyyətə qovuşma baş verir”.

Məhz A.Məlikovun “3 hissəli simfoniya”rəsmi də bu ideyanı əks etdirir. Doğrudur, VIII simfoniya “3 hissəli simfoniya-tiptix”indən çox-çox sonra yazılıb. Lakin rəsm və musiqili simfoniyalar arasında heç bir uyğunluğun olmamasını da vurğulamaq tam düzgün olmazdır. İnsan hər hansısa bir əsəri yazdığı halda, onun bu əsərini məhz həmin dövrə şamil etmək doğru deyil. Çünki, sənətkar hər hansısa bir əsəri yazıb-ortaya qoyduqda, anlamaq lazımdır ki, bəlkə bu əsərdə bəstəkarın ortaya qoyduğu hiss, həyəcan, fəlsəfi baxışlar onun daha çox uzaq illərədən, ömrünün erkən çağından onu düşündürən fikirlər toplusudur? Hətta, bəzən elə olur ki, bəstəkar onu narahat edən ideyaları bədii əsərə çevirməzdən öncə müxtəlif janrlı əsərlər bəstələyərək bu ideyaları məhz o əsərlərdə açıb-göstərməyə tələsmir.Yalnız zaman-zaman bir özəl sənətkar kimi, onu düşündürən ideyaları ömrünün sonrakı illərində yazdığı yalnız son əsərlərində göstərir, onu narahat edən təlatümlü sualların cavabını son əsərlərində tapmağı bacarır. Bu artıq bir çox bəstəkarların yaradıcılığında rast gəlinən, təsdiq olunmuş aksioma, bir teoremdir.

A.Məlikovun yaddaqalan rəsmlərindən biri də “Əbədiyyət” əsəridir. Bu əsər hətta “3 hissəli simfoniya-tiptix”indən də öncə - 1982-ci ildə çəkilərək ərsəyə gəlmişdir.

Bu rəsmdə bəstəkar ağ və qızılı rənglərə, çalarlara yer verərək qeyri-adi bir mənzərə yaratmışdır. Sanki günəş buludların arxasında gizlənir, lakin əbədi olaraq yaşayır. Maraqlı məqam burasındadır ki, bəstəkarın VIII simfoniyasıda “Əbədiyyət” adlanmışdır. Onun “3 hissəli simfoniya” və “Əbədiyyət” rəsmləri daha öncələr yaransa da, lakin həmin rəsmlər onun sonuncu simfoniyası ilə vəhdət təşkil edərək, əbədiyyat haqqında düşüncələrini yaratmış olur. Simfoniya forma cəhətdən qeyri-adiliyi, harmonik dili, sərbəst fakturası, sadəliyin və mürəkkəbliyin uyğunlaşdırılması ilə maraqlıdır. Simfoniyasına xas bütün xarakterik xüsusiyyətlər onun “3 hissəli simfoniya” və “Əbədiyyət” rəsmlərində də öz əksini tapmışdır.
A.Məlikovun yaradıcılığına yalnız “əbədiyyət”lə bağlı mövzular deyil, həmçinin “təbiət” əlaqəli mövzulara da rast gəlmək olar. Güllər, çiçəklər, ağaclar onun rəsmlərinin əsas mövzularından biridir. O, rəngarəng koloritlərə yer verərək, daha çox qırmızı, yaşıl, ağ, mavi, sarı rəngləri çiçəklərində əks etdirir. Onun üçün hər bir rəng xüsusi məna kəsb edir. Təbiətdə 7 səs, 7 rəng mövcud olduğu kimi onun da rəsmlərində də 7 rəng və onlardan əmələ gələn törəmə rənglər əsas yer alır. Bəzən onun rəngləri göy qurşağını xatırladır. Məhz Arif Məlikovun bir-birinə bənzərsiz çiçəklərində də bu abu-hava duyulur.

A.Məlikovun bəstəkar və rəssam kimi bir bərabər vəhdətdə təcəssümü müğənni Brilliant Dadaşovanın klipindən də məlumdur. Həmin klipdə bəstəkar Arif Məlikov gənc müğənniyə rəssam kimi öz sevimli “güllərini” həsr edir.

Arif Məlikovun rəssamlıq dühası ilə yaxından tanış olduqda onun son dərəcədə incə zövqə və orijinal ideyalara malik olduğunu sezmək olar. Sözün əsl mənasında o, öz rəsmlərini bir həvəskar rəssam kimi deyil, əsl peşəkar rəssam kimi çəkir. Onun rəsmlərindən danışdıqda qeyd etmək lazımdır ki, A.Məlikov musiqiçi kimi daxilən klassik olsa da, lakin rəsmlərində klassikadan daha çox bir sıra başqa cərəyanların təsiri duyulur. O, bir rəssam kimi tam fərqli bir mövqedən çıxış edir. Buna baxmayaraq, A.Məlikovun rəsmləri də sanki melodik dilə malikdir. Xüsusilə onun təbiət lövhələrinə həsr etdiyi rəsmlərində bu kimi xüsusiyyətlər daha aydın sezmək olar.

Zənnimizcə, A.Məlikovun rəsmləri onun musiqisi ilə daima vəhdətdədir.

Ümumiyyətlə, bədii əsərlər haqqında qəti fikirlər söyləmək sadəlövhlük olar. Lakin hər bir insanın böyük sənət qarşısında düşünməyə və müəyyən qənaətə gəlməyə haqqı var. Bu haqq hər bir insanın fərdi yanaşmasının nəticəsidir.

Humay Fərəcova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6570
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.2835
KWD 1 Küveyt dinarı 5.6023
SEK 1 İsveç kronu 0.1853
EUR 1 Avro 1.9349
CHF 1 İsveçrə frankı 1.7130
USD 1 ABŞ dolları 1.7000