AZE | RUS | ENG |


Abadlaşan, gözəlləşən qəsəbə

Abadlaşan, gözəlləşən qəsəbə
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər uğurlu nəticələr verməkdədir.

Geniş abadlıq və quruculuq tədbirləri sayəsində paytaxtımızın siması günü-gündən dəyişməkdədir. Yeni tikilən binalar, parklar, xiyabanlar, geniş yollar əhalinin yaşayış şəraitinin daha da yaxşılaşmasına səbəb olur. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı çərçivəsində paytaxtın Binəqədi rayonunda da əməli tədbirlər həyata keçirilməkdə, yeni nailiyyətlərə imza atılmaqdadır. Hazırda bu rayonda əhalinin sosial-iqtisadi durumunun yüksəldilməsi prioritet hədəf seçilib. Getdikcə paytaxtın birincisinə çevrilən rayonda sakinlərlə icra başçısının görüşləri də mütəmadi xarakter alıb. Demək olar ki, Binəqədinin bütün yaşayış məntəqələrində insanların problemləri icra başçısı tərəfindən şəxsən dinlənilib, ilk növbədə sakinləri narahat edən məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb. Təbii ki, belə problemlərin həlli çərçivəsində Binəqədi rayonunun bütün yaşayış məntəqələrində, o cümlədən Binəqədi qəsəbəsində də geniş abadlıq-quruculuq işləri görülüb, sakinlərin yaşayış şəraiti yaxşılaşıb, insanlar sosial qayğılarının bir çoxundan azad olublar.

Qəsəbədəki inkişafı, görülən işləri, sakinlərin xoş güzəranını bilavasitə burada yaşamadan da müşahidə etmək mümkündür. Necə ki, mən, yaşadığım Abşeron rayonunun Mehdiabad qəsəbəsindən hər gün işə gələrkən bunu müşahidə edirəm. Əvvəla ondan başlayım ki, son illərə qədər Binəqədi qəsəbəsi indiki görkəmində olmayıb. İstər Abşeron rayonunun Xırdalan, Mehdiabad, Novxanı, istərsə də Binəqədi rayonunun Rəsulzadə yaşayış məntəqələrindən keçməklə qəsəbəyə daxil olan vətəndaşlar buradakı ürək açmayan mənzərəni hər gün müşahidə ediblər. Belə ki, qəsəbə daxilindəki mərkəzi yollarda asfalt örtüyün sıradan çıxması, iri qabarıqların, su gölməçələrinin yaranması həm sakinlərin, həm də sürücülərin narahatlığına səbəb olub. Üstəlik, küçələrdə işıqlandırma sisteminin ümumiyyətlə olmaması hər tərəfi zülmət qaranlığa qərq edib, həm sürücülərin, həm də piyadaların həyatı üçün real təhlükə yaradı. Sürücülər üçün görüntü məsafəsini daha da məhdudlaşdıran yağışlı axşamların birində, marşrut avtobusu ilə işdən evə gələrkən bu təhlükəyə şəxsən şahidlik eləmişəm.

İki-üç il bundan öncəyə qədər qəsəbədəki məhəllə arası yollarda ümumiyyətlə asfalt örtük yox idi. Bu da hər gün işə-gücə tələsən, uşağını məktəbə aparıb-gətirən sakinlərin üst-başının çirkaba, palçığa batması, ən müxtəlif şəkildə narazılıqların yaranması ilə nəticələnirdi. Bir neçə dəfə bu vəziyyəti mən özüm də şəxsən yaşamışam. Axşam vaxtı qəsəbənin işığa həsrət mərkəzindən Mehdiabad istiqamətinə uzanan yol ilə qaranlıqda 50-60 metr məsafəni qət edincə, ayaqqabılarım palçığa, paltarım isə asfaltdakı çökəkliyə düşən avtomobil təkərinin kənara sıçratdığı çirkab suyuna batıb. Amma indi həmin nahamar, çirkli, palçıqlı yollardan əsər-əlamət qalmayıb. Mərkəzi küçələrlə yanaşı, məhəllə arası yollar da təmir edilib, piyadaların rahat hərəkəti üçün səkilər, insanların zövq almaları üçün yaşıllıq və gülzarlıqlar salınıb. Qəsəbə daxilindən bütün istiqamətlərə doğru uzanan yollarda işıqlandırma sistemləri qurulub ki, bu da yaşayış məntəqəsinin gecələrini də gündüzlər olduğu kimi aydınlığa qovuşdurub. Təbii ki, belə vəziyyət sürücülərin, piyadaların, ən çox isə qəsəbə sakinlərinin rahatlığına xidmət edib və etməkdədir.

179 saylı orta məktəbin qarşısındakı avtomobil yolu isə təmir olunandan sonra da vətəndaşlar üçün təhlükə yaradırdı. Son illərə qədər həm məktəbdən çıxan şagirdlər, həm də qəsəbə sakinləri avtomobillərin sürətlə şütüdüyü bu yolu keçərkən xeyli əziyyətə qatlaşmalı, həyatlarını təhlükəyə atmalı olurdular. Bu problemin aradan qaldırılması üçün məktəbin qarşısından, mədəniyyət evinin girişinə qədər yeraltı piyada keçidi inşa edildi. Gələcəyimiz olan uşaqlar, eləcə də işə-gücə tələsən sakinlər indi rahatlıqla, ölüm təhlükəsi ilə üzləşmədən bu yolda sərbəst hərəkət etməkdədirlər.
Qəsəbədəki təmizliyə, səliqə-sahmana gəlincə, son illərə qədər bu sarıdan da vəziyyət ürəkaçan deyildi. Zibil qutularının olmamasına görə sakinlərin zibili hara gəldi atması, bəzi yolların qırağındakı zibilliklər, şəxsi həyət evlərini əhatə edən bir sıra hasarlara yazılan “Zibilləməyin”, “Bura zibil atanın ölüsünə lənət” kimi şüar-söyüşlər hər gün gördüyümüz mənzərəyə çevrilmişdi. Amma bu gün “Təmiz Binəqədi” layihəsi Binəqədi qəsəbəsində də sözdə deyil, əməldə, şüurlarda təmizliyə hakim kəsilib. Əgər bunun bir səbəbi icra nümayəndəliyi və bələdiyyə tərəfindən müvafiq yerlərə zibil qablarının qoyulması, dolan zibil qablarının xüsusi avtomobillərə boşaldılıb vaxtlı-vaxtında poliqonlara daşınmasıdırsa, digər bir səbəb sakinlərin də öz yaşadıqları ərazini daim təmiz görmək istəməsidir. Hər tərəfdə abadlıq varsa, həyətin, yolun kənarında səliqə-sahman gözə çarpırsa, ətrafda gülzarlıq, yaşıllıq salınıbsa, kim oranı zibilləmək istəyər ki? Bundan başqa, tullantıların çeşidlənməsi ilə bağlı ilk dəfə Binəqədidə reallaşdırılan digər bir layihəyə bu qəsəbə sakinləri də can-başla əməl edirlər. Qəsəbənin ən müxtəlif yerlərində şüşə, polietilen, çörək və qarışıq tullantılar üçün sarı, göy, qırmızı, yaşıl rəngli zibil qabları yerləşdirilib. Bunun sayəsində qəsəbə sakinləri hər bir tullantını onun üçün ayrılmış qaba atmaqla, məişət tullantılarını çeşidləmiş olurlar.

Onu da əlavə edək ki, qəsəbə ərazisində müasir tipli 4 ədəd nümunəvi məişət tullantısı meydançası tikilib ki, zibillərin daşınması ilə bərabər, burada mövcud məişət tullantıları konteynerləri yuyularaq təmizlənir, gündəlik abadlıq və təmizlik işləri aparılır.

Qəsəbə ilə bağlı digər müsbət məqamlar sakinləri məişət qayğılarından azad etmək üçün su, işıq, qaz, kanalizasiya xətlərinin çəkilməsidir. Bunu da ayrı-ayrılıqda qeyd etmək mümkündür. Binəqədi rayon icra hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyevin sözlərinə görə, təkcə ötən il qəsəbə ərazisində məhəllə daxili küçələrə 777 metr kanalizasiya və 29.228 poqonometr müasir standartlara cavab verən su xətləri çəkilib, G.Ramazanov küçəsi, II mədən korpus 93, 73, 168, 170, III mədən korpus 100, 101, 104 ünvanlarına 7400 kvadrat metr asfalt salınıb, 6430 poqonometr qaz xətti çəkilib. Qəsəbənin memarlıq görkəmini daha da yaxşılaşdırmaq məqsədi ilə Mərkəzi küçədən G.Ramazanov küçəsinə və II mədən korpus 93 ünvanına gedən istiqamətdə 3143 kvadratmetr ərazidə hörgü işləri aparılıb, 14757 kvadratmetr fasad rənglənib, 1655 kvadratmetr hissədə yararsız dam örtükləri yenisi ilə əvəzlənib, 7 kilometr məsafədə hasar işıqları çəkilib. Eyni zamanda, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsindən Məscidə gedən istiqamətdə yol kənarlarında olan hasar tikililərinin abadlaşdırılması və piyadalar üçün səkilər çəkilməsi işlərinə başlanılıb.

E.Əliyev ötən il 182 saylı orta məktəbin köhnə korpusunun sökülərək yerində 1400 yerlik müasir standartlara uyğun yeni tədris korpusunun inşa edildiyini, ölkə başçısı İlham Əliyevin iştirakı ilə sentyabr ayında açılışının olduğunu, eyni zamanda qəsəbənin mərkəzində 112 il bundan əvvəl tikilmiş Mədəniyyət evinin İnvestisiya proqramı çərçivəsində əsaslı təmir edildiyini, Binəqədi qəsəbə icra nümayəndəliyi üçün yeni inzibati bina tikildiyini bildirib. Hazırda 62 min nəfərə yaxın əhalinin yaşadığı qəsəbənin I mədən korpus 43 (təzə yol) ünvanında 700 metrlik məsafədə "Azəryolservis" tərəfindən 400 diametrli və 600 diametrli borular ilə kanalizasiya xətlərinin çəkilişi işləri gedir. Bundan başqa, qəsəbənin I mədən 4-cü korpusda (“Şəki” restoranının yanında), I mədən 8-ci korpusda (Binəqədi-Biləcəri yolu istiqamətində) və Binəqədi-Mehdiabad yolunda (“Abşeron” Petrolun arxasında) fövqəladə hallar nazirliyinin 3 yanğından mühafizə idarəsinin bölmələrinin tikintisi başa çatdırılmaqdadır.

E.Əliyev Rayon İcra Hakimiyyətinin 2015-ci il üçün tərtib etdiyi tədbirlər planında qəsəbənin sosial-iqtisadi inkişafı naminə xeyli işlərin görüləcəyini də qeyd edib. Onun sözlərinə görə, cari ildə qəsəbədə 240 nəfərlik uşaq bağçasının, 205 saylı orta məktəbin həyətində əlavə korpusun tikintisi, Binəqədi İdman Kompleksi ilə üzbəüz ərazidə istirahət və əyləncə parkının salınmasını nəzərdə tutulub. Bununla yanaşı, o, qəsəbə ərazisində bir sıra həlli vacib problemlərə də toxunub. Deyib ki, əlavə uşaq bağçası və məktəb tikintisinə, qəsəbənin I mədən korpus 43, 44, 45, 46, 47, II mədən korpus 73, 74, 83, 86, 87, 89, III mədən korpus 90, 92, 100, 104, 108, 110, 140, 143-də, həmçinin İsfahani, C.Cabbarlı, Ə.Qarayev, M.Ələkbərov, 4 saylı ETK-nın arxası və “Zəngəzur” şadlıq sarayı ilə üzbəüz yaşayış massivlərində kanalizasiya xətlərinin çəkilişinə ciddi ehtiyac var.

Ümid edirik ki, görülən işlərin nəticəsi olaraq, getdikcə paytaxtın birincisinə çevrilən Binəqədidə eyniadlı qəsəbə rayonun birincisi adına iddialı olacaq.

Rufik İSMAYILOV

Yazı Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa oyunları ərəfəsində elan etdiyi “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim olunur

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001