“Az gəzdik, az yatdıq, çox işlədik, inandıq və vaz keçmədik” – Startap
Azərbaycan
Dövlət İqtisadiyyat Universitetini mühasibat uçotu ixtisası üzrə bitirib, ali
təhsil aldığı sahə üzrə də fəaliyyət göstərir. Lakin proqramlaşdırmaya olan
həvəsi onu eyni zamanda bu istiqamət üzrə də irəliləməyə vadar edib. Artıq uzun
müddətdir ki, həm də proqramçı kimi çalışır. Deyir ki, işə yeni saytlar yığaraq
başlayıb. Müsahibimiz ayyarım öncə rəsmi açılışı edilən AdsGarden.com -
Rəqəmsal Reklam Platformasının ortaq qurucusu Fərid Kərimovdur.
"Bu həvəs əsgərlikdən sonra yarandı”
Fərid
bu sahəyə marağının hərbi xidmətdə olduğu zaman yarandığını deyir: "4-5 ildir
ki, mühasib olaraq çalışsam da, müəyyən saytların texniki işlərini də görürəm.
Uşaq vaxtı kompüterə elə də marağım olmayıb. Bu həvəs daha çox əsgərlikdən
sonra yarandı. Universitet vaxtı az-çox öyrənmişdim, əsgərlikdə kompüterlə
işləməyə adam axtaranda, özümü qabağa verdim ki, mən bilirəm. Elə həmin dövrdən
yavaş-yavaş bu sahəyə yönəldim. Bu sahə üzrə xüsusi təhsilim yoxdur, lakin
içimdəki maraq məni bu sahəyə çəkirdi. Əsgərlikdən gəldikdən sonra
bacarıqlarımı genişləndirmək üçün internetdə bununla bağlı araşdırmalar edib,
bilmədiklərimi də öyrənməyə çalışdım”.
"Böyük reklam agentlikləri layihəmizlə maraqlanmağa
başlayıb”
Fərid
deyir ki, onda "AdsGarden” startapını yaratmaq
ideyası texniki dəstək göstərdiyi saytların tez-tez üzləşdiyi problemləri
görəndən sonra yaranıb: "İşlədikcə gördüm ki, Azərbaycan saytlarının böyük
əksəriyyəti reklam tapmaqda çətinlik çəkir, öz trafiklərini qazanca çevirə
bilmirlər. Ayrıca olaraq, reklam bannerlərinin yerləşdirilməsi, onların statistikasının
izlənilməsi və analizi baxımından da problemlər var idi. Bu zaman düşündüm ki,
bütün bu problemlərin həlli üçün avtomatlaşdırılmış vahid platformanın
yaradılması pis olmazdı. İstənilən startapın uğurlu olmasını şərtləndirən vacib
amillər var: sənin ideyana bazarda nə qədər ehtiyac var, rəqiblərin varmı və s.
Məlum oldu ki, bizə qədər bu ideyanı bir neçə dəfə həyata keçirməyə çalışsalar
da, uğur qazana bilməyiblər. Onların harda səhv buraxdıqlarını araşdırmağa və
dünya təcrübəsini öyrənməyə başladıq. İdeyamız və ilkin strategiyamız tam
aydınlaşandan sonra həvəslə işə başladım, artıq bir neçə aydan sonra sistem
test versiyada işləməyə başladı və qısa müddətdə onlarla sayt ətrafımızda
birləşdi.
Qlobal
platformalarla uğurlu əməkdaşlığımız nəticəsində saytlarda boş reklam yerlərini
doldura bildik. Nəticədə həm onlar, həm də biz qazanmağa başladıq. Amma
sistemin inkişaf etdirilməsi, test versiyanın başa çatdırılması da uzun
zamanımızı aldı. 2 illik çalışmalardan sonra komandamıza Türkiyədən də
proqramçılar qatıldı və işlər sürətləndi. Nəhayət, bu il sentyabrın 1-də artıq
yeni versiyada və geniş funksiyalarla "adsgarden.com”u rəsmən hamıya açıq elan
etdik. Hazırda platformadan yüzlərlə yerli sayt və onlarla reklamçı bəhrələnir.
Böyük reklam agentlikləri də sistemimizlə maraqlanmağa başlayıb”.
Fəridin
sözlərinə görə, "Ads garden" ingliscədən tərcümədə "reklamlar bağı”
deməkdir. O əminliklə bildirdi ki, artıq bu bağı sala biliblər: "Amma bütün
bağlar kimi, "AdsGarden" də daimi qulluq və xidmət tələb edir. Necə deyərlər,
arxayınlaşmaq olmaz".
"Bizim startapdan hər kəs qazana biləcək"
Fərid
Kərimovun fikrincə, "adsgarden.com" təkcə saytlara yox, hamıya
qazandıran sistem olacaq: "İl ərzində "Facebook" və
"Google" kimi reklam platformalarına Azərbaycandan reklam qarşılığında
milyonlarla manat vəsait axır. İlk növbədə, bizim platforma bu pulların xaricə
axınının qarşısını almaq üçün bir fürsətdir. Deməli, nəticədə dövlət qazanacaq.
Qiymətlərimiz və şərtlərimiz qlobal şirkətlərlə müqayisədə daha sərfəlidir.
Şirkətlər həm də internetdə reklam yerləşdirmək üçün sayt-sayt, qapı-qapı
gəzmək, böyük vaxt və enerji itirmək məcburiyyətində qalmayacaq. İndi istənilən
şirkət cəmi 5-10 dəqiqə kimi qısa bir zaman içində onlarla saytda öz
reklamlarını yerləşdirə bilər. Bu zaman həm vaxtına, həm büdcəsinə ciddi
şəkildə qənaət etmiş olacaq. Üstəlik, öz şəxsi kabineti vasitəsi ilə canlı
olaraq reklamlarının effektivliyini izləyə, onlara müdaxilə edə bilər. Reklamçı
hansı saytda nə qədər göründüyünü, nə qədər klik aldığını ölçə, istədiyi saytı
siyahıdan çıxara və ya əlavə edə bilir. Birbaşa öz hədəf kütləsini təyin edir
və reklamlarını birbaşa onlara göstərmək imkanı olur. Deməli, şirkətlər də
qazanmış olur”.
Müsahibimiz
deyir ki, yaxın zamanlarda internetin mövcud olduğu bütün cihaz və
platformalarda adi vətəndaşlara da reklam tirajlamaq və qazanmaq imkanı
veriləcək: "Deməli, "Facebook", "Whatsapp",
"Telegram" və sair sosial şəbəkələrdə aktiv profilləri olan istənilən
şəxs, hətta evdar xanımlar da bizim platformadan pul qazana biləcək. Bu mənada
biz qlobal rəqiblərimizdən nəinki geri qalırıq, hətta bir sıra üstün
cəhətlərimiz də var".
Əvvəl evin içi, sonra çölü...
Müsahibimizin
sözlərinə görə, hazırda Azərbaycanda onlara rəqib ola biləcək hər hansı güclü
və ya zəif bir platforma yoxdur: "Bu bizə bəzi üstünlüklər qazandırsa da,
arxayınçılığın təhlükəli olduğunu düşünürük. Ona görə də bütün komanda daim
sistemin təkmilləşdirilməsi və yeni imkanların yaradılması üzərində işləyir.
Qlobal bazarda saysız-hesabsız rəqiblər var Rəqabət mühitində çalışmağın bizi
daha diri qalmağa sövq edəcəyini düşünürəm. Ona görə də bəzi hazırlıqları
yekunlaşdırıb, 2018-ci ildən etibarən addım-addım yaxın region ölkələrinə
açılmağı hədəfləyirik. İlk hədəfimiz Türkiyə olacaq. İki ortağımızın Türkiyədən
olması, onların əlaqələri başlanğıc üçün əlavə avantajdır. Həm də Türkiyə böyük
bazardır, aktiv internet istifadəçilərinin sayına görə Avropada ilk beşlikdə
olan ölkədir. Türkiyəni seçməyimizin səbəblərindən biri də budur. Doğrudur,
belə böyük və mürəkkəb bir bazarda pay sahibi olmaq çətin olacaq, amma bunun
mümkünlüyünə inanırıq".
"Layihənin üzərində az qala 3 il hər gün çalışdıq”
Fərid
öz ideyasını startapa çevirmək istəyən gənclərə bəzi məsləhətlərini də verdi:
"Əslində hər kəsin ideyası ola bilər. Fərqli ideyanın olması hələ əsas deyil.
İşə başlayan hər kəs bunu sona qədər apara biləcəyini düşünməlidir. Deyəsən,
Mark Zukerberqin sözüdür. Deyir ki, heç bir ideya başlanğıcda kamil olmur,
davamlı zəhmət, düzgün yanaşma, ardıcıllıq həm ideyanı mükəmmələ yaxınlaşdırır,
həm də uğur gətirir. Bir startap ideyası yarandısa, öncə düzgün bazar
araşdırması aparılmalı, rəqibləri varsa, onların zəif və üstün cəhətləri
müəyyənləşdirilməli və buna görə strategiya hazırlanmalıdır. İşə başlayan hər
kəs həm xərclərini optimallaşdırmalı, həm də uğurun dərhal gələcəyini
gözləməməlidir. Biz layihəmiz üzərində az qala 3 il hər gün çalışdıq. İstirahət
etmədik, az gəzdik, az yatdıq, çox işlədik, inandıq və vaz keçmədik. Komanda
üzvlərimizin bir-birinə güvənməsi də az rol oynamadı".
Günel
Azadə