• cümə axşamı, 25 aprel, 13:26
  • Baku Bakı 23°C

Çayxanaların od tutub yanan qiymətləri

30.07.13 08:40 6394
Çayxanaların od tutub yanan qiymətləri
İsti yay günlərində əhalinin istirahət etmək üçün üz tutduğu məkanlardan biri də çayxanalardır. Bu məkanlarda cəmiyyətin müxtəlif zümrələrində təmsil olunan insanlara rast gəlmək mümkündür. Yəni həm fəhlə, həm alim, həm ziyalı, həm məmur, həm də tələbələr çayxanalara üz tutur, fikir mübadiləsi aparırlar. Havaların isti keçməsi isə çayxanaların dolub daşmasına səbəb olur. Xüsusilə şəhərin mərkəzində və dənizkənarı milli parkdakı çayxanalarda insan əlindən tərpənmək mümkün deyil. Lakin müasir adı ilə çay evləri adlandırılan istirahət guşələrində çay içmək üçün sözün əsl mənasında cibi dolu olmaq lazımdır. Çünki şəhərdə fəaliyyət göstərən çayxanalarda qiymətlər od tutub yanır. Biz də əhalinin narazılığına səbəb olan çay evlərindəki qiymətlərlə maraqlanmaq üçün kiçik bir araşdırma apardıq.
15 manata 1 çaynik çay
Yolumuzu ilk olaraq yay aylarında əhalinin daha sıx olduğu Dənizkənarı Milli Parkdan saldıq. Məlum oldu ki, burada fəaliyyət göstərən çay evində kiçik çay dəsgahına görə müştərilərdən 15 manat pul alınır. Dəsgahın tərkibinə isə 1 çaynik çay, qənd və limon daxildir. Ofisiant bizimlə söhbətində bildirdi ki, bulvarda ən ucuz çayın qiyməti 10 manatdan başlayır. Onun sözlərinə görə, bu il qiymətlər normaldır, keçən il yayda Şüşəli çayxana kimi tanınan istirahət evində 5 nəfərlik dəst 40 manata satılırmış. Bundan əlavə, Milli parkda çay içmək istəyənlər mütləq çay dəsgahı sifariş verməlidirlər. Məsələn, "Cafe in Bulvar"dakı çay dəsgahını 15 manata sifariş etmək mümkündür. "Mirvari" və "Lalə Kafe"də (Efes) isə dəsgahın qiyməti 15-25 manat arasında dəyişir.
Cavid parkındakı özbaşınalıq
Hüseyn Cavid parkında fəaliyyət göstərən çay evində çayın qiyməti isə 10 manatla 30 manat arasında dəyişir. Belə ki, başqa yerlərdə olduğu kimi buradakı çayxanalarda da sadə çay verilmir, çay içmək istəyənlər mütləq çayın yanında nə isə sifariş verməlidirlər. 10 manatlıq çay dəsgahına 1 çaynik çay, limon və mürəbbə daxildir. Əgər çayın yanında qəlyan və şirniyyat sifariş verilərsə, bu zaman çay müştəriyə 30 manata başa gəlir. Maraqlısı odur ki, 30 manatlıq çay dəsgahına daxil olan azuqələrin qiymətlərini ayrılıqda hesabladıqda əhalidən 3 qat artıq pul alındığı məlum olur. Qiymətlərin bu qədər baha olması çayxanaya gələnlərin də narazılığına səbəb olur. Hüseyn Cavid parkındakı çay evində dəfələrlə oturduğunu söyləyən tələbə Günay Mənsimova bildirdi ki, hər dəfə eyni çay dəsgahını sifariş etməsinə baxmayaraq, ondan müxtəlif məbləğ alırlar: “1 gün əvvəl 7 manat ödədiyim çay dəsgahına 2 gün sonra 10 manat tələb edirlər. Üstəlik, çek də vermirlər. Səbəbini soruşduqda isə “bizlik deyil” deyərək sözün əsl mənasında “yola verirlər”. Bu qədər də insafsızlıq olmaz axı. Burada insanları bu üsulla soyurlar”.
Ofisiantın pul tələsi
Çayxanalarda qiymətlərdən narazı olan müsahibimiz Ruslan Mehdiyevin sözlərinə görə Nizami metrosu yaxınlığında yerləşən “5 qazan” adlı restoranda da müştərilər soyulur: “Bundan bir neçə gün öncə dostumla birlikdə bu restoranda çay içdik. Bizim hesablamalarımıza görə 10 manat pul ödəməli idik. Lakin ofisiant bizə “20 manat ödəməlisiniz” deyəndə çeki tələb etdik. Burada adi konfetə 5 manat yazmışdılar. Amma qiymətləri nə qədər qaldırsalar da ümumi məbləğ 18 manat edirdi. 2 manatı isə ofisiant özü üçün tələb edirmiş”.
Yasamal rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən parkda fəaliyyət göstərən çayxanada da vəziyyət ürəkaçan deyil. Belə ki, burada da qiymətlər kəllə-çarxa çıxıb. Çayxanada xüsusi tərtibatı olan yerlərdə 1 saat oturmaqla çay dəsgahı sifariş vermək 25 manata başa gəlir.
Şəhərin tanınmış çay evlərindən biri də “28 may” metro stansiyası yaxınlığında yerləşən “50 qəpik” çay evidir. Burada çay içmək üçün ən münasib qiymət 15 manatdır. Ümumilikdə qiymətlər 15 manatdan başlayır, 50, 60, 100 manatadək davam edir. Araşdırmalarımız nəticəsində məlum olur ki, şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən çay evlərində adi çay süfrəsinin qiyməti 15 manatdan başlayıb 50 manata çatır. Qəribədir, çay sifariş verilən zaman müştərinin istəyindən asılı olmayaraq, çayla yanaşı süfrəyə günəbaxan halvası, çərəz, buğda qovurması, paxlava, cürbəcür mürəbbə, müxtəlif şirniyyat və təamlar da düzülür. Tanışıyla çay içmək arzusuyla "Çay evi"nə gələnlər bu təamlardan istifadə edib-etməmələrindən asılı olmayaraq, masaya düzülən nə varsa, haqqını ödəməlidirlər.
Çay evlərindəki biabırçılıqlar
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, çayxanalarda çaya qoyulan qiymətlər və insanların çay içən zaman seçim şansının olmaması böyük biabırçılıq və istehlakçının hüquqlarının kobud şəkildə pozulmasıdır: “Bu məsələ ilə bağlı bizə hər həftə 2-3 telefon zəngi və yazılı şikayətlər gəlir. Xüsusilə Dənizkənarı Milli Parkda “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə böyük biabırçılıqlar yaşanır. Mən belə vəziyyətin düzəlməsi üçün dəfələrlə dövlət orqanlarına müraciət etmişəm. İstehlakçının seçim hüququ var, o özü bilər mürəbbəli çay istəyir, ya qəndlə içir. Bununla yanaşı, istehlakçı istifadə etdiyi məbləğin müqabilində pul ödəməlidir”.
Mənzərəyə baxdın, pulunu ödə...
E.Hüseynovun sözlərinə görə, Dağüstü parkda açılan yeni restoranda bir stəkan çay içsən belə 25 manat ödəməlisən. Səbəbi isə odur ki, orada dənizə tərəf baxırsan, mənzərədən həzz alırsan: “Bunlar anormal hərəkətlərdir. Ölkədə 1 çaynik çaya görə 30-40-60 manat pul ödənilir. Bu vəziyyət istehlakçılar arasında ikrah hissi doğurur və Azərbaycanda turizmin inkişafına böyük zərbə vurur. Xaricdən gələn qonaqlar da bu özbaşınalıqların şahidi olur”.
“Müştəri bahalı xidmətdən yararlanmağa sövq edilir”
İqtisadçı ekspert Pərviz Heydərov bizimlə söhbətində bildirdi ki, ölkədə fəaliyyət göstərən yüksək səviyyəli obyektlərdə, otellərdə və digər xidmət sahələrində öncə müştərilərin tələb səviyyəsi müəyyən edilməli və qiymətlərdə məhz bunun əsasında təşəkkül tapmalıdır: “Ümumiyyətlə, iqtisadi nöqteyi-nəzərdən hər şeydə olduğu kimi xidmətdə də qiymətləri müştərilər formalaşdırmalıdır. Hər hansı xidmət obyektində xidmətin səviyyəsinin yüksəldilməsinə ehtiyac da bu zaman yaranır. Bizdə isə tərsinədir. İstehsalçılar müştəriləri yüksək səviyyəli və bahalı xidmətdən yararlanmağa sövq edirlər. Bu da ondan irəli gəlir ki, bu sahəyə pul yatıranlar və həmin xidmət obyektlərini açanlar əslində, sözügedən sferadan çox uzaq adamlardır”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər